Fransa da Rusiya şirkətlərinin hesablarına həbs qoydu
18-06-2015, 15:23
Fransanın hüquq-mühafizə orqanları dünən "Bank VTB"nin bu ölkədəki törəmə bankında Rusiya şirkətlərinə məxsus hesablara həbs qoyub.
"APA-Economics"in xəbərinə görə, bu barədə RBK-ya bankın prezidenti, İdarə Heyətinin sədri Andrey Kostin bildirib.
Onun sözlərinə görə, Rusiyanın diplomatik nümayəndəliklərinin hesablarına da həbs qoyulub.
"Səhəri gün diplomatik nümayəndəliklərin hesablarına qoyulan həbs aradan qaldırılıb. Məbləğlər elə də böyük deyildi, söhbət onlarla min avrodan gedir. Lakin Rusiya şirkətlərinin hesabına qoyulan həbslər qüvvədədir. Biz hüquqşünaslarımızla bu problemi həll etməyə çalışırıq", - deyə A. Kostin qeyd edib.
Qeyd edək ki, iyunun 17-də Belçika Rusiyanın dövlət aktivlərinin həbs olunması ilə bağlı qərar çıxarıb. Bu addım Haaqa Arbitraj Məhkəməsinin "Yukos Universal Limited" şirkətinin iddiası əsasında çıxardığı hökmdən sonra atılıb.
Rusiya prezidentinin köməkçisi Andrey Belousov isə bildirib ki, Fransa və Belçikada Rusiyaya məxsus aktivlərin həbs olunması qanunsuzdur və bununla mübarizə aparılacaq.