Finlandiya şirkəti Rusiya ilə yük daşımalarını bərpa edir - NİYƏ?
30-03-2022, 20:28
Finlandiyanın “VR Transpoint” dəmir yolu şirkəti (yükdaşımalar üzrə dövlət dəmir yolu operatoru VR-nin törəmə müəssisəsi - Red.) martın 30-dan Rusiya ilə əlaqəni bərpa edir. Teref.az yeniavaz.com-a istinadla xəbər verir ki, şirkət daha əvvəl Britaniyanın Rusiya Dəmir Yollarına qarşı tətbiq etdiyi sanksiyalara görə martın 27-dən etibarən sərhəddən daşımaları dayandıracağını bildirmişdi. "Britaniya səlahiyyətliləri və banklarının yenidən işlənmiş şərhinə görə, sanksiyalar bizim əməliyyatlarımıza şamil edilmir", - “VR Group”un baş direktoru Lauri Sipponen deyib. O əlavə edib ki, şirkət ixrac, idxal və tranzit daşımaları davam etdirə biləcək. Eyni zamanda, sanksiyalar altında olan mal göndərənlərə və ya sahiblərinə xidmət göstərməyəcək. Qeyd olunur ki, 2021-ci ildə “VR Transpoint”in yükdaşıma həcmi təxminən 37 milyon ton təşkil edib ki, bu da Finlandiya ilə Rusiya arasındakı yükdaşıma payının təxminən üçdə birinə bərabərdir.