Fələstinli xəbər agentliyi məlumat verir ki, İsrailin Qəzzanın mərkəzinə zərbələri nəticəsində 47 fələstinli ölüb
2-11-2024, 15:35
Fələstinlilərin WAFA xəbər agentliyinin cümə günü verdiyi məlumata görə, İsrailin keçən gecə Qəzza zolağının mərkəzini bombalaması nəticəsində əksəriyyəti uşaq və qadın olmaqla, 47 nəfər ölüb, onlarla insan yaralanıb.
Hücumların Deyr Əl-Bəlah şəhərində, Nuseyrat düşərgəsində və Əl-Zaveyda qəsəbəsində həyata keçirildiyi bildirilib.
İsrail ordusu qoşunlarının Qəzzanın mərkəzində "bir neçə silahlı terrorçunu" müəyyən edərək, məhv etdiyini bildirib. İsrail eləcə də, Qəzzanın şimalındakı Cəbəliyə bölgəsində hədəfli reydlər zamanı "onlarla terrorçunu" məhv etdiyini bəyan edib.
Qəzzada müharibə bir il əvvəl HƏMAS-ın İsrailə hücumu zamanı 1200 insanın öldürməsi və 250-yə yaxın insanı girov götürməsindən sonra başlayıb. Qəzzanın səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrailin Qəzzada əks hücumları yarısından çoxu qadın və uşaq olmaqla, 42,400-dən çox fələstinlinin həyatına son qoyub. İsrail ordusu ölənlər arasında minlərlə HƏMAS döyüşçüsü olduğunu deyir.
HƏMAS ABŞ, Britaniya, Avropa Birliyi və digərləri tərəfindən terror təşkilatı elan edilib.
Anklavın səhiyyə rəsmiləri cümə axşamı İsrail ordusunun Qəzza zolağına, əsasən də şimala endirdiyi zərbələrin 46 fələstinlinin ölümünə səbəb olduğunu, zərbələrdən birinin xəstəxananı dağıtdığını bildirib.
İsrail ordusu HƏMAS militant qruplaşmasını Beyt Lahiyadakı Kamal Advan xəstəxanasından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edib və orada "onlarla terrorçunun" gizləndiyini deyib. Səhiyyə rəsmiləri və HƏMAS bu iddianı rədd edir.
Qəzza zolağındakı Səhiyyə Nazirliyi bütün beynəlxalq qurumları "xəstəxanaları və tibb işçilərini (İsrail) işğalının qəddarlığından qorumağa" çağırıb.