Bu gün böyük Türk alimi Firudin Cəlilovun (Ağasıoğlu) 73 illiyidir
6-05-2020, 08:36

F.A.Cəlilov 6 may 1947-ci ildə Vedibasarda doğulan F.A.Cəlilov orta məktəbi Bakıda (1966) bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1972-1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləmişdir. O, pedaqoji fəaliyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik (1978) və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq (1989) dissertasiyası müdafiə etmişdir. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya (1988) Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur.
F.Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 200-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun «Azərbaycan dilinin morfonologiyası»(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. Elmi-populyar məqalələrini çox vaxt Ağasıoğlu imzası ilə yazan F.Cəlilovun «Azərbaycan türklərinin islamaqədərki tarixi» mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir.
F.Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmişdir. «Türk Ocağı» ona bilgə sanı vermişdir. O, təhsil sahəsində apardığı islahatlara görə akad. Yusif Məmmədəliyev adına ödül almışdır.
Quzey və Güney Azərbaycan türklərinin bu torpaqlarda avtoxton xalq kimi 4-5 minillik dövlətçilik tarixi olduğunu irəli sürən F.Cəlilov bu elmi konsepsiyanın tərəfdarları ilə birlikdə dəfələrlə elmi seminarlar təşkil etmiş, Vaşinqton, Nyuyork, Paris, Ankara, Istanbul, Qahirə və sair şəhərlərdə bu konsepsiya haqqında məruzələr etmişdir. Həmin məruzələrin və bu sahədə yazılan məqalələrin bir qismi onun «Azər xalqı» (2000) adlı kitabında yer almışdır. Türk etnosunun Mərkəzi və Orta Asiyada deyil, Azərbaycanı da içinə alan Ön Asiyada yaranıb, buradan müxtəlif istiqamətlərə miqrasiya etməsi və sonralar onlardan bir qisminin Azərbaycana qayıtması haqqında onun irəli sürdüyü yeni elmi nəzəriyə artıq bir sıra alimlərin dəstəyini qazanmışdır. Onun son 30 ildə bu sahədə apardığı elmi tədqiqat Azərbaycan xalqının Islamaqədərki tarixinə aid 9 cilddə yazdığı kitabların («Doqquz Bitik») əsasını təşkil edir.
F. Cəlilov elmi-pedaqoji fəaliyəti ilə yanaşı ictimai-siyasi fəaliyətlə də məşğul olmuşdur. Əbülfəz Elçibəy, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və digər ziyalılarla birlikdə 1986-dan gizli fəaliyət göstərən və 1988-ci il nümayişlərini təşkil edən «Varlıq» təşkilatının qurucusu, leqal fəaliyətdə olan «Cənlibel» təşkilatı tədbirlərinin iştirakçısı, «Dirçəliş günü» kimi tarixə düşən 17 noyabr- 4 dekabr (1988) mitinqində nümayiş komitəsinin sədri, «Qarabağa Xalq Yardımı komitəsi»nin qurucularından biri və respublikada ilk demokratik ruhlu «Azərbaycan» qəzetinin redaksiya heyətinin üzvü, «Dövlət Əlifba komissiyası»nın (1990) rəhbəri F.Cəlilov 1990-da millət vəkili və Milli Məclisdə «Elm, təhsil və mədəniyət komissiyası»nın sədri seçilmişdir. Onun rəhbərliyi ilə bu komissiyada hazırlanmış Təhsil qanunu (1993) kimi mütərəqqi qanunlar, o cümlədən dövlət atributlarından latın qrafikalı əlifbanın bərpası (1991), dövlət himni (1992) parlamentdə qəbul olunmuşdur. Azərbaycanın müstəqillik aktına (1991) imza atanlar sırasında olan F.Cəlilov Azərbaycan respublikasının SSRI tərkibindən çıxmasına səs verən 43 deputatdan biridir.
Türk xalqlarının etnogenezi ilə bağlı Altay nəzəriyyəsinə qarşı Urmiya nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyəyə görə türk etnosu və türk dili Orta Asiyada - Altaylarda yox, Ön Asiyada, o cümlədən Azərbaycanda formalaşmışdır.
9 cildlik ("Doqquz bitik") "Azərbaycan türklərinin islamaqədər tarixi" əsərini yazmışdır. Bu əsərin ilk üç cildi 2014-cü ildə çap olunmuşdur.
Firudin bəyi təbrik edirik!
Nurəddin Xoca
Teref.az