Dünyadakı iqtisadi böhrana baxmayaraq, 2016-cı ildə Azərbaycanda bir sıra tibb müəssisələri açılacaq - Oqtay Şirəliyev
26-12-2015, 20:38
"Dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, əhalinin sağlamlığını vacib məqam sayan ölkə başçısının ayırdığı vəsaitlər hesabına Azərbaycanda bir sıra tibb müəssisələri açılıb, istifadəyə verilib".
SalamNews xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə, hazırda bir sıra tibb müəssisələrinin təmiri davam etdirilir və üzümüzə gələn 2016-ci ildə açılması planlaşdırılır.
Daha sonra naziri səhiyyənin ən prioritet sahələri olan ana və körpələrin ölüm əmsalları, ÜST diridoğulma meyarlarının tətbiqinin üstünlükləri, kadr çatışmazlığının aradan qaldırılması məqsədi ilə bu il müdavim olmuş həkimlərin bölgələrdə yüksək səviyyədə işlə təminatından danışıb. Cənab nazir Dövlət Proqramlarına müvafiq məsələlərin həlli, qida və dərman vasitələri ilə təminatını xüsusi vurğulayıb və qeyd edib ki, ölkə başçısının səhiyyəyə böyük diqqət və qayğısı sayəsində səhiyyə sahəsində çox böyük işlər, geniş layihələr həyata keçirilib.
Nazir Oqtay Şirəliyev öz çıxışında tibb işçilərini bundan sonra da öz peşələrinə daha həvəslə yanaşmağı tövsiyə edib və hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.