Xomeyni aeroportundakı müəmma: 180 nəfərin öldüyü təyyarə vurulub, yoxsa?
9-01-2020, 08:30
İran ABŞ-ın İraqdakı bazasına raket zərbəsi endirdiyi vaxtda Ukraynaya məxsus “Boeing 737" təyyarəsi bu ölkədə qəzaya uğradı, 180 nəfər öldü; təyyarənin vurulması iddiaları...
Dünyanın gözü ABŞ-İran savaşında olduğu bir vaxtda, qonşu ölkə ərazisində Ukraynanın “Boinq-737" sərnişin təyyarəsinin qəzaya uğraması və 180 nəfərin tələf olması ciddi suallar doğurub. Niyə məhz İran ərazisində Ukrayna təyyarəsi qəza etdi? Bu hadisə sırf təsadüfi faciəvi qəzadır, yoxsa təyyarə vurulub?
Maraqlıdır ki, hadisə İmam Xomeyni adına Beynəlxalq Hava Limanında qeydə alınıb. Təyyarə uçuşdan az sonra yerə düşüb. İranın xilasetmə xidmətləri Tehranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737" təyyarəsinin ”qara qutu"sunu aşkar ediblər.
“IRNA” agentliyinin verdiyi xəbərə görə, İran Mülki Aviasiya Təşkilatı təyyarənin göyərtəsində olan 147 sərnişinin İran, 32 sərnişinin isə xarici vətəndaş olduğunu bildirib. İlkin siyahıda isə 73 kanadalı, 71 iranlı, 3 britaniyalı, 4 alman, 6 əfqan, 8 isveçlinin adları məlum olub.
İordaniya KİV: “İran vurub”
Ukraynanın sərnişin təyyarəsinin İranda raket zərbəsi nəticəsində qəzaya uğradığı iddiaları səslənir. Bu iddia ilə İordaniyanın “Əl Adat” qəzeti çıxış edib. Qəzetin iddiasına görə, təyyarə İranın ABŞ-ın İraqdakı bazasına atdığı raketlərdən birinə tuş gəlməsi ucbatından partlayıb.
Məlumatda Ukrayna təyyarəsinin Tehran hava limanından qalxma vaxtının İranın raket hücumlarını başlatmasıyla eyni vaxtda düşdüyü də xatırladılıb.
Rusiyalı ekspertlər də qəzanın kənar müdaxilə nəticəsində baş verdiyini istisna etmirlər. Amma onların fikrincə, bu, olduqca az ehtimaldır. Çünki yanğın mühərrikdə başlayıb və ən əsası da göyərtə parçalanmamış vəziyyətdə deyil, yanıb.
Tehran hava limanının təmsilçisi də təyyarənin qəzaya uğrama səbəbini açıqlayıb. Onun sözlərinə görə, sərnişin təyyarəsi mühərrikdəki yanğın səbəbindən qəzaya uğrayıb.
“Boeing 737"lərin qəza statistikası
Yeri gəlmişkən, əvvəlcə Sabiha Gökçen, ertəsi gün Xomeyni hava limanlarının yaxınlığında Boeing təyyarələrinin iştirakı ilə qəza halının baş verməsi sözügedən hava gəmisi ilə bağlı narazılıqları yenidən artırıb.
Şirkətin “737" seriyalı təyyarələrinə qarşı əsas kampaniya 2018-ci ilin oktyabr və ötən ilin mart ayında İndoneziya və Efiopiyada baş verən qəzalardan sonra yaranıb. Belə ki, qəzaların birində 189 nəfər, digərində isə 157 nəfər həyatını itirib.
Bundan başqa, ötən ilin yanvar ayında “Pegasus Airlines”ə məxsus “Boeing 737-800" tipli təyyarə Trabzon hava limanına eniş zamanı qəzaya uğrayıb. Xoşbəxtlikdən təyyarə dənizə yuvarlanmayıb və torpaq sahədə ilişib. Hadisə zamanı xəsarət alan olmayıb.
Mart ayında isə Yakutiyanın Mirnıy şəhərindən Moskvaya uçan “Boeing 737-800" təyyarəsi Rusiya Federasiyasının Komi Respublikasının Sıktıvkar şəhərinin hava limanına qəza enişi edib.
