Azərbaycan vəkilliyi 100 yaşında
31-07-2019, 09:39
Əkrəm Həsənov: “Məhkəmə hüquq islahatlarının başlanmasında vəkillərin də böyük rolu var”
İyulun 30-da Azərbaycanda vəkillər peşə bayramlarını qeyd ediblər. Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2018-ci il 19 iyul tarixli qərarı ilə hər ilin bu günü Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü kimi qeyd olunur.
30 iyul tarixi təsadüfən seçilməyib. Məhz həmin gün, 1919-cu ildə - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurası təşkil olunub. 100 yaşını qeyd edən Azərbaycan vəkilliyinin durumu göz önündədir.
Vəkil Əkrəm Həsənov deyir ki, bu gün Azərbaycan vəkilliyinin durumu daha yaxşı olmalı idi: “Bu gün Azərbaycanda xalqın əziyyət çəkdiyi məsələlərdən biri məhkəmə sistemindəki korrupsiyadır. Vəkil bir qayda olaraq vətəndaşla korrupsioner arasında vasitəçi kimi qəbul olunur. Əksər hallarda bu həqiqətə uyğun yanaşmadır. Ümumiyyətlə, vətəndaşı aldadan, söz verən, işini düzəldəcəyəm deyib pulunu alan, işi düzəltməyən peşə sahibi kimi tanınır. 100 il əvvəl, Azərbaycan Demokratik Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski də vəkil olub. Onunla bizim aramızda yerlə-göy qədər fərq var. Çünki 100 il əvvəlki məhkəmə sistemi Azərbaycanın bugünkü məhkəmə sistemindən daha ədalətli idi. Ona görə də normal vəkil fəaliyyəti olub”.
Vəkil deyir ki, 100 il ərzində Azərbaycan məhkəmə sistemi inkişaf etmək əvəzinə geriləyib: “Hətta SSRİ vaxtında məhkəmə sistemi daha ədalətli olub. Bərbad məhkəmə sistemi olan yerdə normal vəkillikdən danışmaq yersizdir. Vəkillə həkimin peşəsi yaxındır. Hər ikisinin yanına insanlar problemlərinin çözülməsi ümidi ilə gəlirlər. Hər ikisi savadlıdırsa, düzgün diaqnoz qoyur, resept yazır, problemin həlli yolunu göstərirlər. Həkim pasiyentinə 95 faiz təminat verə bilər ki, bu dərmanı içsən yaxşı olacaq. Vəkil isə heç 1 faiz də qarantiya verə bilmir. Çünki məhkəmənin necə qərar verəcəyi bilinmir. Belə olan halda ən savadlı, ən dürüst vəkil belə cəmiyyətdə adekvat qəbul olunmur”.
Əkrəm Həsənov deyir ki, vəkillin işi-peşəsi dövlət qurumlarında olan problemlərə qarşı mübarizə aparmaqdır: “Bütün dünyada belədir. Azərbaycanda bu baxımdan durum pisdir. Bu gün Azərbaycanda peşəkar, dürüst vəkillər var və onlar mövcud şərtlər daxilində nə bacarırlarsa, edirlər. Son vaxtlar məhkəmə hüquq islahatlarının başlanmasında vəkillərin, Vəkillər Kollegiyasının da böyük rolu var”.
Vəkilin sözlərinə görə, son 2 ildə vəkillikdə və məhkəmə sistemində az da olsa irəliləyişlər var: “100 illiyimizi ideal hüquqi dövlətə yaxın vəziyyətdə qeyd etməli idik. Bu gün dünyada müsəlman ölkələri arasında hüquqi dövləti bərqərar edən ölkələr sırasında Birləşmiş Ərəb Əmirlikləri ilk yerdədir. Monarxiya olsa da, məhkəmələr müstəqil, ədalətli, savadlı qərarlar verirlər. 1919-20-ci illərdə həmin o Ərəb Əmirliklərinin nə gündə olduğu bəllidir. İndi isə gəlin baxaq, 100 ilə biz hara gəlib çıxmışıq?”
Əkrəm Həsənov vəkillərin sayının artmasının son nəticə olaraq keyfiyyətə də təsiri olacağına inanır.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov BBC-yə açıqlamasında vəkillərin sayından söz açıb. “Əgər keçən il bizdə 920 vəkil vardısa, bu il bu rəqəm 1500-ü ötür. Vəkilliyin inkişafı ilə əlaqədar dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırıldı. İndi biz çalışırıq ki, dövlət hesabına göstərilən hüquqi yardım formal olmasın, keyfiyyətli və insanların ürəyincə olsun. Biz çalışırıq ki, vətəndaşların şikayətlərinə operativ reaksiya verək. Əvvəllər dövlət hesabına olan işlərə bir qrup vəkil çıxırdısa, indi kollegiyanın hər bir üzvü bu işlərə çıxacaq. Bizim əsas məqsədimiz odur ki, Azərbaycanda hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edək. Bunun üçün də ucqar rayonlarda da vəkil çatışmazlığını aradan qaldırmağa çalışacağıq. Vəkillər Kollegiyasının qaynar xətti yaradılıb. Hər bir vətəndaş hüquqi yardımla, vəkillərin fəaliyyəti ilə bağlı istədiyi vaxt bizə müraciət edə bilər. Elektron vəkil kabineti yaradılıb. Vəkillərin reyestri dərc olunub. Bəzi hallarda vəkillər etik davranış qaydalarına lazımi şəkildə əməl etmirlər. Biz də başa salırıq ki, qanunla qadağalar var bu sahədə. Vəkil, sirrini təşkil edən məlumatlar yayıla bilməz. Vəkillərin bir çoxu demək olar ki, əksəriyyəti məhkəmə proseslərində mantiyasız çıxış edirdilər. Bu da birbaşa etik davranış qaydalarının pozuntusudur”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”