ABŞ-ın Çinlə yarım trilyonluq davası İranı xilas edir

25-07-2018, 07:21           
ABŞ-ın Çinlə yarım trilyonluq davası İranı xilas edir
İranın indiyə qədər neft ixracı 2,8 milyon barrel idi. Heç kimin bunu 0-a endirmək fikri yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. O bildirib ki, ABŞ sanksiyalarının əsas hədəfi İranın neft ixracını 1 milyon barrelə qədər azaltmaqdır:

“ABŞ Prezidenti Donald Tramp əvvəlki illərlə müqayisədə növbəti sanksiyaların daha kəskin şəkildə olmasını istəyir. Çünki 2011-15-ci illərdə də İranın dünya bazarına neft ixracı gündəlik 1 milyon barrelə qədər azaldılmışdı. Bu da növbəti sanksiyaların ondan daha kəskin şəkildə olmasını şərtləndirir. İran tərəfi də buna adekvat addımlar atacağı - Hörmüz boğazını bağlamaqla ABŞ-ı hədələyir. Eyni zamanda, İranın Yaxın Şərqdəki münaqişələrə daha kəskin formada müdaxilə etməsi, ərəb ölkələri ilə münasibətlərini daha da kəskinləşdirilməsi mümkündür. Ona görə də məsələ əvvəlki sanksiyalarla müqayisədə daha ciddi qəbul edilir”.

İ.Şaban vurğulayıb ki, hazırda ABŞ-la Çin arasında ümumi dəyəri 500 milyard həcmində olan ticarət müharibəsi gedir:

“Yəni ABŞ Çində istehsal edilən və ABŞ bazarı üçün nəzərdə tutulan məhsullar üçün əlavə dəyər vergisi tətbiq edir. Bu da həmin məhsulların ABŞ bazarına daxil olmasını çətinləşdirir və əvəzində onu stimullaşdırır ki, oradakı şirkətləri, zavodları demontaj edib ABŞ-a köçürsünlər. Bu, Tampın özünün seçkiqabağı platformasının əsas müddəalarından biri idi ki, artıq reallaşdırır. Ancaq ABŞ-ın bu addımının əvəzində Çin də əvvəlki qaydada İrandan xam neft almaqda davam edəcək. 2011-15-ci illərdə olduğu kimi, Çinin atdığı addımlar yenə də ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların təsirini zəiflədəcək. Yəni İranın neft ixracının bloklanması məsələsi beynəlxalq aləmdəki qarşılıqlı münasibətlərə görə çətinləşir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.