Azərbaycan 2 milyard kreditdən imtina edib

1-08-2019, 16:42           
Azərbaycan 2 milyard kreditdən imtina edib
“Azərbaycanda dövlət borcu sahəsində bütün öhdəliklər yerinə yetirilməkdə, təsdiq olunmuş orta və uzunmüddətli dövlət borcunun idarə edilməsi strategiyasına tam əməl olunmaqdadır”.
“Yeni Sabah” xəbər verir ki, bunu dünən Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə maliyyə naziri Samir Şərifov deyib.

“Borcun səviyyəsini endirməyə nail olmuşuq və indiki səviyyənin saxlanılmasını təmin edirik. Eyni zamanda, bəzi əhəmiyyətli layihələrə dövlət zəmanətləri verilir. O cümlədən, belə mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir.

Sevindirici haldır, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmayıb, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı. İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MİGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti kredit müqaviləsi bağlayıb - 750 milyon dollar məbləğində.

İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni, həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir”, - deyə o bildirib.

“İlin sonunadək dövlət büdcəsi qarşısında olan öhdəliklərin tam təmin edilməsi üçün bütün şərait yaradılıb. Ələlxüsus, çox ümidverici haldır ki, bizim dövlət büdcəsinə daxilolmanı təmin edən orqanlar tərəfindən proqnoz göstəricilər artımlarla icra olunmaqdadır”, - nazir əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru