ABŞ və Avropa İttifaqından Ukraynada baş verənlərə reaksiya
1-09-2015, 17:15
Ukrayna Ali Radasında qalmaqallı qərarın ilk oxunuşda qəbulundan sonra start götürən xaos dünya ölkələrinin və təşkilatlarının narahatlığına səbəb olub.
Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ABŞ və Avropa İttifaqı dərhal məsələ ilə bağlı öz mövqeyini ortaya qoyub. ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner brifinqdə çıxışı zamanı Ukrayna hadisələrinə toxunaraq öz məyusluğunu dilə gətirib:
“Əldə etdiyimiz məlumata görə, Radanın qərarından sonra partlayış baş verib, ərazidə qarşıdurma yaranıb və hətta dünyasını dəyişənlər də var. Biz Ukrayna hökumətinin xalqın etirazını güc tətbiq etməklə susdurmasını pisləyir və olanlara təəssüflənirik. ABŞ Ukrayna vətəndaşlarını dinc üsullarla öz haqqını tələb etməyə çağırır”. Avropa İttifaqının Ali Nümayəndəsi Federika Mogerini məsələyə şərh verərkən Ukraynada de-mərkəzləşmə siyasətinin güc yoluyla qəbul edilməsinin yolverilməz olduğunu deyib:
“Bu gün Ukrayna Ali Radası de-mərkəzləşdirmə qanunu səsverməyə çıxarıb ilk oxunuşda qəbul etdi. Lakin sonradan baş verən hadisələr tükürpərdicidir. Ukrayna sözügedən qanunun qəbuluna zor tətbiq etməklə nail olmamalıdır. Biz partlayış zamanı dünyasını dəyişmiş hüquq-mühafizə orqanlarının ailələrinə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”.