Mehman Əliyev: “İllərlə biz savaşmışıq, indi də xalq çıxıb hüquqlarını tələb etsin”
28-12-2015, 12:27
"Qara bazar ertəsi”ndən 1 həftə keçdi – “iqtidar yanvarda…”
Azərbaycanda il ərzində baş verən ikinci devalvasiyadan bir həftə ötür. Bu müddət ərzində xalqın iqtisadi böhrandan ciddi narahatlığı müşahidə olundu. Lakin bir halın da şahidi olduq ki, cəmiyyət narazılığını yalnız marketlərdə bir neçə günün azuqəsini almaqla “çıxardı”.
Çoxları bunu ölkə müxalifətinin zəifliyi ilə əlaqələndirir. Maraqlıdır ki, demokratik düşərgə də baş verənlərə yalnız münasibət bildirmək, bəyanat verməklə kifayətləndi. Dünya praktikasından göründüyü kimi, belə hallar yaşanan ölkələrdə xalqın əsas gözləntiləri müxalifətdən olur. Amma ölkəmizdə tamam fərqli situasiyadır. İlin əvvəlində baş verən birinci devalvasiyadan sonra müxalifətin keçirdiyi etiraz aksiyasına xalq gəlmədi.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev xalqın baş verənlərdən şok keçirdiyi qənaətindədir: “Xalq şokdadır və nə edəcəyini bilmir. Birinci devalvasiya dalğasında birtəhər dözdülər. Amma ikinci dalğa çox ciddidir. İnsanlar qiymətlərin ciddi şəkildə artdığını indi daha çox hiss edir. Getdikcə reaksiya sürətlənəcək, vəziyyət daha çox pisləşəcək. İqtisadi sahələrdə tənəzzül olacaq. Əgər demokratik ölkə olsaydı, insanlar rahat şəkildə mitinqlər keçirə bilsəydilər, küçələrə minlərlə etirazçı çıxardı. Bizimkilər daha çox Qərb ölkələrini nümunə gətirirlər. Göstərmək istəyirlər ki, xalq orada narazıdır. O ölkələrdə hər hansi bir narazılığa görə xalq sözünü açıq şəkildə deyə bilir. Hökumət bununla razılaşır və hansısa tədbirlər görür. Amma bizdə bunlar yoxdur. İnsanlar kütləvi şəkildə həbs olunur, hədələnir, təqib olunurlar. Vaxtı ilə bunu müxalifətə qarşı edirdilər, amma indi ümumi xalqa qarşı bunları tətbiq etmək çox çətin olacaq. Təcili tədbirlər görülməlidir. Bunlar olmasa, ciddi təhlükələrə gətirib çıxaracaq”.
“Turan” rəhbəri müxalifətin susqunluğu ilə bağlı iddialara da toxundu : “Müxalifət bizdə çətin duruma salınıb. Parlamentdə təmsil olunmur, söz demək imkanları yoxdur. Küçələrdə aksiya keçirməyə imkan verilmir. Müxalifət kifayət qədər zəif çərçivəyə salınıb. Hazırda müxalifətin xalqın yerinə nəyisə həll edəcəyini gözləmək düzgün deyil. Proses ona doğru gedir ki, müxalifətlə hakimiyyətin yox, hakimiyyətlə xalqın qarşıdurması ortaya çıxır. Bu artıq müxalifətin deyil, kütlənin marağıdır. Bütün təbəqələrə baş verənlər ciddi təsir edir. Dövlət orqanlarında işləyənlərdən də narazılıq edənlər var. Hökumət çox gecikir. İllərdir dediyimiz situasiyaya gəlib çatmışıq. Zamanında bunları deyirdik. Təəssüf ki, bu xəbərdarlığı o zaman xalq dəstəkləmirdi. İllərlə biz savaş aparmışıq, indi də xalq çıxsın öz hüquqlarını qorusun. Proseslər ona doğru da gedir”.
M.Əliyev hakimiyyətin baş verənlərdən çıxış yollarını da göstərdi: “Hakimiyyətin bütün addımları və gedişləri onu göstərir ki, bu vəziyyətə hazır olmayıblar. Hökumət düşünmürdü ki, neftin qiyməti 40 dollardan da aşağı düşər. Bunu son vaxtlar hiss etməyə başladılar. Birtəhər situasiyanı yola verəcəklərini düşünürdülər. Sonuncu devalvasiya hər şeyi çılpaqlığı ilə ortaya qoydu. Xeyli vaxt itirildi. Böhrandan çıxış proqramları yoxdur. Bundan sonra hansı addımlar atılacaq, hamımız birlikdə şahidi olacağıq. Məndə olan məlumata görə, hökumət islahatlar paketi hazırlamağa başlayıb. Yanvar ayında ortaya nəsə qoyulacaq. Nə qədər ciddi antikrizis proqramı olacağını deyə bilmərəm. Yarımçıq islahatlar paketi ilə vəziyyətdən çıxmaq mümkün deyil. Ciddi dəyişikliklərə böyük ehtiyac var. Birinci növbədə monopoliyalar aradan qaldırılmalı, biznesin inkişafı üçün vəsaitlər ayrılmalı, kənd təsərrüfatı problemi həll olunmalıdır. Hakimiyyət isə bunu istəmir. Düşünürlər ki, azadlıqları insanlara versək, hakimiyyətdən gedəcəyik. Yalnız bir dərdləri var, o da budur.”