Keçmiş müdafiə nazirindən ÇAĞIRIŞ: Rusiyada terror törədin
3-07-2017, 23:41

Ukraynalı siyasətçi, Viktor Yuşşenkonun prezidentliyi zamanı müdafiə naziri postunu tutan Anatoliy Qritsenko Rusiya ərazisində terrorlar törətməyə çağırıb.
PRESSDAY.az xəbər verir ki, o, bunu “112 Ukrayna” televiziya kanalına müsahibəsində bəyan edib.
Onun fikrincə, Kiyev də Mariupolda törədilən partlayışlar nəticəsində güc strukturlarının bir neçə yüksək vəzifəlisi öldüyündən, buna analoji cavab vermək lazımdır.
“Əgər bu həqiqətən müharibədirsə, prezident Pyotr Poroşenkonun oyunu deyilsə, deməli, Kiyevdə, yaxud Mariupolda göyə uçurulan maşının əvəzinə Taqanroqda, yaxud Moskvada ikisi göyə uçurulmalıdır”, - Qritsenko deyib.
Bu ilin 6 ayı ərzində Ukraynada terror aktları nəticəsində güc strukturların bir neçə zabiti ölüb.
Bu hadisələrin qurbanı olanlardan biri Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Aleksandr Xaraberyuş (onun həyatına Mariupolda sui-qəsd edilib), digəri Yuri Voznıy (Donets vilayətində), eləcə də Kiyevdə öldürülən Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlısının rəhbəri Maksim Şapovaldır.
Onların üçü də avtomobilləri partladılaraq öldürülüblər.
Qritsenko özünün rezonanslı fikirləri ilə məşhurdur.
O 2014-cü ilin iyun ayında açıq şəkildə Rusiya prezidenti Vladimir Putinə sui-qəsd çağırışı edib.
Bundan əlavə, siyasətçi Rusiya təyyarələri və qatarlarının məhv edilməsinin tərəfdarıdır.