Beynəlxalq Bankın 226 milyon dolları separatçı Abxaziyada “itdi”
29-12-2015, 12:32
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin şübhəli biznes tərəfdaşlığı barədə daha bir qalmaqallı fakt üzə çıxıb.
Virtualaz.org saytına mötəbər mənbədən məlum olub ki, C.Hacıyev nəzarət səhm paketi Azərbaycan dövlətinə məxsus olan bankın yüz milyonlarla dollarını Moskvada mənzillənmiş abxaz oliqarxın əli ilə Gürcüstanın separatçı Abxaziya bölgəsinə yatırıb. Və bu pulların böyük hissəsi banka geri qayıtmayıb.
Oliqarx “Lyova” ya 226 milyon dollar
Moskvadakı iri biznes çevrələrindəki mötəbər qaynağın bildirdiyinə görə, C.Hacıyev 2000-ci illərin ortalarında “Lyova” kimi tanınan abxaz oliqarx Levan Tujbaya Abxaziyada sitrus meyvələrinin istehsalı və emalı biznesinə yatırmaq üçün iri məbləğlərdə kredit ayırmağa başlayıb. Mənbə abxaz oliqarxa Azərbaycan Beynəlxalq Bankının cəmi 226 milyon dollar (faizlərlə birlikdə) ayırdığını bildirir.
Virtualaz.org araşdırıb ki, Levan Şotoviç Tujba Moskvadakı abxaz diasporunun liderlərindən biridir. Abxaziyada ağac emalından tutmuş meyvə emalına və istehsalına qədər bir çox sahələrə iri investisiyalar yatırıb. Onu Abxaziya separatçı respublikasının keçmiş “prezidenti” Sergey Baqapşa yaxın iş adamı kimi tanıyırlar. Levan Tujba həmçinin Sergey Baqapşın oğlu Zurab Baqapşla ortaq şəkildə Abxaziya dağ-sənaye şirkətini təsis edib. “Suxumi ağac emalı zavodu” ASC-də ona məxsusdur.
Cahangir Hacıyevin ortağının “Gulfstream”ı və Abxaziyadakı biznesi
Levan Tujba Moskvada, iri biznes çevrələrində yaxşı tanınan oliqarxdır, “Gulfsteram” markalı özəl təyyarəsi var. Virtualaz.org saytının Rusiyanın biznes-jetlərinin Reyestrindən əldə etdiyi informasiyaya əsasən onun təyyarəsi M-Nels bort nişanı daşıyır. Buna baxayaraq üzdə olmağı sevmir və internet mənbələrində onun fotosuna rast gəlmək mümkün deyil.
Abxazya mənbələrində göstərilir ki, Levan Tujba 2004-cü ildə Gürcüstanın bu separatçı bölgəsində meyvə istehsalı və emalı biznesinə investisiya yatırmağa başlayıb. “Prezident” Sergey Baqapşa istinadən abxaz KİV-ləri xəbər verib ki, Levan Tujbanın ortaq olduğu “Abxaziya Meyvə Şirkəti &Co” tanınmamış respublikada 18 milyon dollara emal müəssisəsi tikib.
Sitrus plantasiyaları, meyvə qəbulu məntəqələri
Habelə Tujba Abxaziyada sitrus və üzüm plantasiyaları salıb, respublikanın praktiki olaraq hər yerində meyvə qəbulu və çeşidi məntəqələri açıb. Bu məntəqələrdə qəbul edilən sitrus meyvələrinin standarta uyğun gələni Rusiya bazarına ixrac olunur, qeyri-standart olanları isə şirə emalına göndərilir. Tujbanın şirkəti Abxaziyanın Pitsunde bölgəsində mandarin və kivi bağları salmaq üçün 100 hektar torpaq sahəsi də alıb. Habelə sovxozlara traktorlar, digər texnika verib ki, meyvə istehsalını genişləndirsinlər. Və indi belə məlum olur ki, Tujba Abxazyaya yatırdığı on milyonlarla dollar investisiyanı Cahangir Hacıyevdən alırmış...
