Baş nazirin bəzi səlahiyyətləri əlindən alındı
13-12-2015, 20:28
Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra Nazirlər Kabinetinin səlahiyyətində olan idxalda ƏDV-dən azadolmalarla bağlı məsələ artıq Vergi Məcəlləsi xəttilə tənzimlənəcək.
Bu dəyişikliklərə qədər Nazirlər Kabineti ehtiyac yarananda hansısa idxal məhsulunu ƏDV-dən azad edə bilirdi. Bu səlahiyyəti Nazirlər Kabinetinə verən Vergi Məcəlləsinin 164.2-ci maddəsi 1 yanvar 2016-ciı ildən artıq qüvvədən düşəcək.
Gələn ildən hansısa məhsulun idxalda ƏDV-dən azad olunması ilə bağlı ehtiyac yaranarsa, bu dəyişiklik Vergi Məcəlləsinin 164-cü maddəsində nəzərdə tutulan siyahıya dəyişiklik kimi mütləq parlamentdə müzakirə edildikdən və Prezident tərəfindən təsdiqləndikdən sonra Məcəlləyə salınaraq qüvvəyə minəcək.
İdxalda ƏDV-dən azadolmalar son dəyişikliklərə qədər Vergi Məcəlləsi ilə yanaşı əsasən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 31 yanvar 2005-ci il tarixli, 11 saylı qərarı ilə tənzimlənirdi. Həmin qərara indiyədək ehtiyac yarandıqca çoxsaylı dəyişikliklər edilmişdi. Qərar qüvvəsini itirməsə də, artıq Nazirlər Kabineti ona hər hansı dəyişiklik etmək səlahiyyətində deyil.\istiqlal.az\