Polşa müdafiə büdcəsini və ordusunun şəxsi heyətinin sayını artırır

19-03-2022, 10:28           
Polşa müdafiə büdcəsini və ordusunun şəxsi heyətinin sayını artırır
Polşa Prezidenti Andjey Duda əsas məqsədi müdafiə büdcəsini və Polşa ordusunda şəxsi heyətin sayını artırmaq olan “Vətənin müdafiəsi haqqında“ Qanunu imzalayıb.

AZƏRTAC xəbər verir ki, prezident sarayında keçirilən mərasimdə dövlət başçısı ilə yanaşı, baş nazir Mateuş Moravietski, baş nazirin müavini Yaroslav Kaçinski, müdafiə naziri Mariuş Blaşak, hökumət, Seym, Senat və silahlı qüvvələrin nümayəndələri iştirak ediblər.

Mərasim zamanı dövlət başçısı bildirib ki, ordu bütün cəmiyyət və vergiödəyiciləri üçün xərclər deməkdir, lakin qüvvətli orduya malik olmaq vacibdir: “Bizim 40 milyon əhalisi olan, Avropanın mərkəzində yerləşən və çətin coğrafi mövqedə olan ölkəmizə layiq gücə sahib olmalıyıq. Bizim əla müttəfiqlərimiz var, amma özümüzü müdafiə etməyi bacarmalıyıq”, - deyə o, keçmiş Prezident Lex Kaçinskinin sözlərindən iqtibas gətirib.

Prezident vurğulayıb ki, imzaladığı qanun “Polşa Silahlı Qüvvələrinin sözün geniş mənasında gələcək inkişafına: onların tam fəaliyyət göstərməsinə və ölkənin milli müdafiəsinə yol açır”.

A.Duda həmçinin qeyd edib ki, bu qanun yeni xüsusi vəziyyətin nəticəsində yaranmış hüquqi akt deyil və onun üzərində iş hələ ötən ilin fevral ayından aparılırdı. O, siyasi tendensiyalardan asılı olmayaraq, Vətənin müdafiəsi haqqında qanunun Polşa siyasətçiləri tərəfindən uğurla həyata keçiriləcəyinə ümid etdiyini bildirib. Dövlət başçısı həmçinin parlamentin hər iki palatasında qanun layihəsinin yedkilliklə dəstəkləndiyini məmnunluqla ifadə edib.

“Vətənin müdafiəsi haqqında” Qanun 820-dən çox maddədən ibarətdir və xüsusilə, müdafiə büdcəsinin artırılmasını özündə ehtiva edir. Müdafiə ehtiyaclarının maliyyələşdirilməsinin hər il dövlət büdcəsindən 2022-ci ildə ÜDM-in ən azı 2,2 faizi, 2023-cü ildə və sonrakı illərdə isə ÜDM-in ən azı 3 faizi həcmində ayrılması nəzərdə tutulur. Qanuna görə, Müdafiə Nazirliyinin rəhbəri ordunun texniki müasirləşdirilməsi üçün xərcləri planlaşdırarkən “Polşanın sənaye müdafiə potensialını və milli müdafiə sahəsində elmi-tədqiqat və təkmilləşdirmə işlərinin xərclərini nəzərə alır”.

Qeyd edilməlidir ki, yeni qanun Polşaya peşəkar hərbçilərin sayını 250 min nəfərə, ərazi müdafiəsi üzrə könüllü dəstələrin tərkibini isə 50 min nəfərə çatdırmağa imkan verəcək. Hazırda Polşa Silahlı Qüvvələrində 112 min peşəkar hərbçi xidmət edir, ərazi müdafiəsi üzrə könüllülərin sayı isə 30 min nəfərə çatır.

Qanun rəsmi dövlət qəzetində dərc olunduqdan 30 gün sonra hüquqi qüvvəyə minəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru