Ölkə daha bir imtahandan şərəflə çıxmaqdadır - GƏLİŞMƏ
1-05-2020, 08:58
Azərbaycanda yeni kriminal-siyasi sensasiya baş verib. DTX əməkdaşları Biləsuvar rayonunun rəhbərlərini - icra başçısı Mahir Quliyevi, onun 1-ci müavinini Xanlar Məmmədovu, bələdiyyə sədri İlqar Abbasovu, Mərkəzi Rayon Xəstəxanasının baş həkimini Xoşbəxt Ağayevanı, Kommunal Müəssisləri Kombinatının direktoru Xalidə Ağayevanı, rayonun Məşğulluq Mərkəzinin keçmiş direktoru Mübariz Mustafayevi və şəhər icra nümayəndəsi Qabil Xammədovu həbs edərək konvoy altında Bakıya gətiriblər.
Qurumdan bildirilib ki, əməliyyat karantin rejimi ilə bağlı əhaliyə kömək qismində ayrılan dövlət dəstəyi vəsaitinin qanunsuz şəkildə mənimsənilməsi ilə bağlı çoxsaylı şikayətlərlə bağlı olub. Bir neçə gün öncə isə İsmayıllı İH-nin şəhər üzrə nümayəndəsi Məhərrəm Əhmədov saxta arayışlar verdiyi üçün saxlanmışdı. Guya həmin arayışın sahibləri karantin müddətində xidməti borcundan irəli gələn “yerdəyişmə sərbəstliyi”nə malikdir.
Aydındır ki, kiminsə günahkar olmasını yalnız məhkəmə müəyyən edə bilər. Ancaq burada şərhlər üçün geniş meydan var. Məsələ ondadır ki, cinayət istənilən halda cinayət olaraq qalır. Amma hər halda kimin, kimdən və nə oğurlaması arasında fərq var. Karantin dövründə vətəndaşlara verilən dövlət yardımına qəsd eləmək - ən axırıncı məşğuliyyətdir. Karantin çərçivəsindən kənarda hərəkət etməyə icazə verən saxta sənədlər satmaqla vətəndaşların sağlamlığını təhlükə altına almaq da onun kimi. Özü də bu sferadan olan dövlət qulluqçuları heç də kasıb yaşamırlar. Ancaq görünür, bəzilərində xəsislik və hərislik hətta özünüqoruma instinktini də üstələyib.
Baş verənlərin siyasi anlamı isə daha mühümdür. İcra başçılarının davam edən həbsləri, etik normaları pozduqları üçün Nazirlər Komitəsi əməkdaşlarının işdən çıxarılması açıq-aşkar onun təzahürüdür ki, COVİD-19 epidemiyası da ölkədə nə “kadr təmizlənmələri”ni, nə inzibati “yenidən qurulmaları”, nə də bütövlükdə islahat prosesinin özünü dayandıra bilib.
İndi isə tez-tez kadr arxasında qalan bəzi reallıqlar haqda.
Uğurlu islahatlar üçün bir çox şərtlər lazımdır. Bunfan ötrü dəqiq proqram, kadrlar, maliyyələşdirmə lazımdır... Siyahını sonsuzadək davam etdirmək olar. Ancaq inam və hakimiyyətin möhkəmlıyi o sırada heç də axırıncı yerdə dayanmır. Bunsuz islahat adına heç nə mümkün olmayacaq.
Digər bir ştrix Azərbaycanda hakimiyyətin digər siyasi qüvvələrə təklif etdiyi dialoqdur. Şübhəsiz ki, bu, öz gücünə inamın əlamətidir. Həm də müxalifət üçün bir “siyasi suayırıcı”dır. Siyasətdə təklif olunan dialoqdan imtina isə açıq-aşkar nəzakətsizlikdir.
Azərbaycan prezidenti İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbəri Suma Çakrabarti ilə video bağlantı vasitəsilə az öncəki danışıqları isə düşünmək üçün daha geniş zəmin yaradır. Əvvəla, dünyanın əksər ölkələrində liderlərin maliyyə qurumlarının rəhbərləri ilə apardığı danışıqlar gizli saxlanılır. Haqlı olaraq hesab edilir ki, geniş ictimaiyyətin ölkə liderlərinin kredit almağa necə nail olmasını və kasıb vəziyyətlərinin detallarını bilməsinə ehtiyac yoxdur.
