Hökumət xarici borclarla bağlı siyasətini dəyişir - TƏHLİL

25-07-2019, 08:44           
Hökumət xarici borclarla bağlı siyasətini dəyişir - TƏHLİL
“Azərbaycan hökumətin dövlət borcu idarəçiliyi strategiyasını alqışlayırıq və onun xarici valyuta ilə ifadə edilmiş borc öhdəliklərini azaltmaq niyyətini dəstəkləyirik”. Bunu “Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa deyib.

N.Tamirisanın sözlərinə görə, Azərbaycan hökuməti ilə borclanma ilə bağlı Valyuta Fondu hər hansı bir danışıqlar aparmır: “IMF 2005-ci ildən bəri Azərbaycana kredit verməyib. Azərbaycan IMF-dən maddi yardım istəməyib və bu tip yardımlara ehtiyacı yoxdur. Hazırda Beynəlxalq Valyuta Fondundan borc almaqla bağlı hər hansı bir danışıqlar aparılmayır. Ötən ay Azərbaycana baş tutmuş səfərimizin əsas məqsədi IMF-in Əsasnaməsinin IV Maddəsi üzrə məsləhətləşmələr aparmaqdır. Belə məsləhətləşmələr Fondun üzv ölkələrlə apardığı dialoq siyasətinin bir hissəsidir. Əsasnamənin IV Maddəsi üzrə məsləhətləşmələr çərçivəsində Fondun missiyası iqtisadiyyatda baş verən inkişafını qiymətləndirib və ölkənin iqtisadi və maliyyə vəziyyətini müzakirə edib iqtisadiyyatın icmalını hazırlayırıq. Biz geniş tərəfdaşlarla görüşürük, onlar arasında ölkə rəhbərliyi, biznes və maliyyə ictimaiyyəti və digər maraqlı tərəflər var. Müzakirə etdiyimiz əsas mövzular isə iqtisadi icmal və risklər, fiskal və monetar siyasət, maliyyə sektorunda problemlər və struktur islahatlarıdır”.
IMF rəsmisi təmsil etdiyi təşkilatın Azərbaycana milli valyutada kredit vermək imkanının olmadığını da açıqlayıb:

“Dediyim kimi Azərbaycan IMF-dən maddi yardım istəməyib və ona ehtiyacı yoxdur. Beynəlxalq Valyuta Fondunun qaydalarına əsasən IMF-dən götürülmüş hər hansı borc “Xüsusi Borcalma Hüquqları”na (Special Drawing Rights – SDRs) əsasən hesablanır. Bu hesab vahidinin dəyəri sərbəst istifadə edilən valyutalar səbətinə əsaslanır. Digər beynəlxalq təşkilatlar öz razılığına əsasən yerli valyutada borc verə bilərlər.

Bizim fikrimizcə, yaxşı fəaliyyət göstərən yerli borc bazarının inkişafı vacibdir. Belə bir bazar hökumət üçün sabit bir qaynaq qaynaqlaı təmin edə və digər maliyyə bazarlarının inkişafına təkan verə bilər. Bu baxımdan, hökumətin kapital bazarının inkişaf strategiyasını hazırlamaqda əsas tərəfdaşlarla məsləhətləşmələrini önəmli hesab edirik”.

Ümumiyyətlə, xarici borclanma məsələsində də hökumətn siyasətində ciddi dəyişiklik var. Ötən il “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” və Yeni büdcə qaydası təsdiq edilib. Ötən ildən artıq dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın icrasına başlanılıb və görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəki 22,8 faizdən 19,0 faizə enerək 3,8 faiz-bənd azalıb.

Statistikaya görə, bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8, 9 milyard ABŞ dolları təşkil edib (İlin ilk yarısının göstəriviləri yəqin ki, yaxınlarda açıqlanar). Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5% azdır. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Göründüyü kimi, hökumət xarici borc yükünü azaltmaq kursunu. Baxmayaraq ki, ölkənin valyuta ehtiyatı 45 milyard dollardır, yəni xarici borclardan düz 5 dəfə çoxdur. Bununla belə, hökumətin konservativ büdcə siyasəti pozitiv tendensiyadır və daxili resurslardan daha effektiv istifadəyə hesablanıb. Bu siyasət yaxın illərdə davam etsə, hökumət daha effektli sosial və investisiya siyasəti həyata keçirə bilər. Təbii ki, investisiya siyasətinin daha çox özəl sektora tranformasiya daha effektiv olardı və büdcə xərcləri daha çox sosial layihələrin maliyyələşdirilməsinə yönələrdi.
Qadir İBRAHİMLİ \\istiqlal.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.