Bakıya “Qırmızı Xaç” böhtanı

Bu gün, 11:46           
Bakıya “Qırmızı Xaç” böhtanı
Deputat Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda fəaliyyətinə heç bir əsas görmür; separatçılar şikayətçi deyillər, bəs o zaman...
Ermənistanın “Joqovurd” qəzeti yazıb ki, guya Azərbaycan hakimiyyəti Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisini bağlamaq və heç bir nümayəndəsinin hərbi cinayətlərdə təqsirləndirilən erməni məhbuslara baş çəkməsinə icazə verməmək qərarına gəlib. Nəşr erməni məhkumların ailə üzvlərindən öyrənib ki, “Azərbaycan onlara baş çəkməyi qadağan edib”.

Amma o da bir gerçəkdir ki, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli nümayəndəliyinin hazırkı fəaliyyətinə ehtiyac duymur və bunu bir neçə ay əvvəldən bəyan edib. Hökumət hesab edir ki, BQXK-nin fəaliyyətini zəruri edən səbəblər artıq aradan qalxıb. Qeyd etmək yerinə düşər ki, Azərbaycanla Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında keçmişdə də bəzi problemlər yaşanıb.

Komitə 2020-ci illərin əvvəllərində Azərbaycana xəbər vermədən Xankəndidə ofis açmışdı. Həmin vaxt Azərbaycanın israrına baxmayaraq, BQXK ofisini bağlamadı. Hətta 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra belə Beynəlxalq Qırmızı Xaç Komitəsi Xankəndidəki ofisini bağlamaqdan imtina etdi.

Bundan başqa, Azərbaycan tərəfində BQXK-nin humanitar missiya adı altında qaçaqmalçılıqla məşğul olması barədə faktlar var. 2023-cü ildə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdi aşkarlanmışdı. Həmin dövrdə DSX əvvəllər də BQXK-ya bu barədə xəbərdarlıq etdiyini məlumatda vurğulamışdı.

DSX-nin məlumatında qeyd olunurdu ki, xəstələrin təxliyəsini həyata keçirən təcili tibbi yardım maşınlarından qaçaqmalçılıq məqsədilə istifadə edilməsi Azərbaycan qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də BQXK-ya olan etimaddan sui-istifadə cəhdidir. Bununla bağlı Azərbaycan tərəfi cinayət işi açmışdı.

Daha bir məlumat isə Azərbaycan Ordusunun Füzuli istiqamətində əməliyyatlarını dayandırmağa cəhd göstərmək üçün Ermənistana komitə əməkdaşları tərəfindən casusluq edilməsi ilə bağlıdır.

Erməni nəşrinin iddiaları isə əlbəttə ki, yalandır. Araik və digərlərinə həm ailələri ilə telefon əlaqəsinə şərait yaradılır, həm də onlarla sovqat gətirilir, saxlanma şəraiti öyrənilir. Həmçinin Azərbaycan Ombudsman Aparatı da onları diqqətdə saxlayır. Komitənin Bakı ofisi rəsmən bağlanarsa, onun Gürcüstandakı nümayəndəliyi ermənilərlə bağlı məsələləri diqqətdə saxlaya bilər. Bunu əlbəttə ki, ermənilər də yaxşı bilir, sadəcə Bakıda mühakimə olunanları gündəmə gətirmək və Azərbaycanı şərləmək üçün növbəti dezinformasiyadan başqa bir şey deyil.