“Boeing 737 MAX-8" hava gəmiləri ilə baş verən aviasiya hadisələrinin təhlili zamanı bir çox oxşar məqamlar müəyyən edilib. Belə ki, İrandakı qəza da daxil olmaqla, yaşanmış insidentlər zamanı təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Hadisələrin səbəblərinin ilkin versiyası laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır.
Bu arada əlavə edək ki, sözügedən qəzalardan sonra İndoneziya və Efiopiya da bu növ “Boeing”lərin istifadəsini dayandırıb.
Həmçinin Çin aviasiya tənzimləyicisi ölkənin hava yollarında 100-ə yaxın “Boeing 737 MAX 8" təyyarəsindən istifadədən imtina edib. Rəqəm bu növdə istehsal olunmuş təyyarələrin dörddə birindən çoxdur.
Bundan başqa, bir sıra aviaşirkətlər araşdırmanın nəticələri müəyyən edilənədək “Boeing 737 MAX-8" təyyarələrinin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər.
Eləcə də qonşu Gürcüstan hökuməti, Vyetnam, İndoneziya, Monqolustan, Oman, Rusiya, Qazaxıstan və Sinqapur “Boeing 737-8 MAX” və “Boeing 737-9 MAX” tipli təyyarələrin ölkənin hava məkanında uçuşunu müvəqqəti ləğv edib.
Zelenski və Azərbaycan XİN-dən açıqlama
Ukrayna prezidenti Vladimir Zelenski Oman səfərini yarımçıq qoyaraq Kiyevə qayıdıb. O, facebook səhifəsində bütün sərnişinlərin və heyət üzvlərinin doğma və yaxınlarına başsağlığı verib: “Səfirlik faciənin başvermə səbəblərinin müəyyən edilməsi və həlak olanların siyahısının tərtibi üçün çalışır”.
Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna təyyarəsinin İranda qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. Bununla bağlı mətn XİN-in twitter səhifəsində məlumat paylaşılıb.
“Bu xəbəri eşitmək çox kədərli idi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə qeyd edilib. XİN-dən deyilib ki, həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.
Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, indi spekulyasiyalar çox olacaq: “Nəinki İordaniya, Rusiya və Ukrayna mətbuatı da fərziyyələr yazır. Fikirlər səslənir ki, İran-ABŞ qarşıdurmasının qurbanı olublar.
Təbii ki, gərgin şəraitdə şayiələrin sayı-hesabı olmayacaq. Amma təyyarənin qüsurundan da qəza baş verə bilər. Ukrayna tərəfi bəyan edib ki, teraktdan söhbət gedə bilməz. İndi “qara qutu” tapılıb və araşdırılacaq".
Analitik hesab edir ki, erkən mülahizələr regionda gərginliyi daha da artıra bilər: “Heç nəyi istisna etmək olmaz. İran raket proqramlarını inkişaf etdirir. Dəfələrlə İraq ərazisinə zərbələr endiriblər. Sadəcə, qəza olduğu görünür”.
Konspiroloq Həmid Herisçinin qəzetimizə dediyinə görə, İranın atom proqramı ilə əlaqədar beynəlxalq qüvvələrlə bağladığı saziş var. Bu sazişə əsasən, İran neftini satır və əvəzində “Airbus” təyyarələri alır.
H.Herisçi deyir ki, bu da “Boeing” şirkəti tərəfindən qısqanclıqla qarşılanır: “Burada Amerika-İran yox, transmilli və aerokosmik şirkətlərin mübarizəsi gedir.
Ona görə “Boeing” düşməyə başladı. Onlardan biri Efiopiyada tapıldı. Amma niyəsə “qara qutu” Nyu-Yorka yox, Fransaya aparıldı. Çünki prezident Makron avrokosmik sənayeləşmənin maliyyəçisidir".
H.Herisçi deyir ki, İran raketləri atılanda təyyarənin yerə düşməsi təsadüfə oxşamır: “Bu qədər təsadüfi bir yerə yığıla bilməz. Ortada hibrid müharibəsi gedir.
Açıq zərbələr vurulmur. Ona görə texnogen qəza olduğu, yoxsa əvvəlcədən planlaşdırıldığı bilinmir".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”