Müəmmalı maqnat sirləri açır: “Putini hakimiyyətə mən gətirmişəm...”

24-07-2015, 15:42           
Müəmmalı maqnat sirləri açır: “Putini hakimiyyətə mən gətirmişəm...”
Qərblə Rusiya arasında münasibətlərin kəskinləşdiyi bir vaxtda president Vladimir Putinin mühacirətdə daha bir düşməni peyda olub.

Virtualaz.org saytı xəbər verir ki, təxminən iki ay əvvəl Sergey Puqaçov adlı rusiyalı mühacir - maqnat Qərb mediasının səhifələrində silsilə müsahibələrlə çıxış edərək Putinə qarşı kompromatlar açıqlamağa başlayıb.

Müəmmalı imicə malik olan Puqaçov bu dəfə “The Financial Times” qəzetinə müsahibəsində deyir ki, Putini hakimiyyətə şəxsən o gətirib və bu məqsədlə altı ay gecə-gündüz işləyib.

Ailə albomundan köhnə fotoları masaya düzüb jurnalistə göstərən Puqaçov bildirib ki, Putinlə bir vaxtla ailəvi dost idilər. Bunu təsdiq etmək üçün rusiyalı maqnat oğlanlarının Putinin qızları ilə birgə uşaqlıq şəkillərini göstərir.

“Putinin qızları dərsdən sonra tez-tez Moskva ətrafındakı prezident iqamətgahından Puqaçovun qonşuluqdakı evinə gəlirdi” - deyə jurnalist yazır.

İndi isə bu vaxtlar arxada qalıb. Keçmişi Puqaçovu təqib edir. 2011-ci ildə Rusiyanı tərk edən keçmiş milyarder Putin tərəfindən təqib olunduğunu bildirir. Onun adı Moskvada qaldırılmış cinayət işində keçir. Rusiya hakimiyyəti Puqaçovu təsisçilərindən biri olduğu “Mejprombank”dan yüz milyonlarla dolları mənimsəməkdə ittiham edir.

Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında London Yüksək Məhkəməsi keçmiş oliqarxın bütün dünya üzrə aktivlərinə həbs qoyub. Biznesmen isə bu qərardan şikayət verib.

Cəmi bir neçə gün əvvəl Puqaçov avtomobilində şübhəli qurğu aşkar edərək Böyük Britaniyanın antiterror idarəsindən mühafizə xahiş edib. Biznesmen deyir ki, üç azyaşlı uşaqlarını məktəbə aparıb-gətirən maşında şübhəli qurğu tapılıb və bunun partlayıcı ola biləcəyindən qorxub.

Araşdırma zamanı müəyyən olunub ki, qurğu izləmə məqsədi ilə qoyulub. Rusiya hakimiyyətinin Londonda özəl detektivlər tutaraq Puqaçovu izlədiyi məlum olub. Bundan sonra Puqaçov Britaniyadan Fransaya qaçıb.

Biznesmen deyir ki, ona qarşı təqibləri ancaq Putin sifariş edə bilərdi.

“Putin özünü belə necə apara bilər axı?! Mən onun üçün hər şeyi etmişəm. Mən hətta onu prezident etmişəm”- Puqaçov deyib.

Puqaçov deyir ki, 1996-cı ildə Amerikadakı əlaqələrinin hesabına Yeltsinin ikinci dəfə seçilməsini təmin edib. Yeltsinin qızı ilə birlikdə ona amerikansayağı seçki kampaniyası keçirib.

Daha sonra Yeltsin ailəsini inandırıb ki, Putin ən yaxşı varis ola bilər. Puqaçov Yeltsin ailəsi ilə yaxın münasibətlərini təsdiq edən faktları da təqdim edir.

Biznesmen danışır ki, Yeltsinin hakimiyyətinin son illərində ona qarşı çevriliş hazırlanırdı. Puqaçov isə bunun qarşısını FTX-yə rəhbərlik edən Putinlə birlikdə alıb. Sonra Yeltsinin qızını və kürəkəninin köməyi ilə Yeltsini inandırıb ki, istefa versin və Putini baş nazir təyin etsin.

“Mən şəxsən Putini hakimiyyətə gətirmişəm, bunun üçün 9 ay gecə-gündüz işləmişəm”-keçmiş oliqarx şikayətlənir.

Adının açıqlanmamasını xahiş edən tanınmış rusiyalı biznesmen təsdiq edib ki, Puqaçov doğrudan da Putinin çox yaxın dostu olub.

“O, Kremlə öz evi kimi girib-çıxırdı”- mənbə deyib.

Lakin Putinin KQB-dən olan ətrafı hakimiyyətini möhkəmləndirəndə onun Puqaçovla münasibətləri korlandı.

Puqaçov ötən əsrin 80-ci illərinin sonunda kooperativ yaradaraq alverə başlayıb və sürətlə varlanıb. 1991-ci ildə isə Leninqraddan Moskvaya köçüb və “Mejprombank”ın təsisçisi olub. Özünün dediyinə görə, 2001-ci ildən bu bankla əlaqəsi yoxdur.

Lakin Rusiyada onu bank əmanətçilərinin pullarını mənimsəyən dələduz hesab edirlər və axtarışa veriblər. Puqaçov isə müxtəlif ölkələrdə Rusiya əleyhinə məhkəmə iddiaları qaldıraraq əlindən alınmış aktivlərini geri qaytarmağa çalışır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.