Beslan Aqrbanın ortağı
Levan Tujba Moskvada mənzillənmiş digər abxaz iş adamı Beslan Aqrbanın da ortağıdır. Rusiya mənbələrində göstərilir ki, Beslan Aqrbanın “Misrtal Alko” şirkəti Abxaziya şərablarının Rusiyaya idxalı üzrə inhisarçıdır. Bundan əvvəl Aqrbanın “Mistral” şirkəti düyü və yarma istehsalı, satışı ilə məşğul idi. (“Mistral” düyülərini Bakının supermarketlərinin vitrinlərində də görmək olar)
2012-ci ildə isə o, Levan Tujbanın təklifi ilə şərab biznesinə girir, “Mistral Alko” şirkəti üzərindən Abxaziyadan Rusiyaya şərab idxalına başlayaraq qısa müddət ərzində bazarda ciddi paya malik olur. Ancaq belə görünür ki, son vaxtlar Tujbanın biznesində işlər yaxşı deyil. Onun Abxaziyanın Əmanət Bankına 250 milyon rubla yaxın kredit borcu var. Bank məlumatı Abxaziya prokurorluğunun sorğusu əsasında təqdim edib, kredit 2012-ci ildə alınıb.
Tujba 2005-ci ildə Moskvada “Yupşara” distribütor şirkətini təsis edərək o cümlədən abxaz şərablarının ticarəti ilə məşğul olub. Levan Tujba həmçinin “Mistral Alco”nun təsisçiləri arasındadır. O, həmin şirkətdə 50 faizlik paya malik olub, 2010-cu ildə isə şirkətdəki iştirakını dayandırıb. Hazırda “Mistral Alko”nun səhmlərinin 75 faizi Beslan Aqrbaya, 25 faizi isə Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Totnes Business İnc” offşor şirkətinə məxsusdur.
Levan Tujbanın adına həmçinin Moskvada təsis edilmiş “Pluton” ASC-nin qeydiyyat sənədlərində də rast gəlinir. O, hava nəqliyyat vasitələrinin və avadanlıqlarının kirayəyə verilməsi, habelə nəqliyyat-logistika sahəsind fəaliyyət göstərən həmin şirkətdə 50 faiz payla ortaqdır. Tujbanın digər ortağı türk əsilli Mehmet Cancadır.
Digər abxazlar və “MBA-Moskva”nın keçmiş rəhbəri Fuad Abdullayev
Virtualaz.org Moskvadakı mənbələrdən həm də bunu öyrənə bilib ki, Levan Tujba Azərbaycan Beynəlxalq Bankı ilə işgüzar münasibətlərə malik olan yeganə abxaz biznesmen deyil. Moskvadakı abxaz diasporunun varlı nümayəndələrinin bir çoxu Cahangir Hacıyevin dövründə pullarını bu bankın Rusiyadakı törəmə bankı “MBA-Moskva”da saxlayırdı.
Abxaz iş adamları pullarını Rusiya prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının prorektoru, abxaz diasorunun liderlərindən olan İqor Bartsisin vasitəsilə həmin banka yatırıb. İqor Bartsis “MBA-Moskva”nın keçmiş rəhbəri Fuad Abdullayevlə yaxın dost olub. O, 1969-cu ildə Abxaziyanın Qudauta rayonunda anadan olub, 90-cı illərin ortalarında abxaz separatçı hərəkatına dəstək verib.
Separatizmə dəstək və qaynana amili
Bəs Cahangir Hacıyevi Rusiyanın “müstəqil dövlət” kimi tanıdığı separatçı Abxaziya bölgəsinə Azərbaycan bankının pullarını yatırmağa nə sövq edib? Axı Azərbaycan etnik separatçılıqdan əziyyət çəkən ölkədir və Abxazyanı müstəqil dövlət kimi tanımır? 2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxilə edəndə, daha sonra Abxaziya və Cənubi Osetiyanı faktiki ilhaq edib “müstəqil dövlət” kimi tanıyanda Azərbaycan Gürcüstana əlindən gələn dəstəyi verdi. Ancaq C.Hacıyev görünür heç Azərbaycan dövlətinin siyasətinə, milli maraqlarına da məhəl qoymurdu və separatçı bölgəyə yüz milyonlarla dollar yönəldirdi.
C.Hacıyevin abxazlarla yaxın əlaqələrinin mümkün motivləri haqda danışan mənbələr deyirlər ki, görünür burada onun qaynanasının abxaz əsilli olmasının da rolu var. Keçmiş bankirin dövlətə məxsus bankın milyardlarla dollarını Azərbaycanda və xaricdə riskli layihələrə, öz adamlarının adına açılmış offşor şirkətlərə yönəldib batdırdığı bəs etmirmiş kimi, üstəlik Rusiyanın faktiki nəzarəti altında olan “boz zonaya” da milyonları axıdıb...