“Maliyyə akulaları” isə məsləhət görür ki, real islahatlar həyata keçirilsin, hələ üstəlik, pulların öz ünvanlarına çatacağı ilə bağlı acı-acı zəmanətlə maraqlanırlar.
Ancaq Azərbaycanda video-konfrans tam şəkildə efirdə göstərildi və geniş ictimaiyyət Azərbaycan prezidentinin aşağıdakıları vurğulamasını müşahidə edə bildi: “...Bizim iki variantımız var idi. Birinci seçim insanların həyatını və sağlamlığını qorumaq, ikincisi isə iqtisadi qənaətlə bağlı prioritet idi. Ona görə biz lap əvvəldən insanların həyatının qorunmağı seçdik”. AYİB rəhbəri isə qeyd edir: Azərbaycan 2020-ci ilin birinci rübündə iqtisadiyyatını böyüdən bir neçə ölkədən biridir - əlbəttə ki, koronavirusa qədərki dövrün hesabına. Lakin bu artım “təhlükəsizlik yastığı” rolunu oynayacaq və ölkənin daha sürətli bərpa olunmağa imkan verəcək. Azərbaycan prezidenti koronavirus epidemiyası və karantin tədbirlərinin ən çox ziyan vurduğu özəl sektora dəstək paketindən, dövlətin 600 min vətəndaşa, xidmət sektorunda, digər sahələrdə çalışan xırda sahibkarlıq subyektlərinə əmək haqlarının böyük hissəsini ödəməsindən danışdı. Üstəgəl, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaş. Vergi güzəştlərini nəzərə alsaq, bu rəqəm 3,5 milyard manatı və ya 2 milyard dolları keçir. Ən əsası, aydın olan bu idi ki, Azərbaycan AYİB-dən kredit istəməyib, əksinə, ölkəmizin iqtisadi dayanıqlığı, ödəmə qabiliyyəti və “kredit tarixi”, korrupsiyaya qarşı mübarizənin effektivliyi haqqında gözəl məlumatlı olan AYİB-in özü Azərbaycana investisiya qoymaq istəyini ifadə edib. Koronavirus bütün dövlət idarəetmə sistemləri üçün ciddi bir imtahan oldu və Azərbaycan bu imtahandan şərəflə keçməkdədir.
Bütün bunlar bu gün xüsusi önəm, məxsusi anlam kəsb edir. Elə bir vaxtda ki, Azərbaycan hökumətinin guya insan haqlarını pozduğu və hətta pandemiyadan müxalifəti əzmək üçün istifadə etdiyi haqda yenidən hay-küy qalxıb. O sırada belə bir iddia ki, - nə dəhşət! - guya “pandemiyaya qarşı tədbir görərkən hakimiyyətin səhvlərini açıq şəkildə qeyd edən sosial şəbəkə istifadəçiləri, jurnalistlər, tibb işçiləri məsuliyyətə cəlb edilib”. Və guya karantin tədbirləri insan hüquqlarını dəhşətli şəkildə pozduğu üçün onun nə vaxt ləğv olunacağını dəqiq şəkildə bıyan edilməlidir.
Buradaca cənab hüquq müdafiəçilərindən soruşmaq pis olmaz: görəsən onlar ümumiyyətlə, söhbətin nədən getdiyini dərk edirlərmi? Anlayırlarmı ki, karantin tədbirlərinin tətbiqi və ləğvi virusun yayılması ilə tənzimlənir və karantini, kütləvi tədbirlərə qadağanı da hakimiyyət, bağışlayın, əyləncə üçün yox, insanların həyatına olan və qalmaqda davam edən böyük təhlükə səbəbindən tətbiq edib? Məgər bunu da bilmirlər ki, karantin tədbirləri öz-özlüyündə çox ağrılıdır və onlar yalnız son məcburiyyət halında tətbiq edilir? Ən əsası, Azərbaycandakı radikal müxalifət məgər elə bir ciddi güc və təhlükə kəsb edir ki, onu “zərərsizləşdirmək” üçün belə tədbirlərə ehtiyac olsun?
