Üç rusiyalı milyarder “Genesis Philanthropy Group”un (GPG) direktorlar şurasını tərk etdi
20-03-2022, 22:59
Rusiyalı sahibkarlar Petr Aven, Mixail Fridman və German Xan ən böyük yəhudi xeyriyyə təşkilatlarından birinin – Genesis Philanthropy Group (GPG) direktorlar şurasını tərk ediblər. İş adamları bu qərarı Aİ ölkələrinin Rusiya qoşunlarının Ukraynaya daxil olmasına görə onlara qarşı sanksiyalar tətbiq etməsindən sonra veriblər.
Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir.
Xəbərə görə, Direktorlar şurasına rusiyalı iş adamlarının əvəzinə xeyriyyəçilər Sanford Kardin və İsrael Qoldşmidt daxil olacaq. “GPG-nin öz missiyasına sadiq qalmaq və son 15 il ərzində qurduğumuz təməllər üzərində fəaliyyətini davam etdirmək üçün üç nəfər direktorlar şurasından istefa verdilər”, – təşkilatın saytında deyilir.
Genesis Group iş adamlarına yəhudi xeyriyyə layihələrinə verdikləri dəstəyə görə minnətdarlığını bildirib. Agentlik qeyd edir ki, onların direktorlar şurasından çıxması, qrupun Ukraynaya 10 milyon dollarlıq humanitar yardım göstərməklə bağlı son vədinə təsir etməyəcək.
Xatırladaq ki, bundan əvvəl Petr Aven və Mixail Fridman “Alfa-Bank”ın direktorlar şurasını tərk etmək qərarına gəlmişdilər. Şuraya Alfa-Bankın prezidenti Oleq Sysuev rəhbərlik edəcək.