"İsmət Abbasov Eldar Mahmudovla brilyant alveri edirdi" - “Nazirlər hərəsi 1 milyard pulundan keçsin”
30-12-2015, 11:47
“Azərbaycan iqtisadiyyatının ağır duruma düşməsini, bütün məhsulların bahalaşmasını beynəlxalq iqtisadi faktorlarla bağlamaq yanlışdır. Azərbaycanın bu vəziyyətə düşməsi Azərbaycan hökumətindəki mafioz qrupların acgözlüyü, daxili intriqalar və prezidentə qarşı xəyanətlərin nəticəsidir”.
Belə bir iddia ilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev çıxış edib.
O qeyd edib ki, nazirlər ölkəni talayıb viran qoyublar, indi də hər şeyi bir nəfərin üzərinə yükləmək istəyirlər: “Ölkənin iqtisadiyyatına əsas cavabdeh hökumətdir-Nazirlər Kabinetidir. Nazirlər Kabinetinin bir çox üzvləri isə ölkə iqtisadiyyatını məhv ediblər və xalqı prezidentlə üz-üzə qoymaq istəyirlər. Azərbaycan hökuməti qocalar evidir. Əksəriyyəti qocalıb, katibələri qollarından tutmasa yeriyə də bilmirlər. Prezidentin özü də dəfələrlə bəyan edib ki, islahatlar sürətlə aparılmalıdır. Prezident bunun üçün sərəncamlar verib. Lakin prezidentin fərmanları, sərəncamları hökumət üzvləri tərəfindən sabotaj olunur. Prezident 2015-ci ildə kənd təsərrüfatına on milyonlarla manat vəsait ayırdı. Gəlin görək cavabdeh qurumlar və şəxslər kənd təsərrüfatını buna uyğun səviyyədə inkişaf etdirdilərmi? Bu gün ölkədə yumurta 30 qəpikdirsə, kartof xaricdən gətirilirsə, Kənd Təsərrüfatı Nazirliyi niyə cavab vermir? Fermerlər südü satmağa yer tapmırlar. Kənd təsərrüfatı naziri Heydər Əsədov xaricdən poroşok alıb gətirib süd adına millətə sırıyır.
Ölkədə hər şey xaricdən alınır. Bunda müəyyən qrupların maraqları rol oynayır. Bu qrupların bir hissəsi Eldar Mahmudova bağlanır. Eldar Mahmudovla əlaqəli baş nazir müavini var, nazirlər, komitə sədrləri var. Mən hələ iki ay öncə bildirmişdim ki, nə qədər ki, Eldar Mahmudov tutulmayıb, ölkədə çox şeylər baş verəcək. Nardaran hadisələrini süni surətdə yaratdılar. Dənizdəki faciəvi hadisəni də mən terror hesab edirəm. Prezidentin başını qatmaq, islahatların qarşısını almaq üçün mafioz qruplar yüz oyundan çıxırlar. Qocalar evinə çevrilmiş Nazirlər Kabineti təcili istefaya göndərilməlidir. Bir-iki nəfər istisna olmaqla, nazirlərin və komitə sədrlərinin iş başında qalması bu xalqı uçuruma aparır. Bu adamlar xalqı axırda prezidentlə üz-üzə qoyacaqlar. Dar ayaqda bunlar prezidenti, ölkəni qoyub qaçacaqlar. Mən onun və xalqın naminə prezidentə yalvarıram, bu cür adamları vəzifədən uzaqlaşdırsın və cəzalandırsın. Sözümü çatdırmaq üçün Prezident Administrasiyasının qarşısında özümü yandırmağı belə düşünürəm”.
H.Hacıyev baş nazir Artur Rəsi-Zadənin baş nazir kimi işinin öhdəsindən gəlmədiyini də dedi: “Siz Artur Rəsi- Zadənin hansısa kənd təsərrüfatı rayonunda fermerlərlə, kəndlilərlə görüşdüyünü görmüsünüz? Görə bilməzsiniz. Onun müavini İsmət Abbasov Eldar Mahmudovla brilyant alveri edirdi. Bu adamlar artıq işləmək qabiliyyətlərini itiriblər. Bütün işləri prezident görəcəksə, bu Nazirlər Kabineti-qocalar evi nəyə lazımdır?! Ölkə iqtisadiyyatı gəlib pis həddə çatıb, baş naziri gördüm deyən var?! Bu nazirlər gecə-gündüz Azərbaycandan oğurlayıb xarici banklara yığdıqları milyardları fikirləşirlər. Allah qoysa, bu gün-sabah Amerika sanksiyanı qoyacaq onların pulları batacaq orada. Ölkə dar ayaqdadır, bu nazirlər prezidentə, xalqa kömək üçün hərəsi 1 milyard pulunun başından keçib büdcəyə versə, 20-30 milyard pul toplanar. Bu vəsait ölkəni ağır durumdan çıxarar. Hökumət prezidentlə ayaqlaşa bilmir, qocalıb. Abırları-həyaları olsun, özləri istefa versinlər. Onsuz da bu cür çıxışlarıma görə bir gün məni öldürəcəklər. Lakin öldürüləcəyimi bilsəm də ölüncə bu yoldan dönən deyiləm. Prezident İlham Əliyevi bu mafiozların xəyanətindən qorumağa çalışacam”.
H.Hacıyev yeni bir dövlət qurumunun yaradılması və özünün də ora rəhbər təyin olunmasını təklif etdi: “Mən təklif edirəm ki, Kənd Təsərrüfatı və Ərzaq Təchizatı Komitəsi yaradılsın. Bu komitənin sədri baş nazirin birinci müavini olsun. Məni də təyin etsinlər həmin komitəyə sədr. Necə ki, mən Azərbaycanda ən çətin dövrdə balıq sənayemizi inkişaf etdirdim, bir ildə 55 ton qara kürünü dünya bazarına çıxardım, ölkəyə böyük vəsait gəldi, indi də o komitəyə həvalə edilən sahələri qısa müddətdə ayağa qaldıraram. Mən bu nazirlər kimi cibimə işləmərəm. Kənd təsərrüfatını 6-7 ayda inkişaf etdirməsəm, qanımı halal edirəm, məni Azadlıq meydanında assınlar. Asmasalar, gedib özümü Azadlıq meydanında yandırıb öldürərəm”. (musavat.com)