Cənab hüquq müdafiəçilərindən buna da aydınlıq gətirmələrini istərdik: “Hökumətin pandemiyaya qarşı tədbir görməsi zamanı buraxdığı səhvləri açıq şəkildə qeyd edən sosial şəbəkə istifadəçiləri, jurnalistlər və tibb işçiləri”nə qarşı repressiya nağılları ilə cəmiyyəti qorxudarkən onlar kimi nəzərdə tuturlar? “Zarafat etmək” qərarı verən və WhatsApp-da çaxnaşma mətni yayan Niquşumu? Bölgələrdən birindən olan, bağışlayın, sərxoş vəziyyətdə bənzər şeylər edən iki dostumu? Yoxsa Bakıya avtomobilin yük yerində girməyə çalışan, iş yerindən saxta sənədlər satan və s. zirək subyektlərimi?
Əlbəttə ki, “Amnesty İnternational”dan konkret faktlar və dəlillər istəmək – təxminən İŞİD fəalları ilə qadın hüquqları barədə müzakirə aparmaq kimi absurd olardı. Amma yenə də bilmək istərdik. Bax bu, “niquşlar”, oy, bağışlayın, “öz kovidiotizminin əsirləri” olanlar görəsən hakimiyyətin pandemiya ilə mübarizədə buraxdığı hansı dəhşətli səhvləri ictimaiyyətə çatdırmaq istəyiblər? Bəlkə Azərbaycanda “epidemioloji qiyamət” yaşanır, xəbərimiz yox?
İndi isə bir azca statistika: Azərbaycan koronavirusa “ehtiyat zamanla”, aydın, düşünülmüş şəkildə reaksiya verdi. Həm də elə reaksiya ki, əhalini ərzaq və zəruri mallarla təmin edilməsinə, tranzit yük daşınmalarına təhlükə yaratmasın. Son məlumatlara görə, 10 milyon əhalisi olan Azərbaycanda 23 nəfər koronavirusdan ölüb. Üstəlik, onların böyük əksəriyyəti, sinizm kimi çıxmasın, “buket” xəstəliklərdən əziyyət çəkənlərdir. 9 milyon əhalisi olan Avstriyada 580, Çexiyada (orda da 10 milyon əhali var) isə 227 nəfər həyatını itirib. Ölkəmizdə koronavirusdan ölüm nisbəti 1,3% təşkil edir, halbuki, məsələn, İngiltərədə bu rəqəm – 13%-dir. Elədirsə, onda hüquq müdafiəçilərinin təbirincə desək, bizə hakimiyyətin hansı “dəhşətli səhvlərindən” danışmaq istəyirmişilər?
Bu məqamda yersiz olmaz xatırlatsaq ki, bu il martın əvvəlində özünü ciddi hesab edən KİV - “Novaya vremya” (“Yeni zaman”) epidemiyaya dünyanın hansı ölkələrin daha yaxşı hazır olmasına dair reytinq dərc edib. Parlaq ekspertlər birinci yerə hansı ölkəni çıxarsalar yaxşıdır? Gülməyin – Ermənistanı! O Ermənistanı ki, əhalisi heç 3 milyon deyil, amma yoluxanların və ölənlərin sayına görə Azərbaycanı üstələyib (Bu, hələ xrestomatik İrəvan manipulyasiyalarına məruz qalan statistika və heç də bizdəki qədər geniş olmayan test yoxlanışından sonradır). Hansı Ermənistan ki, onun səhiyyə naziri vəziyyətin nəzarət altından çıxdığını birbaşa bəyan edir. Həmin “ekspertlər” Azərbaycanı axırıncı yerə qoyublar. Dünya üzrə ilk yerlərdən birini isə İngiltərə tutub.
Soruşmaq maraqlı olardı: həmin reytinqin müəllifləri bu gün onlarla nə edəcəklər? Hərçənd bu proqnoz və hesablamaların reallıqdan nə qədər uzaq olduğu apaydındır. Xüsusən də elə bir məqamda ki, ÜST koronovirusla mübarizədə Azərbaycanı açıq-aşkar başqa ölkələrə nümunə göstərir. Yoxsa bəlkə onlara məsləhət görək ki, bu reytinqi çap edib maksimum böyük formatda divardan assınlar? Vısotskinin bir məşhur mahnısında deyildiyi kimi: “Şəkil məndə evdədir, 2 x 3 metr ölçüdə - mənim üzüqaralığımın dəlili kimi!”
Yox əgər ciddi desək, o zaman sadəcə, yadda saxlamaq lazımdır ki, Azərbaycanda “demokratikliyi” və “insan haqları”nı eyni ixtisas səviyyədən olan “ekspertlər” müəyyən edir.
Minval.az