İlham Əliyevdən harınlamış məmurlara "qırmızı vərəqə": - Yeni islahatlar dalğası gəlir...

26-12-2015, 14:33           
İlham Əliyevdən harınlamış məmurlara "qırmızı vərəqə": - Yeni islahatlar dalğası gəlir...
Hakimiyyət dəhlizlərində kadr rotasiyalarının davam edəcəyi ehtimalı az deyil. Hər bir məmurun taleyi istənilən an həll edilə bilər. Dövlət başçısı anlayır ki, əhalinin mühüm kəsimi məmurlardan narazıdır. Sadə vətəndaşlar kadr dəyişikliyi və islahatların aparılmasını gözləyirlər. Bu vəziyyət ölkədə kadr islahatlarını zəruri edir.

Mövcud komandanı saxlamaq dünyada qlobal iqtisadi böhranın yaşanacağı 2016-cı ildə ciddi problemlər deməkdir. Odur ki, iqtidar hansısa addımları atmağa, həddən ziyadə şişmiş məmurlara “qırmızı vərəqə” göstərməyə məhkumdur. Lakin siyasi hakimiyyət ondan ehtiyat edir ki, yaranmış vəziyyətdə harınlamış məmurları eyni zamanda zərərsizləşdirmək riskli ola bilər. Bu baxımdan, özbaşınalıqları ilə hamını təngə gətirmiş məmurların cəzalandırılması, lakin məmurların bir qisminin maraqlarının nisbətən saxlanılması çıxış yolu kimi dəyərləndirilə bilər. Burada məsələ heç də kiminsə “qırmız vərəqə” almasında da deyil. Söhbət “artıq yüklər”dən azad olmaqdan gedir. Əks təqdirdə, hakim elita özü bütövlükdə ciddi problemlərlə üzləşə bilər.

Nəzərə alsaq ki, gələn ilin əvvəlindən neftin qiyməti yenə də ucuzlaşa bilər, siyasi müstəvidə savaşın daha da qızışacağını təxmin edə bilərik, deməli, qabaqlayıcı tədbirlərin görülməsi qaçılmaz görünür. Bu baxımdan, siyasi hakimiyyətin islahatlara başlaması, struktur dəyişikliyi həyata keçirilməsi ən optimal variant kimi dəyərləndirilməlidir. Bələdiyyələrin səlahiyyətlərinin artırılması, icra strukturunun təsir dairəsinin azaldılması, elektron hökumətin formalaşdırılması kimi öhdəliklərə əməl olunmasının vaxtı çoxdan çatıb. Təbii ki, adıçəkilən islahatları həyata keçirə bilməkdən ötrü ölkə daxilində gərginliyin azaldılması vacib elementlərdəndir. Bəzi məmurlar islahatlara getməyi riskli hesab edirlər. Dövlət başçısının islahatlara kompleks şəkildə yanaşması onu deməyə əsas verir ki, bütövlükdə bütün sahələr üzrə islahatların aparılmasının zamanı çoxdan çatıb.
Lakin məmurların cəzalandırılması yalnız etimad limitinin bitməsi ilə bağlı deyil. Görünür, iqtidarda hansısa məmurların Qərb və yaxud Rusiya siyasi dairələri ilə separat danışıqlara getməsi ilə bağlı məlumatlar var.

Ən müxtəlif məlumatlara görə, ayrı-ayrı məmurlarla Qərb siyasi dairələri arasında Azərbaycanın gələcək siyasi taleyi ilə bağlı danışıqlar aparılıb. Düzdür, hazırda Qərb və Rusiya mövcud Azərbaycan hakimiyyətinə alnernativ görmür. Lakin müəyyən dairələr belə təşəbbüsdə buluna bilərlər. Belə müzakirələr ciddi olmasa belə, prezidenti dəyişiklər etməyə sövq edir. Məhz bu mövzuda danışıqların aparılması prezident İlham Əliyevə komandasını dəyişməyə vadar edən səbəblərdən biridir.
Qarşıdan dünyada iqtisadi böhran ili gəlir. İstənilən halda hakimiyyət iqtisadi və demokratik islahatlar aparmalıdır. Ehtimal etmək olar ki, 2016-cı il başlayan kimi mövcud məmurların bir hissəsi öz postları ilə vidalaşmalı olacaqlar. İctimai rəydə iflasa uğrayan, korrupsiya simvolu kimi tanınan məmurların işdən azad olunmasında ilk növbədə ölkə rəhbəri özü maraqlıdır. Kadr islahatları zamanı irəli çəkiləcək kadrların gənc və müxtəlif bölgələrin təmsilçilərindən ibarət ola biləcəyi ehtimalı xeyli dərəcədə yüksəkdir. Kadr siyasəti zamanı çevik və konseptual düşünə bilən məmurlara üstünlük veriləcəyi ehtimalı da az deyil. Bir sözlə, 2016-cı ilin islahat ili olacağını indidən ehtimal edə bilərik...

Avropa.info-nun ekspert qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.