Gündəlik qəzetin yayımı dayandırıldı, Baş redaktor həbs edildi
12-07-2021, 07:02

Çinin Hong Konq muxtar bölgəsində yayımlanan müxalifyönümlü "Apple Daily" qəzeti bu gündən yayımını dayandırıb.
Hafta.az-ın yazdığına görə, bu xəbərdən kefsiz olan dünyanın 21 ölkəsi etiraz bəyanatı yayıb. "The Hill"in xəbərinə görə, media azadlığını və jurnalistlərin təhlükəsizliyini müdafiə etmək üçün 2019-cu ildə qurulan Media Freedom Coalition (Media Azadlığı Koalisiyası) vasitəsilə yayımlanan ortaq bəyanata ABŞ, Avstraliya, Avstriya, Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İslandiya, İtaliya, Yaponiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Slovakiya, İsveçrə və İngiltərə imza atıb.
Bəyanatda deyilir ki, "Apple Daily" qəzetinin dövlət tərəfindən bağlanılması və müxbirlərinin həbs olunması adıçəkilən dövlətləri ciddi narahat edir. Üstəlik, qəzetin bağlanılması Hong Konqun xüsusi muxtariyyətini və orada yaşayan insanların haqq və azadlıqlarını da ciddi şəkildə baltalayır.
Qeyd edək ki, 21 dövlətin müdafiəsinə qalxdığı "Apple Daily" qəzeti əslində iyunun 23-də yayıma son verdiyini açıqlamışdı, amma bu gündən daha çap olunmur.
Milli Təhlükəsizlik Qanunu əsasında, "Apple Daily" qəzetinin Baş redaktoru və 4 şöbə müdiri "Xarici qüvvələrlə əməkdaşlıq etmə" ittihamı əsasında həbs edilib. Üstəlik, qəzetlə bağlılığı olan üç şirkətin 2,3 milyon dollar həcmində hesabları dondurulub.