Azərbaycan Parlamentinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”dakı çıxışında diqqətlərə çatdırdı ki, erməni millətçiləri və Ermənistanın müəyyən dairələri Azərbaycan haqqında dünya birliyində mənfi rəy yaratmaq üçün vaxtaşırı cəhdlər edirlər: “Son ortaya atılan böhtan isə, guya ki, Bakıda məhkəmələri gedən erməni separatçılarının məhkəmə iclaslarına kənar təşkilatların nümayəndələrinin buraxılmaması ilə bağlıdır. Öncəliklə qeyd edim ki, hazırda Bakıda tarixin ikinci Nürnberq məhkəməsi gedir. Azərbaycan ərazisində separatçı qurum yaradıb yerli əhaliyə qarşı genosid, vəhşilik hərəkətləri edən, nəzarət altında saxladıqları ərazinin bütün maddi-mənəvi resurslarını məhv edən insanlar üzərində tarixi bir məhkəmə gedir. Məhkəmə açıq şəkildə aparılır. Məhkəmədə ittiham və çıxışlar ictimaiyyətin diqqətində olur. Bu məsələdə erməni böhtançıları bir fikir bildirə bilmirlər. Ortaya Beynəlxalq Qırmızı Xaç Komitəsi məsələsini atmağa çalışırlar. Qeyd edim ki, xoş məramlar üçün yaradılsa da, çox təəssüf ki, həmin komitə son dövrlərdə Azərbaycan dövlətçiliyinin əleyhinə işləyən hərəkətlər edir. Komitənin bayrağı altında separatçılara dəstək verilirdi. Ərazi bütövlüyümüzü təmin etməyə maneçilik törədilirdi. Bu baxımdan Azərbaycan komitənin fəaliyyətinə öz etirazını bildirdi. Eyni zamanda, artıq torpaqlar işğaldan azad olunub, məcburi köçkünlər bərpa edilmiş məskənlərinə geri qayıdırlar. Artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda fəaliyyətinə heç bir əsas yoxdur. Onlar ancaq böhran olan, humanitar olan yerlərdə fəaliyyət göstərirlər. Bunlar isə artıq Azərbaycanda yoxdur. Dövlətimiz özü öz problemini həll edə bilər. Onların bu gün məhkəmələri gedən erməni cinayətkarları ziyarət etmək təklifləri əlbəttə ki, Azərbaycan tərəfindən sualla qarşılanır. Nədən bu gün Azərbaycanda gedən quruculuq işlərinə heç bir töhfə verməyən, dövlətçiliyimizə qarşı mübarizə aparmış bu struktur birdən-birə humanitar fəaliyyət göstərmək istədi? Məhkəməsi gedən həmin şəxslər bu gün açıq şəkildə öz yaxınları ilə telefon əlaqəsi saxlayır, onların göndərdikləri sovqatları alırlar, vəkil müdafiəsi ilə təmin olunublar. Çıxışlarında heç bir zaman hüquqlarının pozulmasına dair şikayət etməyiblər, narazılıqlarını bildirməyiblər. Eyni zamanda, məsələ Azərbaycan Ombudsmanının nəzarəti altındadır. Hesab edirəm ki, bu məsələdə hər hansı bir narahatçılıq ola bilməz. Erməni millətçilərinin ölkəmizə qarşı başladıqları yeni böhtan, iftira kampaniyasının məqsədi Azərbaycanın işğaldan azad etdiyi torpaqları üzərində suverenliyini şübhə altına almaqdır. Bununla ölkəmiz haqqında beynəlxalq birlikdə mənfi rəy yaratmaq istəyirlər. Ancaq onu unudurlar ki, Azərbaycan bu gün özünün suverenliyini qorumaq gücündədir və heç bir xarici qüvvə Azərbaycana nəyi necə etməyi öyrətmək hüququnda deyil”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu rəsmi Bakının nə addım atdığını çox yaxşı bildiyini söylədi: “Mən də onu təsdiqləyirəm ki, Azərbaycan tərəfi Bakı həbsxanasında saxlanılan ermənilər haqqında hər zaman məlumatlıdır. İmkanımız var ki, hər an onlardan xəbər tutaq. Bu məsələyə Ombudsman Aparatı daim xüsusi diqqət ayırır. Cinayətkar emrənilərə də hər zaman öz ailələri ilə əlaqə saxlamaq imkanları yaradılıb. Bir sual verim: görəsən, Qırmızı Xaç Komitəsi bizim Qarabağda müharibə zamanı əsir düşən əsgərlərimizə, mülki əhaliyə işgəncələr veriləndə, faşist genosidi törədiləndə harada idi? Ermənilərdən bir sorğu-sual edən oldumu?

Ermənilər nə qədər bizlərə qarşı vəhşiliklər törətsələr də, biz mədəniyyətimizlə, alicənablılığımızla onlara qarşı bunun cavabını verməmişik. Onlara qarşı həbsxanalarımızda heç bir vəhşilik olmayıb, ola da bilməz. Çünki, biz azərbaycanlıyıq. Ümumiyyətlə, kimliyindən asılı olmayaraq, bu hal baş verə bilməz. Amma unutmayaq ki, istər bundan sonra bir əsr də keçsin, onların qanı belədir, çıxıb nəsə mütləq şəkildə uyduracaqlar. Onlar haqqında hər gün çəkiliş etməliyik. Bizim işimizə heç kəs qarışmasın. Biz bilirik nə edirik, hansı addımları atırıq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru