Rusiyaya Tacikistanda qurulan tələ? - İŞİD və “Əl-Qaidə”-yə də yol açılır
6-07-2021, 21:26

1037 nəfər Əfqanıstan əsgəri canını qurtarmaq üçün iyulun 4-dən 5-ə keçən gecə Tacikistanı tərk edib.
Bu barədə Tacikistan sərhədçiləri məlumat verib. Son 24 saat ərzində “Taliban” terror təşkilatının Əfqanıstanın Badaxşan vilayətindəki Xaxan, Şikai, Nusai, Mohimai, Şuğnan və Sultan İşkaşım bölgələrini ələ keçirdiyi bildirilir.
Bu rayonlar Tacikistanın Dağ-Bədəxşan Muxtar Vilayəti və Xatlon Bölgəsi ilə 910 kilometrlik sərhəddədir.
Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin verdiyi məlumata görə, Şoxiddin rayonunun Şamsiddin rayonunda 104 nəfər, Darvoz rayonunun Ruzvay rayonunda 213 nəfər, Nulvənd rayonunda 83 nəfər saxlanılıb. Tacikistan ərazisinə Xumrogi Vəncdən 173 nəfər, Tem Xoruqdan 312 nəfər, İşkaşımdən 102 nəfər və İşkaşım şəhərinin Ləngər rayonundan 50 nəfər daxil olub. Tacikistan sərhəd xidməti açıqlamasında mehriban qonşuluq münasibətləri və Əfqanıstanın daxili işlərinə qarışmamaq üstün tutaraq Əfqan qoşunlarının Tacikistana girməsinə icazə verildiyi qeyd edilir. Çox sayda əfqan əsgərinin Tacikistana tərəf geri çəkildiyi xəbər verilir. Tacikistan sərhədçiləri isə rəsmi açıqlamada digər əfqan əsgərlərinin də qarşıdurmalardan sonra geri çəkilmək ehtimalınən olduğunu deyib.
Son bir ayda “Taliban”ın hücumları qarşısında Tacikistana çəkilən Əfqanıstan hərbçilərinin sayının 1500-dən artıq olduğu bildirilir. Qeyd edək ki, iyulun 4-ü və 5-də Əfqanıstan ordusunun 400 nəfərdən ibarət şəxsi heyəti özünü müdafiə məqsədilə Tacikistan sərhədini keçib. Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarının verdiyi məlumata görə, iyulun 3-ü axşamdan etibarən Əfqanıstanın Bədəxşan əyalətinin Hohon, Şaxribuzurq və Roqiston mahalları ərazilərində vəziyyət daha da mürəkkəbləşdi. Hohon mahalında Ovez sərhəd komendantlığı da daxil olmaqla adları çəkilən əraziləri “Taliban” tamamilə ələ keçirib.
Nəticədə, Əfqanıstan Silahlı Qüvvələrinin 300-dən çox hərbçisi şəxsi heyətini müdafiə etmək üçün Tacikistanın dövlət sərhədini “İstiklol” 5-ci sərhəd zastavası ilə “Sarıqor” 6-cı sərhəd zastavasının “Ş.Şoxin” sərhəd dəstəsinin arasındakı ərazini keçib. Humanizm və mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq geri çəkilən əfqan hərbçilərinin Tacikistan ərazisinə girməsinə icazə verilib. 4 iyul axşamına qədər daha 94 əfqan əsgəri sərhədi keçib. Dövlət sərhədinin hissələrindəki çətin vəziyyət nəzərə alınaraq, Əfqanıstan hökumət qoşunlarının Tacikistan ərazisinə növbəti keçidinin davam etməsi ehtimalı var. Tacikistan və Əfqanıstan sərhədindəki vəziyyətin hələlik Tacikistan sərhədçilərinin nəzarətində olduğu bildirlir.
