Ən azı 18 ay karantin rejimində qala bilərik: Ümid peyvəndə qalıb, peyvəndə isə ümid azdır
5-05-2020, 00:02
![Ən azı 18 ay karantin rejimində qala bilərik:](/uploads/posts/2020-05/1588618047_2.jpg)
Nazirlər Kabineti yanında Operativ Qərargah karantin müddətini bu ayın sonuna qədər uzatdı. Bir çoxlarımız səbrsizliklə iyunun 1-ni gözləyirik. Amma mümkündür ki, gələn ay da xəyal qırıqlığına uğrayaq. Hər halda tibb mütəxəssislərinin gəldiyi qənaət belə düşünməyə əsas verir.
Yəqin, bir çoxlarınız “bu da noxəbərliyindən geri qalmır” deyə, fikirlərimizə şəkk edəcək və bizi “xeyirsöyləməzlikdə” günahlandıracaqsınız. Təki siz deyən olsun. Amma qınağınızı bitirdikdən sonra səbrinizi basıb yazının davamını oxuyun. Ondan sonra yenə istəsəniz, ikinci dəfə Ovqat.com-u ağ yuyub qara sərərsiniz.
Hazırda dünyada 3 milyon 661 mindən çox insan koronavirusa yoluxub. 250 mindən çox insan isə bu səbəbdən ölüb. Koronavirus isə məşhur ifadə ilə desək, “yavaşımaq” bilmir. Hər gün gün onminlərlə insanın yoluxduğu, minlərlə insanın isə öldüyü barədə məlumatlar alırıq.
![](/uploads/posts/2020-05/1588618006_3.jpg)
İnsanlıq bütün ümidini korona-peyvəndin tapılmasına bağlayıb. Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) son açıqlamasında bunun peşinə düşdüyünü bildirib. Təşkilatın məlumatına görə, hazırda dünyada Covid-19 əleyhinə 83 peyvənd üzərində çalışılır. ABŞ, İngiltərə, Çin və Avropada 8 potensial peyvəndin artıq təcrübədən keçirildiyi də gələn bilgilər arasındadır. Oksford Universiteti tərəfindən hazırlanan vaksinin isə iyun ayında ilkin nəticələri bəlli olacaq.
Amma ümidimizi bağladığımız peyvəndin baş tutub-tutmayacağına belə ümid azdır. Dərd burasındadır ki, müxtəlif qurumlar tərəfindən hazırlanan peyvəndin nə dərəcədə işə yarayacağını müəyyənləşdirmək üçün bir il və ya ilyarım gözləməli olacağıq. Çünki onun yan təsirləri də istisna edimir. Yəni bizi koronavirusdan qoruyan peyvəndimiz daha dəhşətli xəstəliyə də yol aça bilər.
Üstəlik, koronavirusun mutasiya ehtimalı da var. Daha aydın desək, builki koronavirusa qarşı tapılan peyvəndin gələn il mutasiyaya uğramış koronavirusu zərərsizləşdirməyə gücü yetməyə bilər.
İndiyədək dünyada bir neçə dəfə kifayət qədər sınaqdan keçirilməmiş peyvəndlərin bir ildən sonra mənfi nəticələrinin ortaya çıxması da bu ehtimalı artırır. Eyni sürprizlə qarşılaşmamaq üçün koronavirus peyvəndlərinin də yekun nəticələrini gözləməyə ehtiyac var.
Problem bununla da bitmir. Koronavirus peyvəndinin ümumiyyətlə tapılmaması ehtimalı da var və bu ehtimal bir çox elm adamını ciddi şəkildə düşündürür. Çünki hazırda QİÇS , SARS, Lassa qızdırması və MERS kimi ölümcül xəstəliklərin də peyvəndi tapılmayıb. Covid-19 da nə onlardan artıqdır, nə də əskin. “Korona” da peyvəndsizlər siyahısına əlavə edilə bilər.
Bəs bu vəziyyətdə nə etməliyik?
Müxtəxəssislərin fikrincə, koronavirusla yaşamağa öyrəşməliyik. Bunun loru dilə tərcüməsi isə belədir: tədricən karantin tədbirlərini yumşaltsaq belə, özümüzü əvvəlki kimi sərbəst aparmamalı, maksimum dərəcədə sosial məsafəni qorumalı, yenidən tətbiq oluna biləcək məhdudiyyətlərə hər an hazır olmalı, bacardığımız qədər evdən çölə çıxmamalı, mənzilimizi iş ofisinə çevirməliyik.
Dünyanın tanınmış mütəxəssisləri də haqqında danışdığımız ən pis ehtimalı istisna etmirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səfiri və Londondakı İmperial Kollecinin qlobal sağlamlıq mütəxəssisi, professor David Nabarro da məsələyə pessimist yanaşanlardandır. Professor CNN-nə müsahibəsində deyib: "Hələ də peyvəndini tapa bilmədiyimiz viruslar var. Covid-19-un peyvəndi olacağına, yaxud effektivlik və təhlükəsizlik testlərindən keçə biləcəyinə əmin ola bilmərik. Bütün cəmiyyətlərin koronavirusdan davamlı bir təhlükə kimi qorunması və virusun içində olduğumuz müddətdə sosial həyat və iqtisadi fəaliyyətlərini davam edə biləcəyi bir mövqe tutması çox vacibdir".