Trampın təklifindən imtina edildi: Divar olmayacaq

25-01-2018, 00:31           
Trampın təklifindən imtina edildi: Divar olmayacaq
Demokratlar Prezident Donald Trampın israrla təbliğ etdiyi ABŞ-la Meksika arasında sərhəd divarının inşasının maliyyələşdirilməsi təklifini geri çəkiblər. Bunu ABŞ Senatında Demokratların lideri Çak Şumer bəyan edib.
Muxalifet.az xəbər verir ki, məlum olduğu kimi, Donald Tramp hələ prezidentliyə namizəd olduğu vaxt özünün 2016-cı il seçkiqabağı kampaniyasının gedişində deyib ki, ABŞ qeyri-leqal immiqrasiyanın qarşısını almaq üçün Meksika və Birləşmiş Ştatlar arasında sərhəd divarı inşa edəcək və Meksika bu divarın inşası xərclərini ödəyəcək. Meksika, müvafiq olaraq, bu təklifi rədd edib və dəfələrlə bəyan edib ki, heç bir divar üçün pul ödəməyəcək. Nəticədə, Tramp divarın inşası üçün ABŞ Konqresindən, yəni, vergiödəyicilərindən pul istəməli olub. Hökumətin hesablamalarına görə, bu divarın inşasına 21 milyard dollardan çox vəsait tələb olunur.
Yanvarın 20-də 2018-ci ilin büdcə xərcləri üzrə demokratların və respublikaçıların razılığa gəlməməsi ucbatından Federal Hökumətin fəaliyyəti 2 günlüyünə dayandırılıb. Fikir ayrılığının əsas maddələrindən biri Barak Obama Administrasiyası zamanında başlanmış “İmmiqrant uşaqları ilə bağlı təxirə salınmış tədbirlər” proqramının Respublikaçılar tərəfindən maliyyələşdirilməsindən imtina edilməsi idi. Sözügedən proqram uşaq yaşlarında qanunsuz yollarla ABŞ-a gətirilmiş gənc immiqrantları deportasiyadan qoruyurdu. Demokratlar tələb edirdilər ki, 2018-ci ilin büdcəsinə dair qanun layihəsi gənc qeyri-leqal immiqrantların deportasiyadan qorunmasına təminat versin.
Prezident Tramp və Şumer arasında yanvarın 20-də keçirilmiş dövlət büdcəsinə dair danışıqlarda sonuncu deyib ki, Demokratlar o halda divarın inşası üçün vəsait ayrılmasına razılıq verərlər ki, Respublikaçılar “İmmiqrant uşaqları ilə bağlı təxirə salınmış tədbirlər” proqramının maliyyələşdirilməsinin davam etməsinə razı olsunlar. Fevralın 8-dək hökumətin fəaliyyətinin bərpa olunmasına dair Respublikaçılar və Demokratlar arasında razılıq əldə olunduqdan sonra Senatda ABŞ-ın immiqrasiya siyasəti və divarın maliyyələşdirilməsi ətrafında danışıqlar davam edəcək.
Demokratların təklifi geri çəkməsindən sonra Tramp öz Tvitter səhifəsində yazıb: “Ağlayan Çak Şumer, xüsusilə özünün həqarətli məğlubiyyətindən sonra, çox gözəl anlayır ki, divar olmazsa, DACA (“İmmiqrant uşaqları ilə bağlı təxirə salınmış tədbirlər” proqramı) da olmayacaq. Biz güclü Silahlı Qüvvələr ilə öz xalqımız üçün təhlükəsizliyi təmin etməliyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.