Britaniya Rusiyaya oyun konsollarının ixracını QADAĞAN ETDİ

25-04-2025, 00:05           
Britaniya Rusiyaya oyun konsollarının ixracını QADAĞAN ETDİ
Britaniya hökuməti Rusiyaya qarşı yeni ticarət məhdudiyyətləri paketi çərçivəsində 24 aprel tarixində bu ölkəyə dronların idarə olunmasında istifadə edilə bilən oyun konsolları və digər oxşar cihazların, o cümlədən proqram təminatlarının ixracını qadağan etdiyini açıqlayıb.

“Reuters” xəbər verir ki, bu barədə sanksiyalar üzrə nazir Stiven Douti bəyanat yayıb.

Nazir qeyd edib ki, oyun konsollarının cəbhə xəttində dronların idarəsi üçün istifadə olunmasının qarşısını almaq məqsədilə bu qərar qəbul edilib:

“Biz Rusiyaya oyun konsollarının tədarükünü tamamilə dayandırırıq. Bu, həmin cihazların qətllər üçün yenidən təchiz olunmasının qarşısını alacaq”.

Yeni sanksiyalar paketinə həmçinin müdafiə və enerji sektorlarında istifadə olunan, xüsusilə silah istehsalı və yeni neft-qaz yataqlarının axtarışı sahələrində tətbiq edilən proqram təminatlarının ixracının bloklanması da daxildir.

Qeyd edək ki, bu açıqlama Ukrayna Hərbi Hava Qüvvələrinin Rusiyanın növbəti gecə hücumu zamanı 215 pilotsuz uçuş aparatı və raket buraxdığı barədə məlumatından sonra verilib.

Xatırladaq ki, Avropa İttifaqı da bu ilin əvvəlində Rusiyaya qarşı oyun konsolları və coystiklərin ixracına bənzər qadağa tətbiq etmişdi. Bundan başqa, Avropa Komissiyası hazırda Aİ ölkələrinin Rusiya ilə yeni qaz və neft müqavilələri bağlamasına qanunvericiliklə qadağa qoyulması imkanlarını da nəzərdən keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru