ABŞ-nin ərzaq yardımını dayandırması milyonların həyatını risk altında qoyur
9-04-2025, 15:38

ABŞ prezidenti Donald Tramp administrasiyası Əfqanıstan və Yəmən üçün qalan humanitar yardımları da dayandırır. Yardım mənbələrinin verdiyi məlumata görə, bu, həmin ölkələrə yönəldilən maliyyə dəstəyinin böyük hissəsini əhatə edir. BMT-nin Ümumdünya Ərzaq Proqramı (UNWFP) bu addımı "milyonlarla insan üçün ölüm hökmü" adlandırıb.
"Reuters"in xəbərinə görə, Beynəlxalq İnkişaf Agentliyinin (USAID) humanitar məsələlər bürosunun keçmiş rəhbəri Sara Çarlz və digər doqquz mənbə (onlardan altısı hazırkı administrasiyada çalışır) bildirib ki, Dövlət Departamenti və USAID ötən həftəsonu daha bir neçə ölkəyə, o cümlədən Somali və Suriya kimi ölkələrə ərzaq yardımı proqramlarını dayandırıb.
"Stand Up For Aid" yerli vətəndaş cəmiyyəti təşkilatının hesablamasına görə, kəsilən ümumi yardımın məbləği 1.3 milyard dollardan çoxdur.
UNWFP xəbərdarlıq edib ki, bu qərar "aclıq və ekstremal aclıqla üzləşən milyonlarla insan üçün ölüm hökmünə bərabər ola bilər".
"UNWFP ABŞ administrasiyasının 14 ölkəyə təcili ərzaq yardımının maliyyələşdirilməsinin dayandırılması barədə son bildirişlərindən dərin narahatlıq keçirir", - qurumun X hesabında qeyd olunub.
Avropa Komissiyasının bərabərlik, hazırlıq və böhranların idarə olunması üzrə komissarı Haca Labib X hesabında məsələyə münasibət bildirib. "Aclıq, çökmüş səhiyyə və təhsil sistemləri, artan qeyri-sabitlik, geniş yayılmış qaçqınlıq. Bunlar ABŞ-nin yardım ixtisarlarının ən həssas əhali üzərindəki dağıdıcı nəticələridir", - o paylaşımında yazıb.
Ağ ev "Reuters"in müvafiq mövzu ilə bağlı sorğusuna cavab verməyib. BMT-nin sözçüsü Stefan Düjarrik isə BMT-nin ləğv olunan müqavilələr barədə ətraflı məlumat əldə etməyə çalışdığını bildirib.
Bu maliyyə ixtisarları Tramp administrasiyasının ABŞ-nin əsas humanitar yardım agentliyi olan USAID-in ləğvi istiqamətində atdığı son addımlardır.