MTN şefinin süqutu üzərində qurulan “DİRİLİŞ PLANI”: Ziya Məmmədov sükutu pozdu

7-12-2015, 15:56           
MTN şefinin süqutu üzərində qurulan “DİRİLİŞ PLANI”: Ziya Məmmədov sükutu pozdu
Eldar Mahmudovla Əli Abbasovun “vurulması” Ziya Məmmədovu hərəkətə gətirdi

Nəqliyyat naziri Ziya Məmmədov uzun müddətdir ki, dayandığı müdafiə mövqeyini tərk edərək hücuma keçmək niyyətini sərgiləyir. Məlumat üçün bildirək ki, son bir neçə ay ərzində nəqliyyat nazirinin səlahiyyətlərinin bir-birinin ardınca əlindən alınması, qurumun məsul olduğu funksiyaların isə ayrı-ayrı dövlət qurumları arasında bölüşdürülməsi prosesinə şahidlik edirik. Bu isə artıq hakimiyyət düşərgəsində Ziya Məmmədova etimadın itməsindən və onun əvvəlki mövqedə olmadığından xəbər verir.

Savash.org xatırladır ki, elə bütün bunları nəzərə alaraq ekspertlər Ziya Məmmədovun “vurulacağını” iddia edir və bu iddianın heç də havadan götürülmədiyini, faktlarla izahının olduğunu iddia edirdi. İctimai rəy xeyli müddətdir ki, nəqliyyat nazirinin işdən çıxarılmasına, hətta həbsə atılmasına belə hazırlanmışdı. Amma əvəzində adları mediada və qalmaqallarda Ziya Məmmədov qədər hallanmayan digər iki nazirin “vurulması” baş verdi. Milli təhlükəsizlik naziri Eldar Mahmudov və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tutduqları vəzifədən azad edildi. Adıçəkilən hər iki nazirin vəzifəsini itirməsinə səbəb olan şok faktlar isə ölkə gündəmini hələ də məşğul etməkdədir. Belə bir sitiuasiya isə Ziya Məmmədov mövzusunu istər-istəməz arxa plana itələdi. Amma bu Ziya Məmmədovun müəllifliyi ilə həyata keçirilmiş maxinasiya və korrupsiya hallarının unudulması anlamına gələ bilməz.

Görünən isə odur ki, indi Ziya Məmmədov Eldar Mahmudov və Əli Abbasovun “vurulması”ndan ustalıqla öz xeyrinə istifadə etməyə başlayıb. Hələlik işini mətbuatın əli və diliylə görən Ziya Məmmədov aylardır ki, dayandığı müdafiə mövqeyini yavaş-yavaş tərk edir. Onunla bağlı bugünlərdə bəzi saytlarda dərc olunmuş “Ziya Məmmədovu kim vururdu” başlıqlı yazı isə nəqliyyat nazirinin “hücümda oynamaq” istəyindən xəbər verir. Həmin yazıdan diqqətimizi çəkən hissələri xüsusi olaraq seçərək oxucularımızın diqqətinə çatdırırıq. Oxuyun, və Ziya Məmmədovun media vasitəsilə hücuma necə keçdiyinin şahidi olun. Beləliklə...

“Ölkənin müəyyən dairələri tərəfindən nəzarət edildiyi bəzi KİV-lər öz məqsədinə çatmaq üçün saman çöpündən belə yapışmağa hazır idilər. Ümumilikdə onlar buna nail ola bilmədilər, amma əhval-ruhiyyəni pozmağı bacardılar və “qurbanlıq quzu” yenə də Ziya Məmmədov oldu”.

“Xüsusi xidmətlərin sabiq rəhbəri Eldar Mahmudovun nəzarəti altında olan KİV yaxşı işləyib. Amma Avropa Oyunlarının təhlükəsizliyi üçün birinci növbədə Eldar Mahmudov cavabdeh idi. O zaman MTN əvvəllər məhkum olunmuş birinin avtobusun sükanı arxasında oturmağına necə imkan verib? Amma E.Mahmudovun manipulyasiya etməyə çalışdığı ictimai fikir institutları yenidən bütün oxları elə də populyar olmayan Ziya Məmmədova tuşladılar”.

“Eldar Mahmudovun təxribat maşını artıq işə düşmüşdü və Ziya Məmmədovun istefasından xəbər verirdi. Əgər Prezident İlham Əliyev müdaxilə etməsəydi, hər şey sanki öncədən hazırlanmış ssenari üzrə gedirdi”.

“İlham Əliyevin islahatlarını, onun kadr dəyişikliklərini indi hər addımda hiss edirik. Qısa bir zaman ərzində öz vəzifələri ilə vidalaşıb Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində ifadə verən yüksək vəzifəli şəxslərin sayı heç də az deyil”.

“Ziya Məmmədov isə öz işini davam etdirir. Yeri gəlmişkən, uğursuz, “nazirə açılan atəşdən” sonra, xüsusilə də MTN-nin sabiq rəhbərinin istefasından sonra onun adı artıq KİV-də hallanmır”.

“Ziya Məmmədov işinin başındadır. Deməli o, əvvəlki kimi ağı qaradan seçməyi bacaran Prezidentin etimadına layiqdir. Hər şey həqiqətən bir qədər qəribə görünür. Görünür, onun ətrafında tüğyan edən hər şey adi toz imiş, hansısa qüvvələr onun haqqında rüşvətxor və milyardları talan edən bir imic yaratmaq istəyirdilər. Amma dövlət başçısı bizə rüşvətxorun, talayanın kim olduğunu və hətta çiynində xüsusi xidmətlilərin paqonlarını gəzdirən quldurların kim olduğunu dəqiq göstərdi. Nazir Məmmədov onların sırasında deyil”.

Hesab edirik ki, hər şey göz önündədir və heç bir əlavə şərhə ehtiyac yoxdur. Necə deyərlər, görünən kəndə nə bələdçi...

Amma bir məqamı da unutmayaq ki, müdafiədən çıxıb hücuma keçmək həmişə qələbə gətirmir. Ziya Məmmədovun mediada bu əks həmləsi onun sonunu daha da tezləşdirə bilər.

Hər halda Ziya Məmmədovun Eldar Mahmudovun süqutu üzərində qurmağa çalışdığı “DİRİLİŞ PLANI”nın işə yarayacağına inanmaq o qədər də asan deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.