ABŞ-la əldə olunmuş razılaşmaya əsasən, “Taliban” Əfqanıstan ərazisindən üçüncü ölkəyə qarşı terror məqsədilə istifadə etməmək barədə öhdəlik götürüb. Lakin son günlər Tacikistanla sərhəddə baş verənlər müharibənin faktiki olaraq, qonşu ölkəyə keçməsi kimi qiymətləndirilə bilər. Artıq Özbəkistan da yaranmış vəziyyətdən kifayət qədər narahatdır. Bu isə münaqişənin Mərkəzi Asiyaya yayılması üçün ciddi təhlükə yaradır. Müharibənin radikal dini qrupların mövcud olduğu Mərkəzi Asiyaya transfer etməsi bölgədə terrorçuların fəallaşmasına gətirib çıxara bilər.
Mərkəzi Asiya Əfqanıstan, Şimai Qafqaz və Yaxın Şərq arasında tranzit marşrut rolunu oynayır. Bu regiona nəzarətin “taliblər”in əlinə keçməsi dünyada terrorun yenidən güclənməsi deməkdir. Həmin marşrut yalnız “Taliban” üçün deyil, İŞİD, “Əl-Qaida” və digər terror qruplaşmaları üçün də işlək hala düşə bilər. Bu, xüsusilə Rusiya, Avropa ölkələri, Türkiyə, ABŞ üçün böyük təhlükə yaradır. Əfqanıstanda “taliblər”in qələbəsi xeli sayda qaçqının Mərkəzi Asiya ölkələrinə keçməsinə gətirib çıxara bilər. Bu da öz növbəsində, bölgədə sabitliyi təhdid edən əsas asmillərdən biridir. Əfqanıstandakı müharibənin Mərkəzi Asiyaya yayılması Rusiyanı da bölgədəki geosiyasi nüfuzuna təsir göstərəcək.
Çünki Tacikistan və Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiyanın xaricdəki ən böyük hərbi bazası Tacikistanda yerləşir. Rəsmi Moskva Əfqanıstandakı terrorçuların Tacikistana müdaxilə edəcəyi təqdirdə, 201-ci hərbi bazanın KTMT-dəki müttəfiqni müdafiə etmək barədə öhdəliyə malikdir. Əgər münaqişə Mərkəzi Asiyaya keçərsə, o halda KTMT nizamnaməsinin 4-cü bəndinə əsasən Tacikistanın, Qırğızıstanın və Qazaxıstanın müdafiəsi adıçəkilən alyansın üzərinə düşür. Ancaq KTMT-yə rəhbərlik edən Rusiyanın hərbi əməliyyatlara qoşulması Suriyada olduğu kimi dərin bir savaş meydanına girməsi deməkdir. Bu isə SSRİ-nin 1980-ci illərdə Əfqanıstanda yaşadığı ağır məğlubiyyətin təkrarına gətirib çıxara bilər. Əgər Rusiya öz hərbi müttəfiqlərini müdafiə etməsə, o zaman Türkiyə silahlı qüvvələri vəziyyətə nəzarəti ələ ala bilər. İyunun 30-da Tacikistana və Qırğızıstana səfər edən Türkiyənin müdafiə naziri Hulusi Akarla hərbi yardım haqqında razılaşma əldə olunub.
Əfqanıstanın paytaxtı Kabilin hava limanının təhlükəsizliyini ABŞ-dan təhvil alan Türkiyə regionda yeni hərbi və siyasi güc mərkəzinə çevrilmək imkanı qazanıb.
