Səfər Əbiyevin müavinindən tələb: - “Onları Naxçıvandan gətirin”
11-12-2015, 15:05
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin veridyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
Hakim Zeynal Ağayev bildirdi ki, adı cinayət işi üzrə şahid qismində keçən iki nəfər şahid Naxçıvanda olduqlarından məhkəməyə gələ bilmirlər.
M.Səlimov isə həmin şahidlərin məhkəməyə gəlib ifadə vermələrinin vacib olduğunu dedi: “Həmin şəxslər istintaq zamanı mənim əleyhimə ifadə veriblər. Lazım gəlsə, mən özüm onları Naxçıvandan gətizdirərəm. O şahidlərin məhkəmədə iştirakı vacibdir, onları bura gətirin”.
Vəkil Ağaveyis Şahverdi isə həmin iki nəfərin ittiham tərəfinin şahidləri olduğunu vurğuladı və onların məhkəmədə dindirilməsini istədi: “Biz tələb edirik gəlsinlər, əks halda onların ifadələri sübutlar siyahısından çıxarılmalıdır. Ötən prosesdə şahid burada istintaqa verdiyi ifadəsindən imtina etdi. Bəlkə bunlar da imtina edəcək”.
Məhkəmə işdə adı keçən şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul etdi. Bundan sonra M.Səlimovun vəkilləri “STŞ” MMC-nin həyata keçirdiyi işlərlə bağlı vəsatət qaldırdılar. Vəsatət hazırkı mərhələdə baxılmamış saxlanıldı.
Vəkillərin ikinci vəsatəti M.Səlimov həbs olunandan sonra yarımçıq tikililəri başa çatdıran podratçı təşkilatın məhkəməyə əlavə şahid qismində dəvət olunması ilə bağlı oldu. Lakin müdafiə tərəfinin bu vəsatəti də baxılmamış saxlanıldı.
Vəkil A.Şahverdi buna etirazını bildirdi: “Bizim vəsatətlərimizi niyə baxılmamış saxlayırsınız? Ya rədd edin, ya da təmin edin. Bizim təqdim etdiyimiz sübutları niyə araşdırmırsınız? Ola bilsin növbəti prosesdə biz məhkəmə tərkibinə etiraz verəcəyik”.
Məhkəmə prosesi dekabrın 18-də davam edəcək.
1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov ötən ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi onun Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir. M.Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, baş qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan sonra Mehman Səlimov tutduğu vəzifədən azad edilmişdi.