“Geri çəkilib, daha uzağa tullanmaq istəyir...” – Erməni əsilli Arsen Avakov Ukraynada nəyə hazırlaşır?
14-07-2021, 18:01

Son günlər Ukraynada diqqət mərkəzində olan mövzulardan biri də erməni əsilli Arsen Avakovun daxili işlər naziri vəzifəsindən istefa verdiyini açıqlamasıdır. Avakov 2014-cü ildən bəri, artıq 7 ildir ki, sözügedən ölkədə nazir vəzifəsini icra edirdi. Onun sonuncu addımı isə hətta ukraynalı ekspertlər üçün də gözlənilməz oldu.
Maraqlıdır, Avakovun bundan sonrakı fəaliyyəti nədən ibarət olacaq?
Mövzu ilə bağlı Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü, deputat Elman Nəsirov Sfera.az-a açıqlamasında bildirib ki, Arsen Avakov Ukraynadakı erməni lobbi və diasporunun birbaşa fəaliyyətinin nəticəsi olaraq bu ölkənin daxili işlər naziri vəzifəsinə təyinat almışdı:
"Ukraynada hakimiyyətlər dəyişə də Avakov öz postunu qoruyub saxlamışdı. Səbəb isə odur ki, Ukraynada erməni lobbisi kifayət qədər güclüdür və xüsusilə maliyyə imkanlarından geniş istifadə edərək, onun vəzifədə qalmasına nail olmuşdular. Heç kimə sirr deyil ki, Avakovun fəaliyyəti Ukraynanın özündə də birmənalı olaraq erməni maraqlarına xidmət göstərməkdən ibarət olub, ölkənin milli maraqları bir kənarda qalıb. Avakov daha çox kriminal aləmlə əlaqədə olan adamdır, insan oğurluğunda onun adı dəfələrlə hallanıb, ona arxalanıb bu işləri həyata keçiriblər”.
Millət vəkili qeyd edib ki, Avakov təkcə Ukraynadakı azərbaycanlılar arasında deyil, eləcə də yerli əhali arasında kifayət qədər mənfi imicə malik şəxsdir:
"Onun fəaliyyətində çoxsaylı qaranlıq məqamların olması haqqında təkzibedilməz faktlar var. Hazırda məlumatlar yayılıb ki, Avakov geri çəkilib, daha uzağa tullanmaq istəyir. Hətta onun Zelenskinin yerinə iddialı olması ilə əlaqəli Ukrayna kütləvi informasiya vasitələrində də məlumatlar tirajlanmaqdadır. Hesab edirəm ki, Ukrayna cəmiyyəti Avakovun ölkədə hakimiyyətin olimpinə yüksəlməsinə imkan verməyəcək. Kriminal aləmi ilə sıx bağlılığı olan, Ukraynanın milli maraqlarına deyil, erməni maraqlarına xidmət edən bu şəxsin ölkə hakimiyyətinin zirvəsində nə işi var?”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Avakovdan xoşu gəlmirdi, ancaq onu istefaya göndərməyə də risk etmirdi:
"Arsen Avakov yeganə nazir idi ki, postunu 7 il qorumuşdu, o 2014-cü ilin fevral ayından nazir idi. Buna baxmayaraq, yayılan xəbərlərə görə, Avakov prezidentin xahişi ilə istefaya gedir. Demək, ikili arasında qapalı görüş olub. Zelenski Avakovun yerinə nazir postuna tərəfdarı və parlamentdəki komitə rəhbəri Denis Monastırskinin namizədliyini irəli sürüb. Daxili İşlər Nazirliyi yeganə struktur idi ki, Vladimir Zelenski ora nəzarət edə bilmirdi. O Avakovu istefaya məcbur etməklə bu struktura da nəzarəti əlinə keçicərək”.
Politoloqun sözlərinə görə, Avakovun prezidentlik iddiası haqqında məlumatlar var:
"O 2024-cü ildə namizədliyini irəli sürmək istəyir. Arsen Avakov rusdillidir, Xarkovda yaşayıb. Ancaq Avakov eyni zamanda Rusiyanın tənqidçilərindəndir. Yəni, bəzilərinin fikrincə, o həm Ukraynanın mərkəzində, həm də Qərbində müəyyən qədər səs ala bilər. Ancaq ukraynalıların erməni əsilli siyasətçiyə səs verəcəyini proqnozlaşdırmaq çətindir. Bu həm də o siyasətçidir ki, daima Ukraynanın tərəfdaşı – Türkiyə əleyhinə siyasət aparıb, Ukrayna parlamentində "erməni soyqırımı” qətnaməsinin qəbulu təşəbbüsünün "xaç atası” olub”.