Polis etirazçıları Pakistanın paytaxtından çıxarıb

Bu gün, 15:14           
Polis etirazçıları Pakistanın paytaxtından çıxarıb
Pakistan çərşənbə axşamı gecəsi keçirdiyi genişmiqyaslı təhlükəsizlik əməliyyatında keçmiş Baş nazir İmran Xanı həbsdən azad etmək tələbi ilə İslamabadda mitinq keçirən minlərlə müxalifət aktivistini şəhərin mərkəzindən çıxardığını və dörd gündür ölkə ilə paytaxt arasındakı bağlı yolları açdığını bildirib.

Xanın Pakistan Təhrik-e-İnsaf (PTİ) partiyası bazar günü “sülh” məqsədli etiraz yürüşü təşkil etmiş və yürüş minlərlə insanı şəhərə toplamışdı. Həmin insanlar Xanın “qanunsuz” həbsindən azad edilməsi də daxil olmaqla, tələbləri yerinə yetirilməyincə, şəhərdə oturaq aksiya keçirməyi planlaşdırmışdılar.

Paytaxtın polis rəisi mətbuat konfransında bildirib ki, bazar ertəsi gecə keçirilən əməliyyat zamanı "ölümcül olmayan" silahlar məsələn, gözyaşardıcı qaz və plastik güllələrdən istifadə edilib və nəticədə təxminən 1000 etirazçı saxlanılıb.

Əli Nasir Rizvi deyib ki, etirazçılarla toqquşmalar nəticəsində ən azı üç təhlükəsizlik əməkdaşı həlak olub, 70-dən çox polis işçisi isə yaralanıb, bəziləri "güllə yaraları" alıb. O, etirazçıların "odlu silahlar" və döyüş çəkiclərindən istifadə etdiklərini iddia edib. Hökumət tərəfdarı rəsmilər bazar ertəsi bir polis zabitinin ölldürüldüyünü bildirib.

PTİ və yaxınlıqda yaşayanlar polisin iddialarını rədd edərək təhlükəsizlik qüvvələrinin sülh yolu ilə aksiyaya qatılan insanlara atəş açdığını və bunun nəticəsində bir neçə etirazçının ölümünə və yaralanmasına səbəb olduğunu iddia edib. PTİ rəsmiləri ən azı 10 etirazçının öldüyünü bildirib.

Hökumət rəsmiləri vətəndaş tələfatı ilə bağlı hər hansı bir açıqlama verməyib, lakin yerli jurnalistlər və sosial media şərhlərində müxalifətin iddiaları dəstəklənib və təhlükəsizlik qüvvələrinin itkilərlə bağlı həqiqəti gizlətdiyi irəli sürülüb.

Müxalifət partiyası bəyanatında deyilib; "Bu gün silahlı təhlükəsizlik qüvvələri İslamabadda dinc aksiya keçirən PTİ nümayəndələrinə qarşı amansız hücum başladıb, məqsəd isə mümkün qədər çox insanı öldürmək olub. Dünya bu qətliamı və Pakistanda demokratiya və insanlığın məhv edilməsini qınamalıdır".

Daxili işlər naziri Məhəmməd Naqvi isə təhlükəsizlik qüvvələrinin əməliyyatını alqışlayaraq, hüquq-mühafizə orqanlarının "etirazçıları şücaətlə dəf etdiyini" bildirib.

Hakimiyyət orqanları İslamabadda mobil internet xidmətini kəsərək, məktəbləri bağlayıb və PTİ-nin etiraz yürüşünün miqyasını məhdudlaşdırmaq üçün bir çox yük konteynerindən yol maneələri kimi istifadə edib.

Xanın partiyası çərşənbə günü etiraz yürüşünü ləğv etdiyini açıqlayıb. Bu yürüş onun və partiyasının məhkəməsiz həbs olunan bir çox üzvünün azad olunması ilə bağlı kampaniyasının bir hissəsi idi.
PTİ Baş nazir Şehbaz Şərifin və onun koalisiya hökumətinin istefasını tələb edir, fevral ayında keçirilən seçkilərin saxtalaşdırıldığını bildirirlər. Şərif etiraz yürüşünü “ekstremizm” və “qəbuledilməz” adlandırıb.
2018-2022-ci illərdə Baş nazir olan İmran Xan güclü ordu ilə münaqişə nəticəsində müxalifətin parlamentdəki etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılıb.

72 yaşlı sabiq kriket ulduzu siyasətə keçmiş şəxs 2023-cü ilin avqustundan həbsdədir və ona qarşı korrupsiya, terrorizm və hərbi mülklərə qarşı zorakılığın təşviqi ilə bağlı 150-dən çox cinayət işi açılıb.
Xan bu ittihamları rədd edərək, onları siyasi motivli və hərbi ordu tərəfindən planlaşdırıldığını bildirir. Onun varisi və hərbi rəsmilər isə bu ittihamları əsassız hesab edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.