"Onun bankları bağlamaqda məqsədi heç də biznes mühitinin yaxşılaşdırılması deyil..."
30-04-2020, 09:52
13 yanvar 1995-ci ildən Mərkəzi Bankın sədri olan Elman Rüstəmovun nəzərinə: “Ən yaxşı bank Arvad Bankdır”.
Hüquqşünas olsam da iqtisadiyyat həmişə maraq dairəmdə olub, çünki yaxşı bilirəm ki, vətəndaşların durumu orada olan hüquqdan və iqtisadiyyatdan asılıdır. İstənilən ölkədə iqtisadiyyat isə birinci növbədə bank sistemindən asılıdır. Bu barədə təxminən 10-15 il əvvəl xarici səfirliklərin bir toplantısında şəxsən Mərkəzi Bankın sədri E.Rüstəmovla da ayaqüstü söhbətim olub. Elə həmin söhbətdə E.Rüstəmovdan Bank sektorunun ayaqda qalması və iqtisadi inkişafa, sahibkarlığa dəstək olması üçün ədalətli, müstəqil məhkəmə sisteminə ehtiyac olduğunu, rüşvətxor, məmur-oliqarxların göstərişi ilə hərəkət edən məhkəmə sisteminin bank sistemini məhv etməsini, bu sistemin kökündən dəyişməsinin vacibliyini ölkə rəhbərliyinə çatdırmasını da xahiş etmişəm.
İndi isə konkret faktlarla E.Rüstəmovun atdığı addımların ölkə iqtisadiyyatını məhv etməsi barədə son günlər gördüklərimi diqqətinizə çatdırım. E.Rüstəmovun necə bankir olmasını sübut etmək üçün heç də onun haqqında əhali arasında yayılan “əgər E.Rüstəmov manat devalvasiyaya uğramayacaq deyirsə təcili dollar almaq lazımdır” lətifəsini yada salmayacam.
Bu günlərdə Mərkəzi Bank elan etdi ki, 4 bank bağlanacaq və bildiyimə görə artıq “Ata Bank” və “Əmrah Bank”ın bağlanması qərarı verilib. Növbədə “AG Bank” və “NBC Bank”ın bağlanması durur. Burada bir neçə məqama diqqət yetirmənizi istəyirəm. Nəzərə alın ki, dünyanın heç bir yerində iqtisadi böhran, pandemiya dövrü iqtisadiyyatın, sahibkarlığın qan damarları olan banklar bağlanmır, çünki bu, onsuz da çökməkdə olan iqtisadiyyatı, sahibkarlığı məhv etmək deməkdir. Məhz bu dövrlərdə insanlar daha həssas olur və pullarını banklardan çəkmək istəyirlər. Belə bir həssas məqamda 4 bankın bağlanmasını elan etmək insanların bu istəklərini daha da tətikləmək və qalan banklara da etibarı öldürmək deməkdir. Onsuz da azərbaycanlı olaraq banklardan gördüklərimizə görə onlara inanmırıq. Deməli yerdə qalan banklardan da əmanətlər çəkiləcək. Bu barədə bu gün Facebook səhifəmdə çox gözəl bir bənzətmə eşitdim. Bir nəfər sıravi sosial şəbəkə iştirakçısı “Ən yaxşı bank Arvad Bankdır” statusunu yazmışdı. Bu lağ-lağı ilə yazılmış cümlə Elman Rüstəmovun atdığı addımdan sonra yaranmış səhnənin ən dəqiq ifadəsidir. Əminəm ki, bu günlərdə kimlərsə bu mövzuda monitorinq aparsa əhalinin kütləvi şəkildə pullarının banklardan çıxarmalarının şahidi olacaq.
Məhz krizis dövründə banklara dəstək olmaq lazımdır ki, onlar da böhrandan çıxmaq üçün sahibkarlığa dəstək olsunlar. Belə bir dövrdə bankların çökməsi isə əsasən kiçik və orta sahibkarlığın məhv olunması deməkdir, çünki onsuz da oliqarx-məmur biznesmenlərin öz bankları var və onların heç bir kreditə ehtiyacları yoxdur. Hamı bilir ki, 2015-ci il devalvasiyalarından sonra ölkədə kiçik və orta biznes çökdü və bununla da real sektoru maliyyələşdirən bankların maliyyə durumu ağırlaşdı. Ancaq son dövrlər orta və kişik biznes dirilməyə, banklara olan borclarını qaytarmağa başlamışdı. İndi də koronavirusla bağlı tətbiq edilən qadağalar bu biznesi yenə çökdürdü və bunlar da öz növbəsində banklara olan borclarını qaytara bilmir və bankların kapital çatışmazlığı problemləri yaranır. Belə bir məqamda bankların “kapital çatışmazlığı” bəhanəsilə bağlanması isə ağılsızlıqdır. Normalda Mərkəzi Bank bu gün banklara dəstək olmaqla həm onları ayaqda saxlamış, həm də kiçik və orta biznesin tam məhv olmasının qarşısını almış olardı.
Bir hüquqşünas kimi qətiyyətlə deyirəm ki, ölkədə bank sistemini çökdürən əsas amil rüşvətxor məhkəmə sistemidir. Məhz real sektoru maliyyələşdirən banklar girova qoyulmuş əmlaklar hesabına kreditlərini qaytarmaq üçün illərlə məhkəmələrdə sürünürlər, çünki məhkəmələrdə önəmli olan bağlanmış kredit müqavilələri yox, verilən rüşvətlərdir.
Bu gün adı hallanan 4 bankın sırasında real sektora ən çox kredit ayıran bankın yer aldığı bir məqamda, nədənsə istehlak sektoruna, yəni öz qohumlarına, dost-tanışlarına kredit verən, bütün göstəricilərinə görə həmin bankdan geridə olan bankların adı yoxdur.
Nəhayət, düşünürəm ki, bu gün E.Rüstəmovun bankları bağlamaqda məqsədi biznes mühitinin yaxşılaşdırılması yox, vəziyyətdən istifadə edib özünə və dost tanışlarına rəqib olan bankları sıradan çıxartmaqdır. Baş vermiş hadisə ilə bağlı məsləhətləşdiyim bir neçə iş adamı da dediklərimi təsdiqlədilər. Ondan başqa özüm dəfələrlə kreditlər götürmüş şəxs kimi də bunun şahidiyəm. Bağlanmaqda olan bankların hamısını demirəm, konkret tanıdığım bir bank iş üslubuna, biznes mühitinə görə, E.Rüstəmovun özünə və dostlarına məxsus banklardan dəfələrlə peşəkar və şəffafdır. Bundan başqa hesab edirəm ki, E.Rüstəmov bu yolla həm də onun şəxsən özünə rəqib olan bank sahiblərini aradan çıxartmaq istəyir.
Tanınmış iqtisadçıların, maliyyəçilərin də bu mövzuda biganə qalmamalarını xahiş edirəm.
Aslan ismayılov, Hüquqşünas //moderator.az//