Kreml Qarabağ üzrə kuratorunu dəyişir, Bakı və İrəvan isə...
30-07-2019, 09:13
Rusiyanın Ermənistandakı keçmiş səfiri yeni vəzifəyə gətirilir, Paşinyan təhlükəsizlik konsepsiyasını dəyişir, Fransa isə Azərbaycanla hərbi əməkdaşlığı gücləndirir - mühüm gəlişmələr...
“Paris Bakı ilə energetika və müdafiə sənayesi sahəsində əməkdaşlıqda maraqlıdır”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Bakıda Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşü zamanı deyib.
“Azərbaycan Fransa üçün həmişə mühüm iqtisadi tərəfdar olub və biz buna daim böyük önəm vermişik. Biz iqtisadi və maliyyə sahələri üzrə əməkdaşlığın yeni mərhələsinə keçmək istəyirik. Biz həmçinin energetik sferada, bərpa olunan enerji qaynaqları və müdafiə sənayesi sahələri üzrə ikitərəfli əməkdaşlıqda maraqlıyıq”, – deyə fransalı nazir söyləyib.
*****
Avropa Birliyinin aparıcı dövləti və ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan, ərazisində ən böyük erməni lobbisinin mövcud olduğu Fransa ilə Azərbaycan arasında əlaqələrin son illər yüksəlişə üz tutması diqqət çəkməyə bilməz. Rusiyanın satelliti olan və onun təsir zonasından uzaqlaşa bilməyən, ölkəmizdən fərqli olaraq, Fransa üçün heç bir iqtisadi cəlbediciliyi olmayan Ermənistanda Bakı-Paris münasibətlərindəki bu istiləşmənin təlaş doğurması da gözləniləndir.
Azərbaycanı, təbii ki, Fransa ilə hərbi sahədə əməkdaşlıq məxsusi maraqlandırır - Qarabağa görə. Bu yerdə “Yeni Müsavat” xatırladır ki, ötən ilin sentyabrında Bakıda keçirilmiş “ADEX-2018" beynəlxalq Müdafiə Sərgisində ilk dəfə Fransa iki şirkətlə təmsil olunmuşdu: hərbi-dəniz müdafiəsi sahəsində Avropa lideri olan ”Naval Group" (əsasən sualtı qayıqlar və gəmilər inşa edir) və “Thales” şirkəti. Sərginin keçirildiyi günlərdə məlum olmuşdu ki, Azərbaycanla Fransa hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır. Söhbət iki ölkənin müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməklə bağlı anlaşmasından gedirdi.
Bu ilin iyununda Fransa paytaxtında keçirilən “Paris Air Show-2019" sərgisində isə Azərbaycan da təmsil olunmuşdu. Ancaq daha önəmlisi o idi ki, sərgi çərçivəsində Azərbaycan, hərbi sənaye nazirinin müşaviri Fərrux Vəzirov Fransanın ”Nexter", “Thales” (Bakı sərgisində iştirak edib), “CS Communication”, “Lacroix” rəhbərləri ilə bir araya gəlmişdi. Görüşdə hərbi-texniki əməkdaşlığa dair məsələlər müzakirə edilmişdi.
Məsələn, “Nexter” şirkətinin rəhbərliyi ilə görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil, əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılmış, tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə “yol xəritəsi” müəyyən edilmişdi. Görüşdə habelə “Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbaycana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə edilmişdi. Sərgi çərçivəsində Fransa Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Thomas Lorne ilə də görüş olmuş, iki ölkə arasında hərbi-texniki əməkdaşlığın yaradılması istiqamətində danışıqlar aparılmışdı.
*****
Fransalı nazirin Bakı açıqlamasından da göründüyü kimi, tərəflər hərbi sahə də daxil, ikitərəfli əməkdaşlığın davam etdirilməsinə dair anlaşmaya sadiqdir. Bu isə, sözsüz ki, ən çox işğalçı Ermənistanı rahatsız edəcək. Yada salaq ki, az öncə Ermənistan XİN-i bununla bağlı xüsusi bəyanat yaymışdı.
Üstəgəl, ötən ay Fransa məhkəmələri bu ölkənin bir neçə şəhərinin merlikləri ilə separatçı Dağlıq Qarabağdakı yaşayış məntəqələri arasında bağlanmış qanunsuz dostluq müqavilələrini ləğv edib. Görünür, həm də bu səbəblərdən Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizlik konsepsiyasını dəyişməyə girişib.
