Səudiyyə kralları nə üçün ABŞ-a tabe olur? - Böyük sirr ortaya çıxdı

8-11-2017, 18:39           
Səudiyyə kralları nə üçün ABŞ-a tabe olur? - Böyük sirr ortaya çıxdı
FaktXəbər-in məlumatına görə, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə ən varlı ölkələrdən olsa da, Ər-Riyad yürütdüyü siyasətdə ABŞ maraqlarının əksinə addım atmır. Bunun səbəbləri isə yaxın keçmişə qayıdır.

Məhz Səudiyyə Ərəbistanında 1964-cü ildə taxta çıxan Feysəl bin Əbdüləzizin başına gələnlər növbəti kralların yürütdüyü siyasətdə birmənalı kursu müəyyənləşdirib.

Neft böhranının baş qəhrəmanı

Səudiyyə Ərəbistanı kralı Feysəl bin Əbdüləziz öz qardaşı oğlu tərəfindən öldürülüb.

1964-cü ildə taxta oturan Kral Feysəl İslam Birliyi düşüncəsinə malik olub.

Panislamizm ideyasını yaymaq məqsədilə Türkiyə, İraq, Suriya və Misir ölkələri ilə diplomatik münasibətlər yaradıb.

İslam ölkələri liderləri ilə keçirdiyi görüşlərin nəticəsində İslam Konfransı Təşkilatının qurulmasına nail olub.

O, həmçinin Qərb əleyhinə siyasət yürüdən ilk və sonuncu Səudiyyə kralı kimi də tarixə düşüb.

Qərb əleyhinə yürüdülən siyasət Feysəl bin Əbdüləzizi 1973-cü ildə baş verən Neft böhranının baş qəhrəmanına çevirib.

Kral Feysəlin məşhur Qüds çıxışı

1969-ci ilin avqust ayında "Əl-Əqsa" məscidinin bir yəhudi tərəfindən dağıdılması, Kral Feysəl bin Əbdüləzizi çox kədərləndirmişdi. Kral bu hadisədən sonra məşhur Qüds çıxışını edərək insanları cihada dəvət etmişdi: "Qardaşlarım, nəyi gözləyirik? Dünyanın vicdana gəlməsinimi? Haradadır dünyanın vicdanı? Müqəddəs Qüds sizi çağırır. Onu xilas etməyinizi gözləyir. Niyə qorxuruq? Ölümdən qorxuruq? Allah yolunda cihad edərək ölməkdən şərəfli və daha fəzilətli ölüm varmı? Ey qardaşlarım, bizim istədiyimiz İslam milliyyəti və İslami oyanışdır. Millətçilik, irqçilik və ya bloklaşma deyil istəyimiz. Çağırışımız İslami çağırışdır. Allah yolunda cihad etməyədir çağırışımız. Dinimiz, əqidəmiz, namusumuz və İslam üçündür çağırışımız. Allaha xalis şəkildə yalvarıram ki, əgər mənə cihad etmək və müqəddəs torpaqlarımızı azad etmək nəsib olmayacaqsa, məni bu dünyada bir an belə yaşatmasın".

Bu çağırış dörd il sonra nəticəsini verdi və 6 oktyabr 1973-cü ildə Misir və Suriya qüvvələri İsrailə hücum etdilər (Yom Kippur). Təxmin edildiyi kimi, ABŞ və Qərb dövlətləri həmin müharibədə İsraili dəstəklədi. Bundan sonra Ərəb ölkələri də əllərində olan neft kartından istifadə etdi. Başda Səudiyyə Ərəbistanı olmaqla Ərəb ölkələri Qərb ölkələrinə neft embarqosu tətbiq etdi və qısa bir müddət ərzində böyük enerji böhranı yarandı.

ABŞ-ın dövlət katibi Kissincer danışır

Birləşmiş Ştatların o zaman XİN rəhbəri olmuş Henri Kissincer neft böhranını həll etmək üçün Səudiyyə Ərəbistanına səfər edib. Məqsədi Kral Feysəl bin Əbdüləzizi yola gətirmək olsa da, buna nail olmadı. Henri Kissincer öz xatirələrində Səudiyyə Ərəbistanına səfəri barədə bunları danışmışdı: "Kral Feysəl olduqca əsəbi görünürdü. Aramızda dialoq başlatmaq ümidi ilə təyyarəmin yanacağının qurtardığını dedim. Təyyarənin anbarını benzinlə doldurmaq üçün əmr verməyini və beynəlxalq qiymətlərlə haqqını verməyə hazır olduğumuzu dedim. Kral gülümsəmədi və başını yuxarıya qaldıraraq sərt bir şəkildə mənə bunları dedi: Mən yaşlı bir adamam, ölmədən əvvəl tək arzum "Əl-Əqsa" məscidində iki rükət namaz qılmaqdır. Sən bu məsələdə mənə kömək edə bilərsən?"

Kralın tarixə keçən cavabı

Kral Feysəl və Kissencer arasında daha bir dialoq yaşanmışdı. Səudiyyə kralı neftə qoyulan embarqonu İsrailə edilən yardımların dayandırılması şərti ilə ləğv etməyə hazır olduğunu bildirmişdi. ABŞ xarici işlər naziri isə Səudiyyə kralına bildirmişdi ki, neft quyuları bombardman edilə bilər. Feysəl bin Əbldüəzizin neft quyularının bombalanmasına cavabı belə olmuşdu: "Təbii ki, neft yataqlarımızı bombalaya bilərsiniz. Amma unutmayın ki, biz və atalarımız xurma və dəvə südü yaşamışıq və yenə yaşaya bilərik. Ancaq artıq siz neftsiz yaşaya biləcəksinizmi?"

Səudiyə kralları ABŞ-dan qorxmağa başladı

25 mart 1975-ci ildə Kral Feysəl bin Əbdüləziz sarayda keçirdiyi görüş zamanı sui-qəsdə məruz qalaraq həyatını itirib. Kral Feysəlin necə ölməsi və ya öldürülməsi ilə bağlı qəti bir açıqlama hələ də verilməsə də, onun ABŞ tərəfindən öldürülməsi heç kimdə şübhə yaratmır. Sui-qəsdi həyata keçirən insan kralın qardaşı oğlu Feysəl bin Musad olmuşdu. O, sui-qəsdi həyata keçirən zaman Amerikadan yeni gəlmişdi. İlk günlərdə hökumət tərəfindən Musadın ruhi xəstə olması deyilsə də, daha sonra aparılan müayinələr əksini göstərmişdi. O, 18 iyunda "Riyad" meydanında asılmışdı.

ABŞ rəhbərliyinin Feysəl bin Əbldüəzizi sui-qəsdlə aradan götürməsi Səudiyyə krallarında rəsmi Vaşinqtona qarşı qorxu yaratdı və həmin dövrdən etibarən ər-Riyad Birləşmiş Ştatların diktəsi ilə hərəkət etməyə başladı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.