ABŞ Azərbaycanı xarici təhdidlərdən qoruya biləcəkmi? - rəy

31-07-2019, 08:52           
ABŞ Azərbaycanı xarici təhdidlərdən qoruya biləcəkmi? - rəy
Əhəd Məmmədli: “Bakı regionun Beyrutuna çevrilib...”
Amerikanın Azərbaycanın cənub sərhədlərinin gücləndirilməsi üçün ölkəmizə 100 milyon dollardan çox maliyyə ayırması ilə bağlı gedən müzakirələr davam edir. Bununla bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”ın ötən sayında bir sıra diqqətçəkən fikirlər səsləndirib.

Azərbaycanla ABŞ arasında münasibətlərin yaxşı olduğunu qeyd edən politoloq bildirib ki, bu münasibətlərdən narahat olanlar az deyil. E.Şahinoğlu rəsmi Vaşinqtonun Azərbaycana ayırdığı maliyyə vəsaitlərini getdikcə artırdığını da dilə gətirib.

Heç kəsə sirr deyil ki, Azərbaycan-ABŞ münasibətlərindən ən çox qonşuluğumuzda yerləşən Rusiya və İran narahatdır. Çünki hər iki dövlət Amerika ilə burun-buruna dayanıblar və regionda yerləşən heç bir dövlətin rəsmi Vaşinqtonla yaxın əlaqələr qurmasını istəmirlər. Məhz bu səbəbdən “ABŞ Azərbaycanı qoruya biləcəkmi” kimi suallar yaranıb. Eyni zamanda rəsmi Bakının nə etməli olduğu yönündə də fərqli mövqelərə rast gəlirik.

Siyasi şərhçi Əhəd Məmmədli Azərbaycanın Amerika ilə münasibətlərinin hər zaman normal olduğunu qeyd etdi: “Məgər Azərbaycan-Amerika münasibətləri pozulmuşdu ki? Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ABŞ-la münasibətləri həmişə yüksəlişə doğru gedib. Ən azından son 3 prezidentimiz - Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev ABŞ-la çox yaxşı münasibətlər qurublar. Bunu da düzgün siyasət hesab edirəm. O ki qaldı ABŞ-da yerləşən, maliyyələşən beynəlxalq təşkilatların Azərbaycanı antidemokratiyada ittiham, tənqid etməsinə, bu, heç vaxt Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir etməyib. Çünki rəsmi Vaşinqton rəsmi Bakı ilə münasibətləri demokratiya deyil, maraqları müstəvisində qurub və bu siyasətini uğurla davam etdirir. Bunda da təəccüblü heç nə yoxdur. ABŞ qurulandan dünyaya bu cür siyasət ixrac edib. İrana gəldikdə, ABŞ və İsraillə münasibətlərimizə qısqanclıqla yanaşıblar. Bunu da təbii qarşılamaq lazımdır. Hər ölkənin öz marağı var. Azərbaycan da bu çətin situasiyada öz maraqlarını qorumağı bacarmalıdır. Rəsmi Bakı bunu nə qədər yaxşı bacaracaqsa, o qədər də təhlükəsizliyimizi təmin, ərazi bütövlüyümüzü bərpa edə biləcəyik. Azərbaycan Amerikaya lazım olduqca bizi qoruyacaqlar. Əslində Amerika Azərbaycanın deyil, öz maraqlarını müdafiə edir. Ona görə də ölkəmizə maliyyə yardımı edir və s. Azərbaycan da müharibə şəraitində olan bir dövlətdir. Belə şəraitdə maraqları qorumağı bacarmalıdır. Azərbaycanın maraqları haradadır, orada da olmalıyıq. Dövlətimizin bir təbii müttəfiqi var, o da qardaş Türkiyədir. Başqa ölkələrlə isə ancaq öz maraqlarımız çərçivəsində davranmalıyıq. Azərbaycanın cənub sərhədində İran bir tərəfdən, ABŞ və İsrail digər tərəfdən bir-biriləri ilə kəşfiyyat müharibəsindədirlər. İran Azərbaycan tərəfdən uçan İsrailin PUA-larını vurmaqla məşğuldur. Heç kəsə sirr deyil ki, ABŞ-la İsrail Azərbaycanın İran və Rusiyadan kəşfiyyat təhlükəsizliyini qoruyur. Rusiya da özünə lazım olanda rəsmi Bakıya anti-Amerika, anti-İsrailə yönəlik məlumatlar göndərir. Azərbaycan kəşfiyyat savaşının içindədir. Təbii ki, bu cür durumdan Azərbaycan da öz dividentlərini götürür. ABŞ-Rusiya hərbi qərargah rəhbərlərinin məhz Bakıda görüşmələri təsadüfi deyir. Bu baxımdan Bakı regionun Beyrutuna çevrilib. Balaca ölkə olmaq hələ o demək deyil ki, daim kiminsə mühafizəsində olmaq lazımdır. Çünki belə olan halda əsl müstəqil dövlət heç vaxt olmayacaqsan. Müasir dünyada balaca ölkə olmaqla da böyük gücə, təsirə malik olmaq olar. Bunu İsrail, İsveçrə, Vatikan kimi nümunələrdə görə bilərik. Azərbaycan elə gücə malik olmalıdır ki, heç kəs bizə onlardan asılı, satellit gözü ilə baxmamalıdır. Rəsmi Bakı İran-ABŞ ziddiyyətlərindən öz xeyrinə istifadə etməlidir. Amma müstəqil gücə çevrilməyi də bacarmalıdır. Ölkəmizin seçim maraqları olmalıdır. Ümumilikdə götürəndə xarici siyasətimizi anlayıram. Real şərtlər, geopolitik durumu nəzərə alsaq, Azərbaycanın xarici siyasətini bəyənirəm”.

Ə.Məmmədli Azərbaycanın balanslı siyasətə sadiq qalacağını düşünür: “Bakı balanslı siyasətini davam etdirəcək. Unutmayaq ki, İranla Rusiya yanımızdadır, Amerika isə okeanın o tayındadır. Ukrayna, Gürcüstandan daha yaxın Amerikaya olmayacağıq ki? Ona görə də Amerikanın maraqlarına görə nə İran, nə də Rusiya ilə qarşı-qarşıya gəlməməliyik, zatən gəlməyəcəyik də. Bu məsələlərdə rəsmi Bakı kifayət qədər praqmatik siyasət aparır. Bu cür yanaşmanı da doğru hesab edirəm. Düşünürəm ki, indiyə qədər necədirsə, bundan sonra da Azərbaycanın xarici siyasəti hesablanmış olacaq və bu siyasət Amerika, Britaniya, İsraillə əməkdaşlığı davam etdirməklə İran və Rusiya ilə münasibətləri qoruyub saxlayacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.