Prezidentin təyin etdiyi yeni rektor kimdir?
14-12-2015, 17:57
Prezidentin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına təyin etdiyi rektor haqda bilgilər var.
Axar.az xəbər verir ki, filalın rektoru Əziz Əliyev Respublika Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin oğludur.
O, 1975-ci il yanvarın 16-sı Bakıda anadan olub. 1992-ci ildə Nyu York Universitetində təhsilə başlayıb və 1999-cu ildə həmin universiteti bitirib.
1999--2002-ci illərdə ABŞ-ın Pitsburq Tibb Universitetində rezidentura təhsili alıb. Rezidentura müddəti ərzində üz-çənə cərrahiyyəsi, müxtəlif bölmələr və baş-boyun şişlərin cərrahiyyəsi üzrə rotasiyalardan keçib.
Ə.Əliyevin ABŞ-da müdafiə etdiyi elmi işi 2003-cü ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib, tibb elmləri namizədi dissertasiyası kimi təsdiq edilib və ona tibb elmləri namizədi alimlik dərəcəsi verilib.
2006-cı ilin sentyabrından 2011-ci ilin dekabrınadək Azərbaycan Tibb Universitetinin üz-çənə cərrahiyyəsi kafedrasında dosent vəzifəsində çalışıb.
2008-ci ilin martında “Xərçəng və şiş ərəfəsi proseslər zamanı ağız boşluğunun selikli qişasında hormonlar və molekulyar-bioloji markerlər” mövzusunda tibb elmləri doktoru dissertasiyasını uğurla müdafiə edib.
O, 2011-ci ildən 2013-cü ilədək Avstriyanın Barmherzigen Şvestern klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində çalışıb. 2013-cü ildən Azərbaycan Tibb Universitetinin müalicə işi üzrə prorektoru vəzifəsində çalışır. Evlidir, iki övladı var.