Rusiyanın daha bir şəhəri su altında qalıb – Minlərlə insan evakusiya edilib

8-04-2024, 13:16           
Rusiyanın daha bir şəhəri su altında qalıb – Minlərlə insan evakusiya edilib
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində Elşanka çayı da öz məcrasından çıxıb.
TEREF Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə şəhərin meri Vasili Kozupitsa məlumat verib. O, sakinləri əşyalarını və sənədlərini yığıb təhlükəsiz yerə təxliyə olunmağa çağırıb.

Qeyd edək ki, hazırda Orsk şəhərinin böyük bir hissəsi Ural çayının daşması nəticəsində su altında qalıb. Əhalisinin sayına görə, Orenburq vilayətinin ikinci şəhəri olan Orsk şəhəri aprelin 6-na keçən gecə Ural çayı boyunca qoruyucu bəndin dağılmasından sonra su altında qalmağa başlayıb. Orska uçan Fövqəladə hallar naziri Aleksandr Kurenkov oradakı vəziyyəti “kritik” kimi qiymətləndirib. Şəhərdə 4518 yaşayış binasını və 4587 bağ sahəsini su basıb.

Meriyadan verilən məlumata görə, Orenburq yaxınlığında suyun səviyyəsi bir gündə 16 santimetr artaraq 872 santimetrə çatıb. Qeyd olunur ki, 760 santimetr işarəsi əlverişsiz, 930 santimetr işarəsi isə təhlükəli sayılır.

Bazar günü, aprelin 7-də əhali Orskdan evakuasiya olub. Nazir bildirib ki, 4 mindən çox insan, o cümlədən 885 uşaq su basmış ərazilərdən təxliyə edilib. Qurbanları qəbul etmək üçün səlahiyyətlilər 8 mindən çox çarpayısı olan 11 müvəqqəti yaşayış mərkəzi təşkil ediblər.

Rusiya Səhiyyə Nazirliyi aprelin 7-də Orskdakı vəziyyətlə əlaqədar 99 nəfərin, o cümlədən 18 uşağın tibbi yardıma müraciət etdiyini, onların bir qisminin xəstəxanaya yerləşdirildiyini bildirib.

"Onların vəziyyəti narahatlıq doğurmur. Qalanlarına ambulator yardım göstərilib", - Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.

Əvvəllər səlahiyyətli şəxslər su basmış Orskda 4 nəfərin öldüyünü bildirsə də, onlardan heç birinin boğulmadığı və ölümün başqa səbəblərdən baş verdiyi iddia ediblər.

Daşqın səbəbindən bütün Orsk məktəbləri distant təhsilə keçib. “Orsknefteorqsintez” şirkətinin mətbuat xidməti xəbər verir ki, daşqın səbəbindən neft emalı zavodu fəaliyyətini dayandırıb.

Regional hakimiyyət orqanlarının məlumatına görə, Orenburq vilayəti tarixində ən böyük daşqınla üzləşib. Bazar günü hökumət komissiyası Orenburq vilayətində baş vermiş daşqını federal fövqəladə hal kimi təsnif etmək qərarına gəlib. İnfrastruktura dəyən ziyan 21 milyard rubl dəyərində qiymətləndirilir. Aprelin 7-də axşam saatlarına olan məlumata görə, 77 yaşayış məntəqəsində on mindən çox yaşayış binası və 18 min təsərrüfat sahəsi su altında qalıb.

Faktla bağlı iki maddə - tikinti işləri zamanı təhlükəsizlik qaydalarını pozma və səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb.

Orenburq vilayətinin səlahiyyətli şəxsləri daşqının pik nöqtəsinin aprelin 10-da baş verəcəyini gözləyirlər. Regionda vəziyyətin stabilləşməsi aprelin 20-dən sonra gözlənilir.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda Rusiyanın 39 regionunda 6,8 mindən çox yaşayış binası su altında qalıb.

Rasim Əliyev

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.