Sudan BƏƏ ilə 6 milyard dollarlıq müqaviləni ləğv edib
5-11-2024, 16:16
Sudan Qırmızı dənizdə limanın inşası üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə 6 milyard dollarlıq müqaviləni ləğv etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sudan Tribune" ölkənin maliyyə naziri Cibril İbrahimə istinadən məlumat yayıb.
Xartum Əbu-Dabini hakim Suveren Şuraya qarşı çıxan Çevik Reaksiya Qüvvələrinə dəstək verməkdə ittiham edib.
Bildirilir ki, 2022-ci ilin dekabrında bağlanan müqavilə, sudanlı iş adamı Usama Daudun idarə etdiyi "Abu Dhabi Ports" və "Invictus Investment" şirkəti tərəfindən Port-Sudandan 200 km şimalda yerləşən Əbu Amama limanının tikintisini nəzərdə tuturdu.
Qeyd edək ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhan və çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. Onların arasında əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də baş komandan postunu kimin tutmalı olması ilə bağlıdır.