Elman Rüstəmovu vəzifəyə gətirən şəxsdən sensasion açıqlamalar - özəl
31-12-2015, 11:56
Baş bankirimizin başı üstündə qara buludlar niyə sıxlaşır?; Milli Bankın sədri olmuş Cavanşir Abdullayev xələfi haqda danışdı və onu müdafiə etdi; “Elman müəllim güclü mütəxəssisdir, onu işə mən dəvət etdim”; Mərkəzi Bank rəhbəri hakimiyyətdəki klanların hədəfinə ona görə gəlib ki...
Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov haqqında səsləndirdiyi fikirlər ətrafında müzakirə hələ də bitmək bilmir. Q.Həsənquliyevin Milli Məclisin 29 dekabr tarixli iclasında verdiyi sensasion açıqlamalar, Elman Rüstəmovun “AXC-nin uğursuz kadrı olması” fikri elə AXC hökumətinin sabiq rəhbərliyi tərəfindən etirazla qarşılandı. AXC hökumətinin baş naziri Pənah Hüseyn onun sonrakı dövrdə vəzifəyə gətirildiyini bildirdi.
Bəs görəsən, əslində Elman Rüstəmovun Mərkəzi Bankın rəhbərliyinə qədər gəldiyi yol haradan keçib? O, həqiqətən AXC-nin kadrı olub? Daha öncə hansı vəzifələrdə çalışıb?
AXC hakimiyyəti dövründə nazir müavini olmuş deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında həmin dövrdə Elman Rüstəmovun hansısa vəzifədə olduğunu xatırlamadığını bildirib. O deyib: “AXC dövründə Mərkəzi Banka Cavanşir Abdullayev rəhbərlik edirdi. O, çox təmiz bir insan idi, peşəkar bankir kimi tanınırdı.
Daha sonra bu posta Qalib Ağayev gətirildi. Qalib Ağayev dünyasını dəyişəndən sonra Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri təyin olundu. O da bu millətin övladıdır. Normal şəkildə işləyir. Buna təsnifat verməyə ehtiyac yoxdur. Mən onun AXC dövründə hansısa vəzifədə olduğunu xatırlamıram. Lakin hazırkı fəaliyyətinə görə ona peşəkar bir bankir kimi qiymət verirəm. Təbii ki, hər kəsin fəaliyyətində səhvlər də olur, problemlər də olur. Devalvasiyaya görə Elman Rüstəmovu günahlandırmaq düzgün yanaşma deyil. Bu, dünyada baş verən iqtisadi proseslərlə, neftin ucuzlaşması ilə bağlıdır. Devalvasiya təkcə Azərbaycanda deyil. Əksər ölkələrin milli valyutaları dəyərini itirib”.
F.Ağamalı bildirib ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, peşəkar şəxs önə çəkilməlidir: “Elə məsələlər var ki, orada siyasi mənsubiyyət arxa plana keçməlidir. Bu cür peşəkar bir insanın yetişməsi üçün illər tələb olunur. ”Elman Rüstəmov AXC hakimiyyəti dövründə çalışıb deyə bu gün vəzifədən getməlidir" - kimi yanaşmalar doğru deyil. Əgər Elman Rüstəmov 1992-ci ildə Mərkəzi Bank sədrinin müavini olubsa, bu gün də sədridirsə, bu məsələdə onun üstünə getmək lazım deyil".
“Yeni Müsavat”a danışan Azərbaycan Mərkəzi Bankının (AMB) sabiq sədri Cavanşir Abdullayev isə Elman Rüstəmovu Mərkəzi Banka məsləhətçi qismində özünün dəvət etdiyini bildirdi: “Elman Rüstəmov çox böyük iqtisadçıdır, peşəkardır. O vaxt Prezident Aparatında işləyirdi. Mən Mərkəzi Bankın rəhbəri təyin olunanda, mənim tərəfimdən məsləhətçi kimi, makroiqtisadçı kimi dəvət olundu. Burada nəsə siyasi detallar axtarmaq doğru deyil. Çox güclü mütəxəssisdir”.
Hazırkı iqtisadi duruma və manatın devalvasiyası məsələsinə gəlincə, Cavanşir Abdullayev bu haqda heç bir açıqlama vermək istəmədiyini bildirdi: “Bütövlükdə bank iqtisadiyyatın güzgüsüdür. Bank sektorunda nə baş verirsə, deməli, iqtisadiyyatda baş verir. Bu barədə heç nə danışmaq və şərh vermək istəmirəm. Bu gün də makroiqtisadiyyatı onun kimi bilən mütəxəssis çox azdır”.
İqtisadçı ekspert Qubad İbadoğlu isə bildirdi ki, hazırda manatla bağlı baş verənlərin səbəbkarı kimi təkcə Elman Rüstəmovu günahlandırmaq olmaz: “Mən indi baş verənlərin günahını Elman Rüstəmovun səriştəsiz və Mərkəzi Bankın yanlış siyasəti ilə bağlamaq istəməzdim. Çünki Mərkəzi Bank Azərbaycanda araşdırma potensialı yüksək olan, ixtisaslı və müasir bilikli gənc kadrlarla zəngin olan yeganə təşkilatdır. Hesab edirəm, hazırkı durumun əsas səbəbi xəstə iqtisadiyyatdır”.
Redaktorun qeydi: Elman Rüstəmovun hədəfə çıxması əslində təbiidir. Ölkənin pul siyasətinin başında dayanan şəxs haqda bu cür situasiyada tərif söylənməz ki... Amma deyəsən, iqtidardakı bəzi qruplar vəziyyətdən istifadə edib baş bankirin başını istəyirlər. Ona olan hücumların kökündə E.Rüstəmovun regional mənsubiyyəti də rol oynaya bilər. Qarabağdan olan Mərkəzi Bank sədri həm də bu amilə görə sevilməyə bilər. Hakimiyyətdəki güclü klanların onun yerinə öz namizədlərini gətirmək istəkləri haqda indiyədək çox yazılıb. Amma E.Rüstəmov prezident İlham Əliyevin etimad göstərdiyi, birbaşa işlədiyi iri ranqlı məmurdur. Görünür, ölkə başçısının özəl dəstəyi hələlik baş bankirin başının salamat qalmasına kömək edir...
Məlumat üçün qeyd edək ki, Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə bitirib.
1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsi ilə əmək fəaliyyətinə başlayıb.
1978-ci ildən 1980-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud İstehsalat Birliyində İqtisadiyyat İdarəsinin rəisi vəzifəsində, 1980-cı ildən 1990-cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışıb. 1986-cı ildən iqtisad elmləri namizədidir.
1991-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləyib. 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bank İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
1993-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir.
1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Qeyd edək ki, hər 5 ildən bir təkrar vəzifəyə təyin edilməklə hazırda da həmin vəzifəni icra edir.
2007-ci ildə Azərbaycan Şahmat Federasiyasının sədri vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.