3 bombalı hücüm planlaşdıran şəxs Almaniyada sığınacaq alıb – NÖVBƏTİ SKANDAL
7-06-2018, 13:35

Almaniyada sığınacaq qərarlarının verilməsi ilə bağlı növbəti skandal yaşanıb. AzEuroNews.com xəbər verir ki, 2004-cü ildə Düsseldorf şəhərində bir bara və yəhudi icmasına aid bir binaya bombalı hücum planlaşdıran 52 yaşlı İordaniya vətəndaşı Abu Dhess Almaniyada yaşamaq icazəsi alıb.
Belə ki, 2004-cü ildə o, bombalı hücum planlaşdırdığına görə Almaniyada 6 il həbs cəzasına məhkum edilib. Lakin, ölkəsinə göndərilməyib. 2010-cu ildə həbsdən çıxan A.Dhess ölkəsinə qayıdacağı təqdirdə işgəncəyə məruz qalacağını əsas gətirərək Almaniyadan sığınacaq istəyib. Onun sığınacaq istəyi qeydə alınıb və Almaniyada qalıb.

Alman “Bild” qəzetinin xəbərinə görə, ölkənin təkcə Şimali Reyn Vestfaliya əyalətində 16 belə cihadçı var ki, onlara Almaniyada yaşamaq icazəsi verilib. Məsələn, onlardan biri keçmiş “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladenin mühafizəçisi Sami.A-dır. O, 1997-ci ildə Almaniyaya qaçaraq bu ölkədən sığınacaq istəyib. Onun ilk sığınacaq istəyi rədd edilib və ölkəsinə deportasiya edilməsi barədə qərar çıxarılıb. Lakin Almaniya məhkəməsi onun barəsində qərarı sonradan dəyişdirib. Məhkəmə onun ölkəsinə dönəcəyi təqdirdə işgəncəyə məruz qala biləcəyini əsas gətirərək ona Almaniyada yaşamaq icazəsinin verilməsi barədə miqrasiya idarəsinə müvafiq arayış göndərib.