Bayden Yaponiya və Filippin liderləri ilə üçtərəfli sammit keçirəcək
8-04-2024, 15:14
ABŞ prezidenti Co Bayden Ağ Evdə Cənubi Çin dənizində Pekinin təsirinə qarşı böyük bir addım hesab edilən üçtərəfli dəniz əməkdaşlığınıın gücləndirilməsinə həsr olunmuş sammitdə Yaponiyanın baş naziri Fumio Kişida və Filippin prezidenti Ferdinand Markosu qəbul edəcək.
Birləşmiş Ştatlar və onun Asiyada iki müttəfiqi arasında ilk dəfə keçiriləcək görüş cümə axşamına təyin edilib. Bu, Baydenin ABŞ-ın Asiyada təsirini artırmaq üçün mövcud ikitərəfli ittifaqları daha geniş “kiçik çoxtərəfli ittifaqlar”a birləşdirmək strategiyasının bir hissəsidir.
ABŞ-Yaponiya-Filippin üçtərəfli görüşü Cənubi Çin dənizində naviqasiya azadlığına yönəlib. Keçən il Bayden Şimali Koreyadan gələn təhlükənin aradan qaldırılması məqsədilə Yaponiya və Cənubi Koreya ilə oxşar görüş keçirib.
Manila üçtərəfli dəniz əməkdaşlığı, yəni üç ölkənin birgə dəniz patrulları planlarını gücləndirmək niyyətindədir. Bu, çox güman ki, Pekin tərəfindən güclü reaksiyaya səbəb olacaq.
“Birgə patrul xidməti artıq Yaponiya və ABŞ ilə ətraflı müzakirə etdiyimiz bir şeydir. Və düşünürəm ki, biz bunun tezliklə reallaşacağına ümid edirik,” Filippinin ABŞ-dakı səfiri Xose Manuel Romualdez keçən həftə keçirdiyi brifinqdə jurnalistlərə deyib.
Ağ Ev bu kimi planları təsdiqləməkdən imtina edib və liderlərin görüşdə müzakirə edəcəkləri bir sıra məsələlərin olacağını təkrarlayıb.
“Əlbəttə, Cənubi Çin dənizindəki gərginlik aradan qalxmayacaq,” Milli təhlükəsizlik məsələləri üzrə koordinator Con Kirbi cümə axşamı Ağ Evdə keçirdiyi brifinqdə Amerikanın Səsinin sualına cavab olaraq bildirib. “Bu məsələ bir neçə gün əvvəl prezidentin prezident Şi Tsinpinlə telefon danışığı zamanı qaldırılıb,” o əlavə edib.
Pentaqonun mətbuat katibi Pat Rayder də bu planları təsdiqləməkdən imtina edərək, Amerikanın Səsinə yalnız Cənubi Çin dənizində üçtərəfli səylərin məqsədinin “Hind-Sakit okean regionunun azad, açıq qalması və bütün regionda təhlükəsizlik və sabitliyin olmasını təmin etmək olduğunu” bildirib.
Bununla belə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi və Asiya Dəniz Şəffaflığı Təşəbbüsünün Cənub-Şərqi Asiya Proqramının direktoru Qreqori Pollinq sammitdə birgə dəniz patrulları ilə bağlı elanın “gözlənildiyini” deyib. Onun Amerikanın Səsinə bildirdiyinə görə, Filippinin ABŞ, Yaponiya və Avstraliya da daxil olmaqla, regional tərəfdaşları ilə artan dəniz fəaliyyətinin ardınca üçtərəfli dəniz patrulları “növbəti addımdır”.
Görüşün keçirilməsi və gözlənilən açıqlamanın verilməsi Çinin sahil mühafizə gəmilərinin tədarük missiyasını əngəlləmək üçün Filippin gəmilərinə qarşı istifadə etmək üçün həftələrdir su şırnaqları yerləşdirdiyi Cənubi Çin dənizində gərginliyin artdığı vaxta təsadüf edir.