Meymun ili qapıda - İşsizlik, bahalaşma, infliyasiya...
29-12-2015, 10:58
2015-ci il Azərbaycan üçün uğurlu il sayıla bilməz.
Dia.az xəbər verir ki, “Bizim Yol” qəzetinin yazdığına görə, neftin qiymətinin kəskin ucuzlaşması indiyədək "qara qızıl" üzərində qurulan iqtisadiyyatı çətin vəziyyətə salıb. Nəticədə dolların məzənnəsinin möhkəmlənməsi manata təzyiqləri artırdı. Azərbaycan Mərkəzi Bankının rezervləri sürətlə əriyərək 2010-cu ilin həddinə - 5 milyard dollar həddinə düşməsi, artıq manatın kursunu sabit saxlamaq imkanlarını sıfıra endirdi. Bir il ərzində manat avro və dollar qarşısında məzənnəsini 2 dəfəyədək itirərək 0.78 AZN-dən 1.55 AZN-ə qədər yüksəldi. Bütün bu problemlərlə 2016-cı ilə qədəm qoyan ölkəmizin iqtisadiyyatını nələr gözləyir?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev "Bizim Yol"a şərhində öncə bu ilin makroiqtisadi vəziyyətini təhlil edib: "2015-ci il Azərbaycanın makroiqtisadi sabitliyi üçün bir sınaq ilinin başlanğıcı oldu. Bu il dünya iqtisadiyyatında baş verən proseslər bizim makroiqtisadi sabitliyin nə qədər dayanıqlı olduğunu göstərdi. Xüsusilə, bizim maliyyə sektorunun xarici streslərə nə qədər dözümlü olduğunu ortaya çıxardı.
Ən əsası milli valyutamız devalvasiyaya uğrayaraq 2 dəfəyədək ucuzlaşdı. Birinci devalvasiyadan sonra 2 bank bağlandı. Ümumiyyətlə, bank sektoru devalvasiyadan çox böyük zərər çəkdi. Bu baxımdan həmin sektorda islahatların aparılması üçün zəmin yaranıb. Yəni əvvəllər də söylədiyimiz kimi, konsolidasiya aparılmalı, bankların sayı xeyli azaldılmalıdır".
S.Əliyevə görə geridə qoyacağımız ilin yadda qalan iqtisadi hadisələrindən biri də bahalaşma oldu: "Əhalinin həm banklara, həm də manata etibarı azaldı, iqtisadiyyatın dollarlaşması prosesi getdi. Əmanət və kreditlərin yarıdan çoxu dollarlaşmağa başladı.
Düşünürəm ki, 2015-ci il Azərbaycan üçün postneft dövrünə bir keçid ili oldu. Bu il bizə göstərdi ki, iqtisadiyyatımız hansı vəziyyətdədir, onu dirçəltmək üçün hansı addımlar atmaq lazımdır. Bir sözlə, ölkə üçün bir aydınlaşma ili oldu".
İqtisadçı deyir ki, 2016-cı il üçün Azərbaycan hökumətinin qarşısında bir sıra problemlərin həlli durur: "Xüsusilə, iki əsas məsələ var ki, hökumət üçün prioritet olacaq. Birincisi, işsizlik məsələsi. İkincisi yüksək inflyasiya. Bu iki problemi həll etmək çox lazım olacaq. Bir tərəfdə Rusiyada vəziyyətin pisləşməsi orada yaşayan soydaşlarımızın işini dayandırıb geri qayıtmasını, xüsusilə regionlara gəlmələrini şərtləndirib.
Maliyyə vəziyyəti ağırlaşan banklarda ixtisarlar davam edəcək. Gələn il kredit təşkilatları xərclərini optimallaşdırmaq üçün filialları bağlamaq, işçilər arasında ixtisarlar aparmaq məcburiyyətində olacaq".
S.Əliyev deyir ki, biznesin pisləşməsi səbəbindən bir sıra kommersiya obyektlərinin bağlanması baş verəcək: "İşsizlik 2016-cı il üçün əsas prioritetlərdən biri olacaq.
Daha sonra isə kəskin inflyasiya təhlükəsi yaranıb. İki dəfə devalvasiya baş verib. Birinci devalvasiyadan sonra bahalaşmanın qarşısı müəyyən qədər alındı. İkinci devalvasiya isə qiymət artımına daha böyük zərbə vurub. Təsirlərini gələn il də göstərəcək, qiymət artımları davam edəcək.
Digər bir problem isə iqtisadiyyatın dollarlaşması məsələsidir. İqtisadiyyatda dollarlaşmanın qarşısını almaq üçün bir sıra addımlar atmalıdırlar. Əks halda, bunun neqativ təsirləri çox ola bilər".
İqtisadçı deyir ki, bank sektorunun sağlamlaşdırılması əsas çətinliklərdən biri olacaq: "Buraya həm aktivlərin sağlamlaşdırılması, problemli kreditlərin həlli, həm də konsolidasiya prosesinin sürətləndirilməsi, zəif bankların aradan çıxması və sair bu kimi məsələlər daxildir. Kredit faizləri üzrə şərtlərin yumşaldılması, əhalinin bank sektoruna inamının artırılması kimi ciddi problemlərin həlli vacib amillərdən biridir".
S.Əliyevin sözlərinə görə, neftin qiyməti ucuzlaşmaqda davam edəcəksə, manatın növbəti devalvasiyası qaçılmaz olacaq: "Mövcud problemləri həll etmək üçün hökumət bir sıra addımlar atmalıdır. Bunlardan biri də iqtisadiyyatın liberallaşdırılmasından gedir. Liberallaşdırılma müxtəlif sahələri əhatə etməlidir. İlk növbədə gömrük sistemi asanlaşdırılmalıdır. Bununla bağlı təşəbbüslər irəli sürülsə də, fikirlər səslənsə də, hələ ki vəziyyət olduğu kimidir. Burada söhbət əhəmiyyətli dərəcədə asanlaşdırılmadan gedir ki, inflyasiyanın təsirini minimuma endirə bilsin. İnstitusional islahatlar aparılmalıdır, bir sıra dövlət qurumları birləşdirilməlidir. Ümumiyyətlə, hökumət büdcə konsolidasiyasına getməlidir. Yəni büdcədən subsidiya ayrılan sektorlar var ki, oraya özəl sektoru cəlb etməklə büdcə yükünü azalda bilərlər. Məsələn, kommunal sektorun idarə edilməsində özəl sektor yardımçı ola bilər. Bu, həm də yeni iş yerlərinin yaradılmasına, xidmətin keyfiyyətinin artmasına da kömək edəcək.
2016-cı ilin büdcəsinin taleyi qeyri-neft sektorundan asılıdırsa, bunun yolu ixracın stimullaşdırılmasından gedir. İxracı stimullaşdırmaq üçün zəruri mexanizmlər yaradılmalıdır. Bura maliyyələşmə ilə yanaşı, hökumətin də biznes sektoruna müəyyən dəstəyi daxildir. Hər bir halda yaxın 3-5 ili əhatə edən anti-böhran proqramı qurulmalıdır.
Əks halda, ölkədə böhran ciddi fəsadlar yarada bilər. Əgər hökumət 2015-cü ildəki kimi neftin bahalaşacağına ümid edərək, gözləmə mövqeyini davam etdirsə, bunun təsirləri çox pis ola bilər. İşsizlik, inflyasiya makroiqtisadi sabitliyin pozulmasına, bank sektorunun iflic olmasına gətirib çıxara bilər”.