Artur Rasizadə cərimələrlə bağlı yeni qərar imzaladı - Qərar

4-12-2015, 20:44           
Artur Rasizadə cərimələrlə bağlı yeni qərar imzaladı - Qərar
Nazirlər Kabineti “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nı təsdiq edib.


Teref info APA-ya istinadən xəbər verir ki, Qaydaya əsasən sistem iştirakçıları inzibati xəta haqqında iş üzrə qərarı və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolu, məhkəmə qərarını, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərini, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə təyin olunmuş ballar barədə məlumatı, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti və müddətin bitməsi barədə məlumatları, inzibati xəta törətmiş fiziki şəxsin şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və fərdi identifikasiya nömrəsini (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin istifadəçisi fiziki şəxsdirsə - qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini, elektron ünvanını (olduğu halda), sürücülük vəsiqəsində olan məlumatları, hüquqi şəxsdirsə - həmin nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını, məhkəmə qərarına əsasən xeyrinə ödəniş aparılacaq şəxsin bank hesabı nömrəsini, vəsatətə və ya şikayətə baxılmasının nəticəsi barədə inzibati xəta haqqında iş üzrə qərarı və ya məhkəmə qərarını, real vaxt rejimində sistemə göndərirlər.


Sistemin istifadəçiləri sistemdən internet, xüsusi ödəmə terminalı, mobil telefon aparatı vasitəsi ilə istifadə edə bilərlər. Sistemdən internet vasitəsilə istifadə sistem operatorunun internet informasiya resursu (www.asanpay.az) üzərindən sistemdə qeydiyyatdan keçmədən, sistemdə qeydiyyatdan keçməklə, gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsilə üsullarla həyata keçirilir.


Sistemdə qeydiyyatdan keçmədən istifadə üçün mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilən “ASAN ödəniş” nömrəsi” “ASAN ödəniş” nömrəsi ilə giriş” bölməsinə daxil edilməli və yaxud yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolun seriyası və nömrəsi və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi “Qeydiyyatsız ödəmə” bölməsinə daxil edilməlidir.


Sistemin istifadəçiləri gücləndirilmiş elektron imza (“ASAN imza” istisna olmaqla) vasitəsilə sistemdən yalnız bu cür istifadəyə imkan verən zəruri informasiya texnologiyalarına malik olduqda istifadə edə bilərlər. Bu halda sistemin istifadəçiləri gücləndirilmiş elektron imzanın sertifikatını seçməklə, “PİN”ini tələb edilən yerlərə daxil etməlidirlər. “ASAN imza” vasitəsilə sistemdən istifadə etmək üçün sistemin istifadəçiləri “Asan imza nömrəsi”ni və “Asan imza istifadəçi ID”sini tələb edilən yerlərə daxil etməli və “Asan imza nömrəsi”nə göndərilən kodu sorğu yolu ilə mobil telefonunda avtomatik formalaşan “Push message” texnologiyası vasitəsilə sertifikat xidməti mərkəzinə göndərməlidirlər.


İnzibati cərimələr, dəbbə pulu, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlər, digər ödənişlər sistem operatorunun internet informasiya resursu (www.asanpay.az), əhalinin intensiv istifadə etdiyi ictimai yerlərdə quraşdırılmış və sistemə inteqrasiya olunmuş xüsusi ödəmə terminalları və ya sistemin xüsusi proqram təminatı əsasında mobil telefon aparatları vasitəsilə həyata keçirilə bilər. Sistemdə qeydiyyatdan keçən sistemin istifadəçiləri elektron kabinetə daxil olaraq, inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolla tanış olduqdan sonra ödəniş apara bilərlər.


Sistemdə qeydiyyatdan keçməyən sistemin istifadəçiləri isə “ASAN ödəniş” nömrəsi” və “Qeydiyyatsız ödəmə” bölmələrinə daxil olmaqla ödəniş apara bilərlər. Mobil telefon aparatları vasitəsilə ödənişləri aparmaq üçün sistemin istifadəçiləri sistemin operatoru tərəfindən təyin edilmiş servis nömrəsinə barəsində tərtib edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolun tarixi, seriyası və nömrəsini və ya inzibati xəta haqqında iş üzrə qərarın tarixi və nömrəsini qısa mesajla – SMS vasitəsilə göndərməlidirlər.


Mobil telefon aparatları vasitəsilə ödənişlər mobil telefon nömrəsinin balansından həyata keçirilir və ödənişlərin həyata keçirilməsi barədə sistemin istifadəçilərinə qısa mesaj – SMS göndərilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.