“Atlas” Araşdırmalar Mərkəzinin bu xüsusda təhlilində Paşinyanın hazırkı konsepsiyanı artıq yararsız hesab etdiyi bildirilir: “2016-cı il aprel savaşı Ermənistan ordusundakı böyük qüsurları ortaya çıxardı və hakimiyyətə gələn Paşinyan qüsurları etiraf etmək məcburiyyətində qaldı. Ermənistanın təhlükəsizlik konsepsiyası 2007-ci ildən bu yana dəyişdirilməyib. Yeni konsepsiyanın ana istiqamətlərini Paşinyanın yeni təyin etdiyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təqdim edib. Onun əsas müddəaları bunlardır: birincisi, yeni konsepsiya 2016-cı il aprel müharibəsinin təkrarına yol verməməlidir. İkincisi, strategiyanın əsas şüarı budur: ”Peşəkar generallar qələbəni müharibəsiz də əldə edirlər". Üçüncüsü, “yumşaq gücdən” istifadə. Paşinyanın məqsədi aydındır. Erməni cəmiyyəti müharibə və itki istəmir. Ona görə də Paşinyanın təlimatı ilə hazırlanan təhlükəsizlik konsepsiyasının 3 ana maddəsində cəmiyyəti sakitləşdirmək üçün müharibə istisna edilir. Ancaq bunun reallaşdırılması mümkün deyil. Çünki “müharibə istəməmək” tək bir tərəfdən asılı məsələ deyil. Əgər qarşıdakı ordu növbəti hücum əməliyyatı planlaşdırırsa, döyüşə girməlisən".
Analizdə Paşinyanın planlarını pozacaq yeganə gücün Azərbaycan ordusunun növbəti həmləsi ola biləcəyi vurğulanıb: “Bu halda Ermənistanın təhlükəsizlik konsepsiyasındakı hər 3 maddə - ”aprel müharibəsinin təkrarlanmaması", “qələbəni müharibəsiz əldə edən generallar” və “yumşaq güc” mənasız söz yığınına çevriləcək, İrəvan yeni konsepsiyadan da imtina etməli olacaq".
Ona görə də “Atlas” hesab edir ki, Ermənistan hökumətinin böyük ümidlərlə hazırladığı yeni təhlükəsizlik konsepsiyasının işlək və uzunömürlülüyü yalnız işğal faktına son qoyulmasından və bunun əsasında Azərbaycanla sülh sazişi imzalamasından keçir...
*****
Bu arada həmsədr dövlətlərdən olan Rusiyanın Dağlıq Qarabağ üzrə kuratoru dəyişməyə hazırlaşdığı məlum olub. “Kommersant”ın yazdığına görə, Rusiya XİN-də Qarabağ münaqişəsi və keçmiş sovet respublikalarındakı digər münaqişələrlə məşğul olan diplomat dəyişir. Bu vəzifəyə Rusiyanın Ermənistandakı keçmiş səfiri İvan Volınkinin təyin olunacağı gözlənilir (Virtualaz.org).
Nəşr bildirir ki, indiyədək münaqişələrlə məşğul olan xarici işlər nazirinin müavini Qriqori Karasin Federasiya Şurasının üzvlüyünə namizəd göstərilib. Onun yerini kimin tutacağı isə faktiki olaraq müəyyənləşib. Belə ki, XİN-də yüksək posta hazırda üç nəfərin namizədliyi nəzərdən keçirilir. Onların içərisində əsas namizəd XİN-in konsulluq departamentinin rəhbəri İvan Volınkindir.
60 yaşlı Volınkin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur, SSRİ-nin və sonradan Rusiyanın ABŞ, Yuqoslaviya, Gürcüstan, Serbiya və Monteneqro, Makedoniyadakı səfirliklərində işləyib. 2009-2013-cü illərdə xarici işlər naziri Sergey Lavrovun köməkçisi, nazirliyin baş katibliyinin direktor müavini olub. 2013-2018-ci illərdə isə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.
Təcrübəli diplomat Qriqori Karasinin Federasiya Şurası üzvlüyünə namizədliyini Saxalin vilayətinin qubernatoru irəli sürüb. Avqust ayında onun 70 yaşı tamam olur. Karasinin uzun illərdir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları, o cümlədən Dnestryanı münaqişəni, Belarusla müntəzəm olaraq baş qaldıran ticarət müharibəsini kurasiya edib. Rusiya XİN-də bu istiqamətdə işin spesifikası ondan ibarətdir ki, həmin ölkələrlə bağlı qərarlar əsasən nazirlikdə yox, Kremldə qəbul edilir...
Siyasət şöbəsi,
“Yeni Müsavat”