Qırğızıstanın yeni prezidenti Sadır Japarov Ərdoğan iqtidarı ilə yaxın münasibətləri ilə seçilir. Fətullah Gülənin “Hizmət” hərəkatını terror təşkilatı kimi tanıyan Qırğızıstan hakimiyyəti əvəzində Türkiyədən hərbi dəstək almaq barədə razılığa gəlib. Artıq Qırğızıstanın hərbi doktrinasına dəyişikliklər hazırlanır və yeni sənəd KTMT-yə üzv olmasına baxmayaraq, rəsmi Bişkekə Türkiyə ilə ikitərəfli hərbi əlaqələr qurmaq imkanı verəcək. Eyni zamanda, Türkiyə Tacikistana da Əfqanıstandakı terorçulardan müdafiə məqsədilə hərbi yardım təklif edir. Mediada və sosial şəbəkələrdə yayılan məlumatlara görə, İkinci Qarabağ müharibəsində hərbi müttəfiqi Ermənistana dəstək verməyən Rusiyaya Tacikistan etibar etmir. Ona görə də rəsmi Düşənbə Türkiyə ilə əməkdaşlığa üstünlük verir:
ABŞ-ın Əfqanıstandan çıxartdığı qoşunların bir hissəsini Tacikistanda və ya Özbəkistanda yerləşdirmək cəhdləri yaxın perspektivdə bölgədə geosiyasi rəqbətion artacağını deməyə əsas verir. “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi və münaqişənin miqyasının Mərkəzi Asiyaya doğru yayılması Çinin “Bir kəmər-Bir yol” layihəsinin, eləcə də Çinə gedən enerrji və nəqliyyat marşrutlarının reallaşmasına problem yarada bilər. Bu baxımdan, bölgədə qeyri-sabitliyin yaranması Çinin maraqlarına ziddir. Ona görə də yaxın perspektivdə Mərkəzi Asiya uğrunda Rusiya, Türkiyə, ABŞ və Çin arasında böyük geosiyasi rəqabətin başlanacağı gözlənilir.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Cümhuriyət” qəzetinə bildirib ki, bölgədə münaqişənin yeni müstəbviyə keçməsi Rusiya və Türkiyə arasında geosiyasi maraqlar toqquşmasını artıracaq:
“Barak Obamanın prezidentliyi dövründə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması məsələsi gündəmə gələndə Rusiya ekspertləri bundan çox narahat idi. Onlar bildirirdi ki, ABŞ və NATO qoşunları Əfqanıstanı tərk etdikdən sonra “Taliban” hakimiyyəti ələ keçirəcək. Nəticədə, “Taliban”ın Mərkəzi Asiyaya təsirinin artması prosesi başlayacaq. Ona görə də hələ 2014-cü ildə Rusiya kəşfiyyatı “Taliban” və Pakistan xüsusi xidmət orqanları ilə danışıqlara başlayır. Yəni bu proses gözlənilən idi. Yeni dəyişiklik ondan ibarətdir ki, Türkiyənin həm dünyada, həm də regional proseslərdə geopolitik nüfuzu artıb.
Bu baxımdan, Rusiya-Türkiyə münasibətlərində rəsmi Ankaranın əlində əlavə təsir vasitəsi yaranıb. Bundan necə istifadə etmək Türkiyə dövlətindən asılıdır”.
Politoloq bildirdi ki, KTMT-nin Əfqanıstandan gözlənilən hərbi müdaxiləyə qarşı cavab addımları atması yalnız Rusiyadan asılıdır. Rusiyadan başqa, KTMT-yə daxil olan heç bir ölkənin Əfqanıstandan gələn təhlükənin qarşısını almaq üçün real hərbi gücü yoxdur:
“Ermənistan da KTMT-yə ümid edirdi. Amma nəticəsi olmadı. Görək KTMT özünü burada necə göstərəcək? Əslində, burada söhbət Rusiya, ABŞ, Çin və Türkiyə kimi böyük oyunçulardan gedir. Geopolitik qarşıdurma Əfqanıstan məsələsinə görə Mərkəzi Asiyada da güclənəcək. Tacikistan hazırda Rusiyadan asılıdır. Əgər Rusiya özünü doğrultmasa, Düşənbə ümidini ABŞ, Türkiyə kimi başqa ölkələrə dikəcək. Bu, Pakistan da ola bilər. “Taliban”la dərin münaqişəyə girmək Rusiya üçün arzuolunmazdır”.