Gözünü “tor örtmüş” korrupsionerlər: Onlar nəyə arxayındır? - "İş tək içra başçısı ilə bitmir"
9-05-2020, 11:53
Son zamanlar Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatlar bəzi icra hakimiyyətlərinin yarıtmaz fəaliyyətini ortaya qoyur.
Dövlət başçısının “Gedin və xalqa xidmət edin” tapşırığını unudan icra başçılarının vətəndaşlara deyil, öz kirli məqsədlərinə xidmət etdiyi üzə çıxır. Maraqlısı da odur ki, hansı icra hakimiyyəti başçısı saxlanılırsa, iş yerindən köməksiz vətəndaşların maaş və ya müavinət kartları çıxır, bu çətin durumda dövlət tərəfindən vətəndaşlara edilən yardımın da mənimsənilməsi faktı aşkarlanır.
Yüzlərlə hektar torpaq sahələrini mənimsəyən, bələdiyyələrlə əlbir olub torpaqları hissə-hissə satan icra başçıları vətəndaşları əkin sahələrindən qazandığı bir tikə çörəkdən də məhrum edirlər. Digər tərəfdən, bir-birinin taleyindən nəticə çıxarmayan icra başçılarının arxayınlığı da diqqətdən kənarda qalmır.
Maraqlıdır, “gözü çıxmış qardaşı”nın aqibətindən dərs almayan icra başçılarının arxayınlığı nədən qaynaqlanır? Nəyə görə bir-birinin ardınca əməliyyatlarda saxlanılan icra başçılarının aqibəti digərləri üçün nümunə deyil? Sanki baş verənləri kənardan izləməklə kifayətlənir, eyni xarakterli əməllər törətmələrinə baxmayaraq, arxayıncasına yenə də rüşvət almaqda, dövlət malını mənimsəməkdə davam edirlər.
Ümid Partiyasının sədri İqbal Ağazadə “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, icra başçılarının bu arxayınlığı aparılan əməliyyatları fərdlərə qarşı mübarizə kimi dəyərləndirmələri ilə bağlıdır:
“Bütün icra başçıları indiyə qədər bu istiqamətdə çalışıb. Ona görə də heç kim hesab etmir ki, növbə ona da çatacaq. İcra başçıları bu əməliyyatları hakimiyyətin apardığı ümumi siyasət fonunda yox, fərdlərə qarşı aparılan mübarizə kimi dəyərləndirirlər. Özü-özlüyündə bu qənaətə gəlirlər ki, axı mən neyləmişəm, bu əməliyyat mənə də qarşı keçirilsin? Ona görə də heç kim bu hadisənin öz başına gələcəyini düşünmür. İdarəetmə uzun illər bu şəkildə davam edib və bütün icra başçıları indiyə kimi maaş kartları ilə belə davranıblar. Başçılar insanlarla bu şəkildə işləyiblər, torpaqları belə satıblar, ərazidə obyektlərə yeri bu şəkildə veriblər, sahibkarlarla və şikayətə gələn vətəndaşlarla bu cür davranıblar. Hesab edirəm ki, bu kimi məsələlərdə ortaya bütünlüklə sistemə yönəlik fərqli bir idarəetmə metodu qoyulmalıdır. Əgər bir rayonda bütün səlahiyyətlər, hətta bələdiyyələr belə icranın nəzarəti altına toplanırsa, bu, vahid əldə cəmləşdirilmiş hakimiyyət yaradır. Bələdiyyənin, yerli idarəetmə orqanlarının-kənd bələdiyyələrinin səlahiyyətləri yoxdur. Bələdiyyəyə icranın tapşırığı ilə nümayəndə seçilir. Bütün icra başçıları istisnasız olaraq belə işləyir. Ola bilər ki, birinin varı az, digərininki çox olsun. Amma hansını "tərpətsən", aqibəti oxşardır”.
Ümid Partiyasının lideri icra başçılarının arxayınlığının səbəblərinə də toxunub:
“Bu arxayınlıq mexanizmi yox, idarəetmə metodudur. Əksər məmurlar bir-biri ilə qudadır. Bütün məmurların hamısı səlahiyyət hədlərini aşaraq bir-birinin adamlarını işə götürüblər. Bu da “Dövlət Qulluğu haqqında”Qanunun prinsiplərinin pozulması deməkdir. Hətta onlar Qanunun qadağan etməsinə baxmayaraq, tabeçiliyində olan işçilərin qohumlarını da işə götürüblər. Hansı içra başçısının övladı, qohumu və ya yaxını vəzifədə olmayıb? Savadlı kadrlar kənarda qalır, icra başçılarının yaxınları işə düzəlir. Bəlkə də həmin savadlı gənclər xaricdə təhsil alıb, imtahanı yüksək balla keçib, amma müsabiqədən keçə bilməyib. Çünki onun danışığı kiminsə xoşuna gəlməyib. Ona görə ki, onu tapşırmayıblar, o, icra başçısının yaxını deyil və s. İndi də həmin tendensiya davam edir. Ona görə, həbs olunan məmurların övladı və yaxınlarının yüksək vəzifələrdə olması təəccüblü deyil. Diqqət edin, tutulan bütün məmurların nə qədər varidatı aşkarlanır. Sual verən yoxdur ki, bunu sən haradan almısan? Həbsdən əvvəl də hər kəs bilir ki, onun nə qədər varidatı var. Bu məmurlar idarəetmədə, xalqa xidmətdə yox, pul toplamaqda yarışıblar. Ona görə də hamısında külli rüşvət faktları aşkarlanır. “Qayınana” filmində deyildiyi kimi, bu, hələ qızın xırda cer-cehizidir. Onların müxtəlif yerlərdə hələ nə qədər əmlakları var”.
İqbal Ağazadə rayonlarda icra başçılarının qanunazidd hərəkətlərinə göz yuman hüquq-mühafizə orqanlarının fəaliyyətinə də toxunub:
“İş tək içra başçısı ilə bitmir. Həmin rayonlarda idarəetmə sisteminə daxil olan bütün orqanların fəaliyyəti təftiş olunmalıdır”.
İ.Ağazadə icra strukturlarının səlahiyyətlərinin azaldılmasını vacib sayıb:
“Bələdiyyələrə geniş statusların verilməsini gözləyirəm. İcra strukturlarının səlahiyyətləri azaldılsın, nəzarət mexanizmi gücləndirilsin. Bunlar olmasa, vəziyyət analoji şəkildə davam edəcək. Sabah gənc kadrlar da eyni vəzifəyə təyin edilsə, bir neçə ildən sonra oxşar yolu tutacaqlar. Bunun olmaması üçün də hökmən ictimai nəzarət mexanizmi təmin olunmalıdır. Problem yalnız bu şəkildə həll oluna bilər. Əgər bələdiyyənin səlahiyyətləri olsaydı, başçıya tabe olmaz və nəticədə icra başçısının rüşvət mexanizmi azalardı. Bələdiyyənin, hətta öz torpağını verməsi üçün icra strukturlarının icazəsi olmalıdır”.