Eldar Mahmudovun “Akula”sı Avropanın küçələrində pulsuz-parasız qalıb - Sensasion faktlar
11-12-2015, 18:10
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayevun Azərbaycandan necə qaçdığı və hazırda hansı ölkədə olduğu barədə virtualaz.org saytı səhih məlumatlar əldə edib.
Bu məlumatlara görə, “Akula Akif” hazırda Parisdədir və Fransa polisindən gizlənmək üçün zirzəmilərdə qalır. Onun bank hesabları bağlanıb və əmlakına həbs qoyulub.
Mustafayev Akif İsmayıl oğlu özünü iş adamı kimi tanıtsa da əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub.
“Akula”nın sxeminə əsasən MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyir və həbs edirdi. Bu zaman “Akula” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun “xilas edilməsini” həyata keçirirdi.
Lakin proses bununla da yekunlaşmırdı. “Akula” MTN-dən “xilas etdiyi” iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün “krışalıq” edirdi və onların biznesinə 25-30 faiz payla şərik olurdu.
Prokurorluğun rəsmi məlumatı: axtarışda olan 1 nəfər...
Eldar Mahmudovun “Akula”sı Avropanın küçələrində pulsuz-parasız qalıb -
Baş Prokurorluq bu günlərdə MTN-in həbs edilmiş yüksək vəzifəli şəxslərinin işinə dair ilk geniş rəsmi məlumatını yaydı. Həmin məlumatda deyilirdi ki, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə, rüşvət alma və çoxsaylı digər ağır cinayətlər törətməkdə şübhəli hesab edilən 19 vəzifəli şəxsin barəsində həbs-qətimkan tədbiri seçilib. 1 nəfərin barəsində ev dustaqlığı haqda qərar çıxarılıb. 1 nəfər isə istintaqdan yayınmaq üçün ölkədən qaçıb.
Lakin ev dustağı edilən və xarici qaçanların kimliyi açıqlanmamışdı. Mətbuatda isə onların kimlikləri barədə müxtəlif versiyalar yayılıb.
Bununla belə virtualaz.org saytı dəqiqləşdirib ki, ev dustağı elan edilən MTN-in Monitorinq Mərkəzinin rəhbəri, general-mayor Natəvan Mürvətovadır. Ölkədən qaçan isə “Akula Akif” kimi tanınan həmin Akif Mustafayevdir.
Oktyabrın 18-i, səhər saat 08:40-da...
“Akula” Eldar Mahmudovun batan gəmisini ilk tərk edənlərdən biridir.
Virtualaz.org saytı dəqiqləşdirib ki, E.Mahmudovun işdən çıxarılması barədə oktyabrın 17-də, şənbə günü elan edilən fərmandan və həmin gün MTN-in binasında Baş Xüsusi Dövlət Mühafiə İdarəsinin keçirdiyi əməliyyatdan xəbər tutan kimi “Akula” ölkədən qaçmağı qərara alıb.
Oktyabrın 18-də bazar günü, səhər saat 08:40 reysi ilə o, AZAL-ın reysi ilə Bakıdan Belarusun paytaxtı Minskə uçub. Oradan isə Parisə istiqamət alıb. Bu qaçışın detalları haqda məlumatlı olan mötəbər qaynaq bildirir ki, “Akula”nın Belarusda dayanmaq fikri yox olmayıb və ona təcili olaraq Şengen vizası əldə edərək Minskdən Avopaya uçmaq lazım idi.
Mənbə bildirir ki, “Akula” əslində Avropaya birbaşa Bakıdan da uça bilərdi. Həmin gün onu heç kim axtarmırdı və əsas diqqət MTN-dəki mütəşəkkil qruplaşmanın neytrallaşdırılmasına, Mahmudovun qruplaşmasının nazirlikdəki əsas adamlarının nəzarət altına alınmasına yönəlmişdi.
Buna baxmayaraq illərdir hansı cinayət əməlləri törətdiyini yaxşı dərk edən “Akula” istintaqın diqqətinin ona yönəlməsini gözləmədən aradan çıxmağı qərara almışdı. Və izi itirmək ümidiylə Avropaya birbaşa Bakıdan yox, Minsk üzərindən uçmağı qərarlaşdırdı.
“Pokrovka Məhərrəm”, İlham Rəhimov...
Beləliklə, oktyabrın 18-də səhər saatlarında Bakıdan Minskə uçan “Akula” oradan Fransaya getmək üçün Moskvadakı məşhur “Pokrovka” topdansatış bazarının (hazırda fəaliyyəti dayandırılıb) faktiki sahiblərindən biri kimi tanınan, “Azfrut” şirkətinin təsisçilərindən olan şəmkirli “Pokrovka Məhərrəm”dən kömək istəyib (“Akula”nın “Pokrovka Məhərrəm”lə yaxın münasibətlərinin olduğu bildirilir).
