NATO-nun Baş katibi: Ukrayna mövqelərini tədricən möhkəmləndirir

29-09-2023, 09:39           
NATO-nun Baş katibi: Ukrayna mövqelərini tədricən möhkəmləndirir
NATO-nun Baş katibi Yens Stoltenberq cümə axşamı Ukrayna qüvvələrinin şiddətli döyüşlər qarşısında "mövqelərini tədricən möhkəmləndirir" deyib və müttəfiqlərini daha çox yardım göstərməyə, müdafiə istehsalını artırmağa və Ukraynaya silah tədarükünü sürətləndirməyə çağırıb.

Stoltenberq Kyivdə jurnalistlərə "Ukrayna nə qədər güclü olsa, biz Rusiyanın təcavüzünə son qoymağa bir o qədər yaxınlaşarıq" deyib.

Prezident Volodimir Zelenski ilə birlikdə danışan Stoltenberq NATO-nun Ukraynaya əsas silah-sursat üçün 2,5 milyard dollarlıq çərçivə müqavilələrinin olduğunu bildirib.

Stoltenberq deyib ki, Ukraynaya müharibədə qalib gəlmək üçün lazım olanı təmin etmək NATO-nun təhlükəsizlik maraqlarına cavab verir.

Ukrayna ordusunun cümə axşamı bildirdiyinə görə, Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın keçən gecə ölkəyə hücum etmək üçün istifadə etdiyi 44 "Şahed" pilotsuz aparatından (PUA) 34-nü məhv edib.

Hücuma məruz qalan ərazilərə Mikolayev, Odesa, və Kirovohrad da daxildir.

Odesa vilayətinin qubernatoru Oleh Kiper Telegram kanalında orada heç bir itki olmadığını bildirib. Onun sözlərinə görə, dağıntı olmayıb, yalnız vurulan dronların qırıntıları bir neçə kiçik yanğına səbəb olub.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü gecə çıxışında ölkəsinin "Rusiya raketlərini, "Şahed"lər və digər pilotsuz təyyarələri, habelə Rusiyanın döyüş təyyarələrini məhv etmək üçün daha çox vasitəyə ehtiyacı var" deyib.

Zelenski "ölkəmizə Rusiya terroruna qarşı müdafiəni təmin edə biləcək vasitələrlə yardım edən və yardımı artırmağa hazır olan hər kəsə" minnətdarlığını bildirib.

Ukrayna ordusunun sözçüsü çərşənbə günü bildirib ki, iyun ayında qısamüddətli üsyandan sonra Belarusa qaçmazdan əvvəl Rusiya qoşunları ilə birlikdə Ukraynada döyüşən 500-ə yaxın "Vaqner" muzdlusu Kyiv qüvvələrinə qarşı döyüşmək üçün yenidən cəbhə xəttinə qayıdıb.

"Vaqner"in qurucusu Yevgeni Priqojin keçən ay Rusiyada təyyarə qəzasında həlak olduqdan sonra onun qüvvələrinin gələcəyi ilə bağlı suallar yaranıb. Onlardan bəziləri, bəlkə də 6 minə qədəri üç aydır Belarusda saxlanır, digərləri isə "Vaqner"in əməliyyatları davam etdirdiyi Afrikaya göndərilib.

Əvvəllər Ukraynada döyüşmüş "Vaqner" qüvvələrinin əksəriyyəti qısamüddətli iğtişaşlarda iştirak edib. Lakin Belarus lideri Aleksandr Lukaşenkonun Rusiya prezidenti Vladimir Putinlə əldə etdiyi razılaşmaya əsasən həmin qüvvələr Belarusa keçib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.