Rusiyalı məşhur jurnalist "terrora haqq qazandırdığı" üçün qiyabi həbs edilib
11-07-2024, 11:24
Moskvanın Zamoskvoretski Məhkəməsi teleaparıcı Tatyana Lazarevanı (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) "terrora haqq qazandırdığı" iddiası ilə qiyabi həbs edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məhkəmənin saytında istinadən məlumat verilib.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (İnternetdən istifadə edərək terrorçuluğa çağırışlar və ya bəraət qazandırmaq) ilə təqsirləndirilən Lazarevanın qiyabi həbsi ilə bağlı vəsatət təmin edilib”, - deyə məlumatda bildirilir. Aparıcı Rusiya Federasiyasının ərazisində saxlanıldıqdan və ya Rusiya Federasiyasına ekstradisiya edildikdən dərhal sonra nəzarətə götürüləcək.
Bildirilir ki, Tatyana Lazareva axtarışdadır və bu iddia ilə onu 7 ilə qədər həbs gözləyir.
Mətbuat yazır ki, ötən günlərdə Lazareva sosial şəbəkələrdə Ukraynanın pilotsuz təyyarələrin Rusiya şəhərlərinə hücumları ilə bağlı xəbərə sevindiyini bildirib. Bundan sonra ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsi ilə cinayət işi açılıb.
Ədliyyə Nazirliyi onu 22 iyul 2022-ci ildə xarici agentlər siyahısına daxil edib. Bu siyahıya onun keçmiş əri, teleaparıcı Mixail Şats da daxildir. Lazareva xarici agentlər haqqında qanunu pozduğuna görə dəfələrlə cərimələnib.