İran və Ermənistanın Qarabağda narkotik alveri: - “SEPAH hər il bundan 50 milyard dollar qazanır”

15-10-2021, 18:53           
 İran və Ermənistanın Qarabağda narkotik alveri: - “SEPAH hər il bundan 50 milyard dollar qazanır”
"Təqribən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotik vasitələrin daşınması üçün istifadə edib".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib. Prezident vurğulayıb ki, ötən il Azərbaycan daha əvvəl Ermənistanın nəzarətində olan İranla 130 km-lik dövlət sərhəddi üzərində nəzarəti bərpa etdikdən sonra İrandan Azərbaycanın Cəbrayıl rayonu ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının yolunu kəsdi:

"Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, Ermənistan, təqribən, 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. İşğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, torpaqlarımız işğal altında qaldığı illər ərzində Ermənistan və İranın həmin ərazilərdə narkotik ticarəti ilə məşğul olduğuna dair iddialar səsləndirilirdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu çıxışından sonra artıq deyilənlərin həqiqət olduğu rəsmən təsdiqləndi. Bununla da İranın daha bir çirkli əməlinin üstü açıldı. Ümumiyyətlə, hər zaman Ermənistanın yanında yer alan İranın bütün yalanları son zamanlar ard-arda ifşa olunur.

Politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında bildirib ki, İran hakimiyyəti artıq vəziyyəti o həddə çatdırıb ki, Azərbaycan Prezidenti səviyyəsində obyektiv olaraq ittiham olunur:

“Düşünürəm ki, İlham Əliyev İran rəhbərliyinin Azərbaycana qarşı yersiz ittihamlarına görə bu açıqlamanı verdi. İran artıq vadar etdi ki, Azərbaycan Prezidenti məsələ ilə bağlı bu şəkildə açıqlama versin. Çünki İranın bu hədsiz davranışlarının bir cavabı olmalı idi. Bu məsələlər adekvat olaraq bizi ittiham edənlərin qarşısına qoyulmasa əmin olun ki, onlar daha da irəli getmək üçün müxtəlif yalanlar uyduracaq.

Hesab edirəm ki, bütün bunlar deyilməli və İran həddini bilməlidir. İran anlamalıdır ki, Azərbaycanla anlaşmaqdan və yalanlarına son verməkdən başqa heç bir yolu yoxdur. Təxminən 30 il müddətində ermənilərin işğalı altında olan Azərbaycanın İranla sərhədyanı əraziləri “boz bölgə” adlanırdı. Çünki İranlı iş adamları çox rahatlıqla sərhədi keçərək Azərbaycanın ərazilərində qanunsuz fəaliyyətlə məşğul idi. Bu fəaliyyət nəticəsində Qarabağ terrorçuların lojistik bazasına çevrilmişdi. Ona görə də Qarabağ sanki həmin illərdə “qara dəlik” rolunu oynayırdı. Ermənistan, İran və hətta Rusiyanın hərbçiləri bu “qara dəlik”dən istifadə edərək, Yaxın Şərq terrorçularına rus silahları satırdı. Həmçinin, bu zonadan narkotik ticarəti üçün də geniş istifadə olunub”.

Ekspert bildirib ki, qeyri-rəsmi rəqəmlərə görə, SEPAH hər il sadəcə narkotik ticarətindən 50 milyard dollar qazanıb:

“İnsanların qanı bahasına başa gələn bu gəliri özünü İslam dövləti adlandıran İranda qazanc hesab edirdilər. Guya İslam dövləti yaratdığını elan edən İran əslində, narkotikdən yemlənən ölkədir. Ümumiyyətlə, İran terroru dəstəkləyən dövlətdir və bunu da bütün dünya deyir. Ona görə bu gün İranın bütün müsəlman dövlətləri ilə münasibətləri gərgindir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.