“Pokrovka Məhərrəm” isə “Akula”nın təcili olaraq Minskdən Fransaya uçmasını təmin etmək üçün azərbaycanlı oliqarx, Rusiya prezidentinin tələbəlik dostu kimi tanınan İlham Rəhimova müraciət edib.
Mənbənin bildirdiyinə görə, İ.Rəhimovun Belarusdakı nüfuzlu şəxslərə telefon zəngi sayəsində tezliklə “Akula”nın Minski tərk edib Fransaya uçması təmin olunub.
“Akula” niyə Avropaya qaçıb?
Əslində “Akula”nın Avropaya qaçmaqda məqsədi təkcə istintaqdan yayınmaq deyildi. Onun bir neçə Avropa bankında (o cümlədən Fransa banklarının birində) sanballı hesabları olub. Habelə İspaniyada mülkü var.
Görünür, “Akula” daxil olduğu “Eldar Mahmudov və qırx quldur” dəstəsinin sonunun gəldiyini görərək Avropaya qaçıb sahibkarlardan taladıqları pullarla ömrünün qalan hissəsini firavan yaşamağa ümid edirdi.
Lakin Azərbaycan hüquq-mühafizə orqanları “Akula”nı yaxalamağa imkan tapa bilməsələr də operativ qaydada onun barəsində cinayət dosyesi hazırlayıb İnterpola təqdim ediblər və barəsində qırmızı bülletenlə beynəlxalq axtarış əldə edilməsinə nail olublar.
“Akula”nın İnterpol dosyesi
İnterpolun rəsmi saytında göstərilir ki, 1955-ci ildə andan olmuş Akif Mustafayev Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib, ona qarşı “rüşvət” ittihamı var.
Azərbaycanın Baş Prokurorluğunun İnterpol və Avropa ölkələrinin hüquq-mühafizə orqanları ilə qurduğu operativ təmaslar sayəsində “Akula”nın bank hesablarına və əmlakına qısa müddət ərzində həbs qoyulub. Nəticədə o, Avropa paytaxtlarında pulsuz-parasız qalıb.
Həmçinin noyabrın 1-də hüquq-mühafizə orqanları əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb. “Akula”nın evindən xeyli daş-qaş, qızıl-zinət əşyaları və külli miqdarda pul götürülərək müsadirə edilib.
Virtualaz.org saytına məlum olub ki, “Akula” Parisə uçduqdan sonra bir müddət Fransa paytaxtında qalıb, bir neçə gün sonra mülkünün olduğu İspaniyaya keçib. Ancaq orada mülkünə həbs qoyulduğunu və axtarıldığını öyrənən kimi yenidən Fransaya qayıdıb.
Eldar Mahmudovun villasında şənbə ziyafətləri
Virtualaz.org saytının əldə etdiyi məlumatlara görə, “Akula Akif” birbaşa Eldar Mahmudovun yaxın çevrəsinə daxil olub və onun ən sadiq adamlarından hesab edilirdi.
Doğrudur, bəzi KİV-lər onun Akif Çovdarovun, yaxud Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyevin kurasiyasında olduğunu iddia ediblər.
Lakin mənbəmiz deyir ki, əslində belə deyil. “Akula” məhz Mahmudovun özünün yaxın çevrəsinə daxil idi və onun ən sadiq adamlarından sayılırdı. Həmin Füzuli Əliyevin MTN-ə gətirilməsində də məhz “Akula”nın rolu olmuşdu.
“Akula” Eldar Mahmudova o qədər yaxın idi ki, nazirin hər həftənin şənbə günü villasında təşkil etdiyi, məhdud çərçivədə adamların qatıldığı ziyafətlərdə həmişə əsas qonaq kimi iştirak edirdi (“Akula”nı tanıyanlar deyir ki, o, həddən artıq məkrli, hər cür alçaq əməllərə əl atmağa qadir olan biridir).
Bu ziyafətlər haqda məlumatlı olan mənbə deyir ki, E.Mahmudov arağı ancaq “Akula” ilə içirmiş. Özü də keçmiş nazir son vaxtlar xeyli qayğılı görünürmüş və şənbə ziyafətlərində oturanda həddən artıq çox içirmiş. Mənbə hətta onun arağı 200 qramlıq stəkanla içdiyini də deyir.
Nazirin malikanəsindəki şənbə ziyafətlərinin proseduru isə belə imiş: əvvəlcə nazir və qonaqları günortaya qədər idmanla məşğul olurmuş. Sonra içki məclisi başlayırmış və məclis axşamdan xeyli keçənə qədər davam edirmiş. Məclis sauna və digər əyləncələrlə yekunlaşırmış.
İndi isə “Akula” Paris küçələrində pulsuz-parasız qalıb. Onun vəziyyətinə bələd olanlar deyir ki, “Akula” tamamilə müflis, miskin vəziyyətdərir və Fransa polisindən yayınmaq üçün zirzəmilərdə gizlənir, yerini tez-tez dəyişir.
E.Mahmudovun kriminal kastasının bu odioz fiqurunun yaxalanaraq Azərbaycana təhvil verilməsi isə qaçılmaz görünür...