Roma papası: Adəm və Həvva cənnətdən saxtakarlığa görə qovulublar

25-01-2018, 16:21           

Roma papası Fransisk yanvarın 24-də etdiyi çıxışda deyib ki, Adəm və Həvvanın ilk günahı etmələrinə saxta xəbər səbəb olub.

30Gun.az xəbər verir ki, bunu Dünya Kommunikasiya Günündə danışan Fransisk vurğulayıb ki, dezinformasiya və “sosial şəbəkələrdən manipulyativ istifadə qorxulu nəticələrə gətirib çıxara bilər” və dünya “güclü və ehtiyatlı qavrama prosesinə” əsaslanmalıdır.

Onun çıxışı İncildəki bir mövzu ətrafında idi: “Həqiqət səni azad edər”. Roma papası habelə deyib ki, jurnalizm “təkcə peşə yox, həm də missiyadır”.

Francis bildirib ki, saxta xəbərlər “dözümsüz və ya ifrat həssas münasibətin təzahürüdür və yalnız lovğalıq və nifrətin yayılmasına xidmət edir”.

Roma papası bunu da əlavə edib ki, ziyansız dezinfortmasiya olmur: “Həqiqətin hətta ilk baxışdan kiçicik görünən təhrifi də qorxulu nəticələrə səbəb ola bilər”.

Fransisk saxta xəbərləri İncildə təsvir olunmuş məşhur əhvalatla əlaqələndirib. Papa deyib ki, saxta xəbərdən ilk dəfə Cənnət bağındakı ilan istifadə edib.

Roma papası deyib: “Biz istənilən vaxt və istənilən yerdə zərbə endirmək üçün maskalanmış insanların “ilanvari taktikasını” ifşa etməliyik. Yaranış kitabında təsvir edilən “hiyləgər ilanın” bəşəriyyətin başlanğıcında toqquşdurduğu ilk saxta xəbər insan günahının faciəli tarixinə başlanğıc qoyub”.

Fransisk xatırladıb ki, “ilan Həvvaya “yalnız qismən doğru” olan belə bir sual verib: “Doğrudanmı Allah sizə deyib ki, bu bağdakı ağacların heç birinin meyvəsindən yeməyəsiniz”. Həqiqətdə Allah onlara yalnız bir konkret ağacın meyvəsini qadağan etmişdi. Yalançının sözlərinə qulaq asan və onun versiyasındakı faktlara aldanan qadın çaşdırılıb”.

Vatikanın sözçüsü Greg Burke yanvarın 24-də Reuters-i papanın hazırladığı “Həqiqət səni azad edər – saxta xəbər və sülh naminə jurnalistika” adlı sənədlə tanış edib.

Sözçü deyib: “Papa saxta xəbərlər barədə təkcə ona görə danışmayıb ki, saxta xəbərlər nə isə yeni bir şeydir. Sadəcə olaraq saxta xəbərlər əvvəllər olduğundan indi daha sürətlə yayılaraq cəmiyyət üçün təhlükə yaradır. Papa demək istəmir ki, bütün jurnalistlər ilandır, lakin o inanır ki, belələri də ola bilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.